PDF Oxu

Mədəniyyət

  • 2 126

Həyat lövhələrini ustalıqla yaratmış böyük sənətkar TƏHLİL

image

Dövlət başçısının Sərəncamı ilə Maqsud İbrahimbəyovun 90 illiyi qeyd olunacaq

Azərbaycan milli-mənəvi dəyərləri ilə bütün Avropa, şərq ölkələrini təəccübləndirdiyi bir zamanda dövlət tərəfindən buna diqqət daha da artırılmaqdadır. Bu dəyərlərin əsasında xalqın tarixi köklərini, tarixini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır. Belə bir tarixi irsin daşıyıcısı olan xalqın qürürla səhifələdiyi vərəqlər zənginləşir, dünyaya töhfələr verən bir abidəsi olduğunu sübut edir. Təbii ki, bu abdiələr fərdlər tərəfindən milli düşüncənin məhsulu olaraq ortaya qoyulur. Belə bir xəzinə hər zaman olduğu kimi bu gün də dövlət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl olaraq imzalanan Sərəncamlarda bu ifadə öz təqdiqini bir daha tapır. Cəmiyyətin inkişafına stimul verən mədəniyyətin, incəsənətin inkişafına dövlətimizin himayəsi son illər həyata keçirilən mədəniyyət siyasətində daha parlaq şəkildə öz əksini tapır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafına, klassik və müasir yaradıcı şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, onların yaradıcılıq irsinin bütün dünyada yetərincə təbliğ olunmasına böyük önəm verir. Dövlət başçımızın mədəniyyətimizin aparıcı sahəsi olan mədəniyyətə - ədəbiyyata, bütövlükdə, söz sənətinə yüksək qayğı və məhəbbəti milli-mənəvi dəyərlərimizə olan diqqətin nümunəsidir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim "Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı milli-mənəvi dəyərlərimizə, mədəniyətimizə dövlət tərəfindən göstərilən diqqətin daha bir ifadəsidir.
Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir. Sərəncama əsasən, belə bir sənətkarın - Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcəkdir.
Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq yazıçısı Maqsud İbrahimbəyov 11 may 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Tərcümeyi-halında qeyd oldunduğu kimi, o, orta məktəbi bitirdikdən sonra 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində ali təhsil almış, 1962–1964-cü illərdə Moskvada Ali ssenari kurslarında, 1971–1973-cü illərdə isə Ali rejissor kurslarında oxumuşdur. Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan Tikinti Nazirliyinin Ağır Sənaye İnşaatı Trestində mühəndis kimi başlayan Maqsud İbrahimbəyov sonralar burada müxtəlif vəzifələrdə çalışmış, 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləmişdir. Sonrakı illərdə o, bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olmuşdur.
Onun ilk kitabı 1961-ci ildə işıq üzü görüb. Yazıçının kitabları dünyanın bir çox ölkəsində dərc edilib. 36 xarici dilə tərcümə olunub. SSRİ-nin və Azərbaycanın Dərgilərində çap olunub. Maqsud İbrahimbəyovun ən məşhur romanları arasında "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək" , "Ondan yaxşı qardaş yox idi", " Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu" və digərlərinin adını çəkmək olar. Onun bir çox əsərləri həm Azərbaycanda, həm də ölkənin hüdularından kənarda müxtəlif kinostudyalarda ekranlaşdırılıb, pyesləri isə 50 teatrda tamaşaya qoyulub.
Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. ."Mezozoy əhvalatı", "Bayquş gəlmişdi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün — ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilmişdir. Əsərlərində ümumbəşəri problemlər kontekstindən çıxış edərək, öz ənənələri ilə güclü olan Şərq insanının həyat tərzini göstərmişdi. O, həmçinin "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi", "Ən vacib müsahibə" və s. filmlərin ssenari müəllifidir.
"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Bayquş gəlmişdi" və "Bütün yaxşılıqlar üçün — ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı verilmişdir.
Yaradıcılığı yüksək qiymətləndirilmiş və bir sıra ədəbi-ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, ABŞ-ın Luiziana ştatının Fəxri Senatoru, ABŞ-nin Minneapolis şəhərinin Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN klubunun prezidenti olmuş və "Şöhrət" (1995) və "İstiqlal" (2005), "Şərəf" (2015) ordenlərinə layiq görülmüşdür.
Maqsud İbrahimbəyov rus dilində yazsa da, hər bir əsəri, bütün yaradıcılığı doğma torpağa, doğma mənbələrə, doğma köklərə böyük məhəbbətlə aşılanıb. Zaman keçdikcə insanlar böyük yazıçı Maqsud İbrahimbəyovun Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərini daha dərindən dərk edir.
Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. Görkəmli yazıçı və parlaq şəxsiyyət Maqsud İbrahimbəyov 20-ci əsr Azərbaycan ədəbiyyatının simvollarından birinə çevrilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər