PDF Oxu

Mədəniyyət

  • 434

AFORİZMLƏR FOTO

image

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı çox qalın bir kitabı çapa hazırlayırlar. Belə qərara gəldik ki, həmin kəlamlardan, sitatlardan, aforizmlərdən bəzilərini çap edək. İnanırıq ki, sözdən yaranan bu incilər sizin də xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.
Çünki bu incilər, hər insana lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl kamilləşməsi üçün əvəzsiz və lazımlı bir məktəbdir.

Redaksiyamızdan

- Azad fikir səhnəyə çıxanda qorxu pərdə arxasına çəkilir.

- Axmaqların dərdini çəkməyin. Onlar Ulu Tanrı tərəfində belə yaradılıblar. Ona görə də onları siz dəyişdirə bilməzsiniz.
- Ağılı insanın ən böyük üstünlüyü, öz səhvini vaxtında bəyan etməsidi.
- Adamları tanımaqda aldanmayın. Bu çox təhlükəlidi. Hər bir adamı daha dəqiq öyrənib, sonra onun haqqında qərar verin.
- Səhnə yalandan qorxur, həqiqət isə səhnədən.

- Söz məsuliyyət daşıyırsa, artıq ədəbiyyatdır.

- Yazıçı zamana yox, zaman yazıçıya tabe olmalıdır.

- İnsan taleyini yazmasa da, onu oynayır.

- Dram həyatın səsi, səhnə isə onun vicdanıdır.

- Susdurulan həqiqət bir gün qışqıraraq qayıdır.

- Sənətkar cəmiyyətin güzgüsüdür, bəzən də yarası.

- Rejissor hadisəni yox, insanı qurmalıdır.

- Ədəbiyyat rahatlıq üçün yox, silkələnmək üçündür.

- Tamaşa bitir, tamaşaçıda suallar qalırsa- deməli, sənət yaşayır.

- Xalqı aldatmaq olar, tarixi yox.

- Müdriklik və igidlik insan üçün tanınmağın, sevilməyin əsas cəhətləri, amilləridir.
- Özünüzü elə aparın ki, sizə və ağlınıza təmasda olduğunuz insanlar həmişə ehtiyac duysunlar.
- İnsanın öz hisslərinin üzərində hakim olmağı bacarması, mənəvi böyüklüyün əsasıdır.

- Elə adamlarla oturub-durun ki, onlardan nə isə yaxşı şey öyrənə və əxz edə biləsiz.

- Bir işi yaxşı başlayan yox, yaxşı qurtaran xoşbəxtdir.

- Ümumxalq tərifi əbədilik və ölməzlikdir. Çalışın ki, buna nail ola biləsiz.
- Hər şeydən boyun qaçırmayın və hər şeyə də güzəştə getməyin.
- Qətiyyətli adamın işin öhdəsindən gələ bilməməsi böyük bəla deyil, nəinki qətiyyətsizin.
- Özünə hörmət eləyən, təhqirdən başlamaz. Bilin ki, çomağın həmişə iki başı olur.
-Yaxşı nümunə seçməyi bacarmaq, həmişə həsədi məhv edir və insanı igidliyə sövq edir.
- Hər kəslə özünə layiq rəftar eləməyi bacarmaq böyüklük, ürəyigenişlik əlamətidi. - İnsanların qəlbini ələ alamğı bacarmaq və onları öz tərəfinə çəkmək, böyük istedaddır.

- Öz daxili gözəlliyinizi həmişə təzələməyi bacarın. İgidliyi, istedadı yeni gözəlliklərlə büruzə verməyə çalışın.
- Hər zaman, hər yerdə özünüzü qabağa verməyin. Bu, həmişə uğur gətirməz.
- O zaman işə başlayın ki, heç nədə şübhə yeri qalmasın.
- Hərtərəfli ( universal) adam, insan ləyaqətinin bütün cəhətlərini özündə birləşdirir.
- Yaxşı adınızı qoruyun. Çünki əsl ləyaqət sahibi düşdüyü vəziyyətdən asılı olub, həmin vəziyyətə tabe olmur.

- Şişirdilmiş qiymətə aldanmayın. Çünki bu yalanın bir növüdür.
- Sülhü sevən çox yaşayar. Çox yaşamaq istəyirsinizsə, başqaları ilə də sülh şəraitində yaşamağa çalışın.
- Hər şeyi eşitməyi və həm də səbrlə susmağı bacarın.
- O kəsdən qorxun ki, başqasının arxasında gizlənib, öz marağı üçün çalışır.
- Özünü tanımaq, öz qüvvənə bələd olmaq, ən universal dərmandır.
- Nadanlığa qarşı ən yaxşı mübarizə ağılla, soyuq düşüncə və məntiqlə mübarizə aparmaqdır.
- Öz yerinizi, işinizi dəyişməkdən qorxmayın. Bilin ki, hər nə olursa yaxşılığa doğru olur.
- Söz və əməl təkmil, bütöv adamlar yaradır. Çünki danışmaq asandır əməl eləmək çətindir.
- Hörmətli adamları yaxşı tanıyın. Amma böyük adamların arxasında gizlənməyin.

- Öz böyüklüyünüzü göstərməsəniz, başqalarına bəh-bəh deməyiniz boş şeydi.
- Yüngül bir işdən yapışanda onu ağır iş kimi bilin. Ağır işdən yapışanda yüngül iş kimi qiymətləndirin.
- Etinasızlıqla oynamayın. Bunu dəqiq bilin və yadınızda saxlayın ki, etinasızlıq yüngüllük və həriflikdir.
- Səmavi kitablarda yazırlar ki, cənnətdə hər şey sevindirici və gözəldir. Cəhənnəmdə isə hər şey əzablıdır. Amma bizim bundan xəbərimiz yoxdur. Çünki o dünyadan hələ qayıdan olmayıb. Bütün bunlara baxmayaraq, çalışın əməli-saleh işlər görün və hər işinizdə ədalətli olun ki, cənnətə düşəsiniz.

- İlk təəssüratınıza inanmayın. Çünki bu, çox vaxt yanlış olur.
- Pis söz deməyə can atmayın. Çünki pis söz deyən pis söz də eşidər.
- Bağışlamağı bacarın. Bağışlamağı bacarmaq yalnız geniş ürəkli insanlara nəsib olur.
- Öz xasiyyətinizdə, öz daxilinizdə nəyin çatışmadığını həmişə öyrənməyə çalışın və həmişə onlarla mübarizə aparın.
- Çox ağıllı olmaqdansa, çox cəsarətli olmaq daha yaxşıdır. Çünki hər şeyin anası cəsarətdir.

- Qiymətdə aldanmaq yox, malda aldanmaq pisdi. Ona görə də aldığınız malı yaxşı-yaxşı yoxlayın və yüz dəfə ölçüb, bir dəfə biçin.
- Nadan tənəsinə dözməyi bacarın. Bilin ki, dözüm əvəzsiz ürək rahatlığıdır.
- İnsan var sözü ilə, insan da var ki, işi ilə tanınır. Bunlar, insan üçün biri-birindən çox vacib keyfiyyətlərdir.
- Bir uğursuzluq, yüz uğuru məhv edir. Ona görə də hər hərəkəti eləyəndə, hər sözü deyəndə yüz dəfə ölçüb-biçin ki, sonra peşiman olmayasız.
- Həmişə ehtiyatda bir şey saxlayın. Bu, qələbə üçün girovdur.
- Bilmədiyinizi başqasından soruşmaqdan çəkinməyin. Bu, sizin nüfuzunuza xələl gətirməz. Əslində nüfuzunuzu artırar.

- Mən uğur qazamağımda düşmənlərimə borcluyam. Çünki onlar mənə pislik etdikcə, məni yaradıcılığa daha çox həvəsləndiriblər.

- Əgər doğulduğun məmləkətdə sənə qiymət vermirlərsə, bu, sənin günahın deyil. Həmin ölkənin məmurlarının faciəsidir ki, idtedadlı insanlarını dəyərləndirə bilmir.

- Dostluqda təmiz olmayanın dostu ola bilməz.

- Əgər düşməninin zərrəcə müsbət cəhətini görə bilirsənsə, onu səbrlə ram edə bilərsən və hətta həmin düşməni dosta da çevirməyi bacararsan.

- Keçmişini bəyənməyən və onun yaxşı cəhətlərini, ənənələrini qoruyub saxlamayan xalq, heç vaxt gələcəyini qura bilməz. Qursa da çox bəsit formada qurar. Çünki kökü olmayan gələcək, yaşamaz.

- Səbr ağacı elə bir uca ağacdır ki, hər bağda bitmir. Ona görə də ailə quran insanlar o ağacı səbrlə, dözümlə, bir-birinə inanmaqla öz bağlarında bitirməlidirlər ki, qurduqları ailə xoşbəxt və uzun ömürlü olsun.

- Milyonçunun qızını alan oğlan, həmişə qapıda qulluqçu kimi dayanacağını əvvəlcədən bilməlidir.

- İnsan o deyil ki, savadlıdır. Əslində insan o ali varlığa deyirlər ki, keçmişilə gələcək arasında özünün yerini müəyyənləşdirə bilsin.

- Gəlmək getmək üçündür. Getmək də gəlmək üçündür. Amma əslində nə gəlməklər var, nə də getməklər. Sadəcə bir şey var. İnsan yaşamaq xatirinə özü-özünü aldadaraq, yaşayır.

- Dövlət, o zaman qüdrətli olur ki, onun hər bir vətəndaşı Milli birlik üçün öz varlığı kimi çalışır və Vətəni öz namusu, əqidəsi, ailəsi kimi qoruyur.

- Vəzifə insanın boynunda başqalarına xidmət etməkçün müqəddəs bir yükdür. O yükü də hər adam apara bilməz. Gərək o yükü daşımağa layiq olasan və bu yüklə hamıya xeyir verməyi bacarmalısan.

- Rüşvət, insanın üstünə düşən və heç vaxt getməyən qara bir ləkədir. Əgər rüşvətxorun bir az da olsa vucdanı varsa, o ləkə onu ömrü boyu təqib edir və bir adam ona diqqətlə baxanda fikirləşir ki, həmin adam onun rüşvətxor olduğunu bilir.

- Ziyalı, məddəahlıqdan uzaq olmalı və hər an hökmdarın yox, millətin, xalqın yanında olmalıdır. Hökmdarı da buna inandırmalıdır. Belə olduqda o, ziyalı ola bilər.

- Təhlil etməyi yaxşı bacarmaq, insan ağlının ilk açarı və işığa açılan ilk qapısıdır.

- Yaxşı, savadlı, tərbiyəli övlad, həm valideynləri və həm də məmləkəti üçün qiyməti olmayan böyük sərvətdir.

- Nəvə, baba və nənənin övladları üçün tikdiyi körpünün daha möhkəm olmasının təməl daşıdır. Bu, həmin körpünü daha uzunömürlü edir. Əgər bunu bütün babalar və nənələr lap cavan yaşlarından bilsələr, nə övladda, nə də nəvədə yanılmazlar.

- Qadın əgər yaxşı yeməklər bişirirsə, həmin qadın kişinin gətirdiyi ən cüzi pulla, evdə böyük zənginlik yarada bilər.

- Həyat elə şirin bir nemətdir ki, insan son dəqiqəsində də, həyatdan haqq dünyasına köçəcəyinə inanmır.

- Gözəl həyat insana həmişə sağlamlıq və ruh yüksəkliyi gətirir. Çalışın həyatda həmişə gözəl yaşayın.

- Əsl demokratiya olan ölkədə beş müqəddəs şey çox vacibdir və hökmən lazımdır:

1. Konstitusiyaya müqəddəs kitabların ayəsi kimi əməl etməklə qanunun aliliyini qorumaq. Buna ölkə başçısı başda olmaqla, hamı mütləq əməl etməlidir.

2. Ölkə başçısı başda olmaqla, bütün güc strukturları yalnız və yalnız xalqa xidmət etməlidir.

3. Rüşvət, tayfabaslıq, qohumbazlıq, yerlibazlıq həmin ölkədə qəti olmamalı və hər bir insan öz bacarığına, savadına görə öz qiymətini almalıdır.

4. Uşaqdan böyüyə kimi hamı Vətənin bir əsgəri olub, onun keşiyində durmalıdır.

5. Ölkəyə gələn gəlir və dövlətin sərvəti, bütün vətəndaşlar arasında eyni bərabərdə bölünməlidir.

- Həyatda o, insan xoşbəxt və zəngindir ki, hamı onu başa düşür və o, hamını başa düşür.

- Valideyn uca bir dağdır. O, səndən uzaqlaşdıqca onun əzəmənitini daha aydın görürsən. O, haqq dünyasına qovuşanda onun qarşısında heç bir günahın olmasa belə yanıb-yaxılırsan.

- Övladlar yalnız valideynləri öləndən sonra tam böyüyür və ölümün nə olduğunu daha yaxşı dərk eləyirlər. Atalarına, analarına elədikləri diqqətsizliyə görə həmişə peşimançılıq keçirirlər.

-Valideynlər uşaqların beyninə yüksək səviyyədə təsir göstərməlidirlər ki, onların beyni zərgər dəqiqliyilə işləsin və həyatda uğurlar qazanmaqda onlara möhkəm qarant olsun.

- Keçmişinin böyük uğurlarını, qalibiyyətini qoruya bilməyən millətin, gələcəyi ola bilməz. Və hətta gələcəyini də möhkəm qura bilməz.

- Hansı ölkədə Millət vəkilləri hökmdara yox, xalqına təmənnasız xidmət edirsə və qəbul etdikləri qərarları reallaşdıra bilirsə, o ölkədə demokratiya var.

- Əsl ziyalı millətin görən gözü, eşidən qulağı və danışan dili olmalıdır. O, hansı yollarla olursa-olsun hökmdarı da xalqa xidmət etməyə inandırmalıdır.

- Millət vəkili anlamı, millətin dövlətə hakim olması deməkdir. Və Millət vəkili həmin dövlətin xalqı üçün bir pak insan kimi həm dövlətə və həm də millətə təmənnasız xidmət etməlidir.

- Milli birliyi güclü, qüdrətli, qüvvətli olan məmləkəti çökdürmək, məğlub, işğal etmək çox çətindir. Ona görə də böyük fəlsəfəsi, uzaqgörənliyi olan millətlər həmişə çalışırlar ki, ölklərində ilk öncə Milli birlik olsun.

- Əsl ziyalı olmaq üçün insana beş şey daha vacibdir. 1. Yaxşı mütaliə. 2. Yüksək təxəyyül. 3. Böyük səbr. 4. İnsanların problemlərini zərgər dəqiqiliyilə görmək. 5. Yüksək natiqlik qabiliyyəti.

- Yaxşı ailəsi və əsl dostları olan insan xoşbəxt ola bilər.

- Dövlət o zaman qüdrətli olur ki, ziyalısını başının tacı hesab eləyir.

- Əsl ziyalısına qiymət verməyi bacarmayam millət, qaranlıqlar içərisində yaşayan məmləkətdir.

- Hansı ölkələrdə ki, nadanlıq çöx yüksəkdir, həmin ölkələrdə müəllimlərin həyatı çox məşəqqətli keçir və həmin ölkələrdə həmişə münaqişələr, müharibələr çox olur.

- Sevgi- iki insanın bir-birini sözsüz başa düşməsinə deyirlər.

- Yer üzündə cənnət varmı? Bəli. Var. Hansı ölkədə ki, birlik, xoş güzəran, bərabərlik, insanların hamısına hökmdar tərəfindən eyni formada münasibət varsa, həmin məmləkətdə cənnət var.

- Əsl dostunun olmağını istəyirsənsə, ilk öncə gərək özün əsl dost olasan.

- Vətən- ana ürəyidir. Vətən- insanın nəfəs aldığı və udduğu hava, içdiyi su, yediyi ən dadlı, ən ləziz nemətdir.

- Bizi ata və ananın şilləsindən, tənəsindən qoruyan varlığa nənə deyirik.

- Evdə televizorun pultunu arvadın əlindən ala blməyən, uşaqları bir an onu təhqir, bihörmət eləyən bir “nüsxə”, feyzbuka girib yazır ki, Ali Baş komandan əmr versə Qarabağı yalın əllərimlə alaram.

- Bacarıqsız hökmdar, həmişə devriləcəyindən qorxub, sərhədləri bağlı saxlayar.

- Əgər hökmdar oğru, rüşvətxor olsa, həmin məmləkət bütövlükdə həbsxana olar.

- Bir məmləkəti məmurlar talayırsa, həmin ölkədə heç vaxt qanunun aliliyindən danışmaq olmaz.

- Əxlaqlı adam, hər əməlində əxlaqlı olar.

- “İngilis barmağı” elə güclüdür ki, yeri gələndə təbiəti də istədiyi tərəfə fırlada bilər. Çünki “İngilis barmağı” olan yerdə Allah da gücsüz olur.

- Dünya yaranışından itirənlər və qazananlar dünyası olduğuna görə, təmiz insanların payına yalnız səbr etmək düşür.

- Məzarı içində daşıyanlar, torpağa tapşırılanda da məzar onlar üçün yalnız son bir dayanacaq yeri olur.

- Böyük sərvət sahibi olan ölkə başçıları, öz sərvətlərini, qazanclarını idarə etdiklərinə görə, ölkəni idarə etməyə onların vaxtı qalmır.

- Millətin millət olması üçün ona üç şey çox vacib lazımdır. Qədim mədəniyyəti. Dilinin dövlət dili olması və çox böyük Vətən sevgisi.

- Dövlət o zaman qüdrətli olur ki, onun hər bir vətəndaşı Milli birlik üçün öz varlığı kimi çalışır və Vətəni öz namusu, əqidəsi, ailəsi kimi qoruyur.

- Arzuları çox və həmişə çin olanlar, Ulu Tanrının ən sevimli bəndələridir.

- Övladlarına düzgün tərbiyə verə bilməyən valideynlər, kölgəsiz ağac kimidirlər. Çünki zaman gələcək onlar övladlarının kölgəsində daldalana bilməyəcəklər.

- Göz xəstəxanasına gedib, orada cərrahiyyə olunmaq istəyən adama xəstəxanada elə qiymət oxudular ki, o, bu məmləkətdə belə haqsızlıqları, iyrənclikləri görməmək üçün elə kor qalmağı daha üstün tutdu.

- Bir məmləkətdə ki, vəzifələr, fəxri adlar, orden-medallar, vicdan, əxlaq, namus pulla alınıb satılırsa və fahişəlik ölkəni başına götürübsə, həmin ölkənin xoş gələcəyi ola bilməz.

- Xoşbəxtlik, böyük məfhumdur. Əgər onu başa düşən həyat yoldaşı, övladları və dostları varsa o insan elə xoşbəxt insandır.

- Qardaş pis olsa, elə də qəm eləməyin. Əsl dost onu əvəz eləyə bilər. Əsas odur ki, özünə əsl dost tapa biləsən.

- Qardaş əsl dost olsa, başqa dosta ehtiyac yoxdur.

- Əgər bir yazıçı, yazar özündən üstün heç kimi görə bilmirsə, elə həmin vaxtı onun yaradıcılığı ölür.

- İki “dəlinin” bir-birini dəlicəsinə sevməsinə və bir-birindən ayrı yaşaya bilməməsinə əsl məhəbbət deyirlər.

- Ölüm, insan həyatının bir parçası deməkdir. Ölümdən qorxanlar, haqq dünyasına qovuşanda, o ikinci parçanı yaşaya bilməzlər.

- Hər bir ifritə, xəbis qadının da qəlbinin dərinliyində zərrəcə də olsa mərhəmət, paklıq var. Onu görmək və o hissləri qabartdıb, ona başa salmaq, göstərmək üçün kişidə bəsirət gözü olmalıdır. Eləcə də iblis xarakterli kişinin içərisindəki zərrəcə də olsa işığı görmək üçün qadında da bəsirət gözü olmalıdır.

- İnsan içində bir qaranlıq daşıyır. Həmin qaranlıqla vuruşur və çox vaxt da ona qələbə çala bilmir. Ona görə də çox arzuları reallaşmır.

- Xalqın sevdiyi adama deputat, hakimiyyətin seçdiyi adama isə haputat ( buyruq qulu) deyilir.

- Demokratiya olmayan ölklərin leksikonundan bu cümlə- “Xalqın seçdiyi deputatalar” cümləsi çıxarılsa daha demokratik olar.

- İnsanlar tez-tez dünyanı “yalan dünya” adlandırıb, ona hər gün şər atmaqla məşğuldurlar. Bəlkə insanlar özləri yalançı olduqlarına görə öz yalanlarını ört-basdır etmək üçün dünyaya “yalan dünya” adını veriblər?

- Canlılar arasında məhz insanlar tək qalmağı çox sevirlər. Bu da yəqin ondan irəli gəlir ki, canlılar arasında düşüncəsi olan yalnız insanlardır. Düşüncəsi olan isə tək olmağı daha çox xoşlayır.

Ağalar İDRİSOĞLU,

yazıçı, dramaturq, rejissor, jurnalist, publisist, esseist

Digər xəbərlər