PDF Oxu

Mədəniyyət

  • 464

SEVMİR SÖYLƏMƏSİN, SEVİR SÖYLƏSİN - ŞEİR

image

Nicat Novruzoğlu,

AYB- nin üzvü, "Ağsu Yazarları"ədəbi birliyinin üzvü

Mən elə bir dünya axtarıram ki,

Gözləri tox olsun adamlarının.

Ürəyi poladdan,daşdan olmasın,

Nifrəti yox olsun adamlarının.

Körpəni körpə tək sevsin analar,

Övlad əydirməsin öz atasını.

Pula aldanmasın ərə gedənlər,

Bir dünya sansınlar gül butasını.

Xalqın naz-neməti aşıb- daşlasın,

Açılsın sabahlar xoruz banıyla.

Qohuma-qardaşa yarıyan ola,

Büs-bütün camaat canı- qanıyla.

Nurani kişilər sözü hikmətli,

Qoca nənələrə şeir söyləsin.

Gənclər dənələsin çobanyastığın,

Sevmir söyləməsin,sevir söyləsin!

Yazsın həqiqəti söz adamları,

Pisin,pisliyinə suvaq hörməsin.

Elə yardım etsin əliaçıqlar,

Sağ əl verdiyini,solu görməsin.

Mən elə bir dünya gəzirəm, ey dost!

Allah kəlməsinə titrəsin ürək.

Dini,peyğəmbəri xor görənlərin,

Cahanı başına dar etsin fələk.

Dostluq dildə deyil,qana qarışsın,

Sözü qorusunlar ,söz dəyərində.

Bitsin düşmənçilik,bitsin ədavət,

Qoy hamı yaşasın öz dəyərində.

Mən elə bir dünya sorağındayam,

Onu hər çəkdiyim quru ah bilir.

Mən elə dünyanın marağındayam,

Bir özüm bilirəm,bir Allah bilir.

Eh.. bunlar onsuz da xəyaldı,xəyal!

Çiyninə şələsin alıbdı hərə.

Kimi qəm daşıyır,kimi təbəssüm,

Yol alıb gedirik üzü məhşərə.

Dörd fəslin dördündə bahar oldun sən

Müqəddəs adınla dəf eləmisən,

çıxsa da əzablar qarşına sənin.

"Bir oyaq gecəni əvəz eləməz",

yüz kərə dolansam başına sənin.

Ömrümə ucalıq, vüqar oldun sən,

dünyamda ən şirin nübar oldun sən.

Dörd fəslin dördündə bahar oldun sən,

qurbanam yazına, qışına sənin.

İnsanlar içində sevməkdə birsən,

ruhumu oxşayan ən xoş ətirsən,

Ana, günü-gündən gözəlləşirsən,

İllər qovuşduqca yaşına sənin.

KİM DUYDU MƏNİM AHIMI

Ömür atı qaçır yelli,

Göz qırpımı çatır əlli.

Bəlliyəm zahirən,bəlli,

İçimi bilən Allahdır

Görən xeyirəm, ya şərəm,

Nə boydadır mənim kürəm!?

Bilmirəm nəyə qadirəm,

Gücümü bilən Allahdır.

Haqla endirildim yerə,

Tapmadım ocağa,pirə.

Nəşəm tez gəlir nəzərə,

Acımı bilən Allahdır.

Külək vurdu çırağımı,

Kim duydu mənim ahımı!?

Qüsurumu, günahımı,

Suçumu bilən Allahdır

Dönüm gözlərinin qarasına mən

Yenə işıqlandı dan yeri,şükür!

Yenə də yuxudan oyatdı anam.

Neçə gecələri qaldı yuxusuz,

Nə gün yaşadı ki,nə yatdı anam!?

Çağırdı süfrəyə,yeməyə gəlin,

Düzmüşdü yenə də Allah verəndən.

Bizi doyurmaqçın dil ağız tökdü,

Özü yemədi ki,o baxdı gendən.

Ana,bir fincan da çay gətir mənə,

Mənə yemək üçün bundan da gətir.

Yox,bu da xoşuma gəlmədi nəsə,

Nə qədər arzum var yerinə yetir.

Anam mələk kimi dolanırdı hey,

Elə dolanırdı fır-fır başıma.

Mən isə yorduqca can-can deyirdi,,

-Amandı nə isə gəlməz xoşuna.

Hələ harasıdır saysan bitərmi,

Saymadım,böyüdüm beləcə mən də.

Mən ona borcluyam,gələcəyimi,

Ömrümü verərəm üzü güləndə.

Neçə müqəddəsi birləşdirəndir,

Yurd ana,dil ana,vətəndir ana.

Ana əməyini itirən insan,

Nə cavab verəcək,bəs Yaradana!?

Bilmirəm bu qədər cövrü- cəfanı,

Yazım şüurumun harasına mən.

Yox-yox yazmaq olmaz,izn ver -ana!

Dönüm gözlərinin qarasına mən.

NƏ XOŞ

Bu yollarda izim qala,

Yol qədrimi bilsə,nə xoş.

Acı dünya şirin-şəkər,

bal qədrimi bilsə, nə xoş

Sözüm dik saxlasa məni,

Ər ömrü haqlasa məni,

Çəmən qucaqlasa məni,

Çöl qədrimi bilsə nə xoş.

Qədrim mənim hunərlidir,

Sayanina bəhərlidir.

Qədrim ləldən dəyərlidir,

Ləl qədrimi bilsə nə xoş

Şölə çəkib ay ulduzdan,

Qəlblərə köçsəm kağızdan,

Xalq mərd desə bir ağızdan,

El qədrimi bilsə nə xoş

Həyatdan başlayır nicat körpüsü

Kimin ki,sağlamdır təslimiyyəti,

bir uçuq komanın bəxtəvəridir.

Balıqlar dəryanın, körpələr yerin,

ulduzlar səmanın bəxtəvəridir.

Əlvan rəngləri var qövsü-quzehin,

qara buludlardır yağışın behi.

Çiçəklər bağçanın, yamaclar şehin,

qayalar dumanın bəxtəvəridir.

Qurumuş budaqdır həyat körpüsü,

həyatdan başlayır nicat körpüsü.

Kimin ki,dərdidir Sirat körpüsü,

o kəslər, imanın bəxtəvəridir.

Yer günəşi,dağlar qarı sevən tək

Qəm-kədəri sevmək olmur,əzizim!

Xoş niyyətli arzuları sevəyin.

Xəyanətdən, cəhalətdən gen gəzək,

Etibarı, düz ilqarı sevəyin.

Fanilikdə əbədiyyət tapağın,

Könüllərə həlim-həlim hopağın.

Öpüb ağın,qarasını torpağın,

Vətən adlı bu diyarı sevəyin.

Əzizlərə ocaq olsun bağrımız,

Bölüşməklə itib gedsin ağrımız.

Nə fərqi var qardaş,bacı, oğul, qız,

Ataları,anaları sevəyin.

Soyuqları əməllərlə isidək,

Sizlayanı, ağlayanı kiridək.

Yer günəşi, dağlar qarı sevən tək,

Bəxtimizə çıxanları sevəyin.

Həsrəti gözəl olsun.

Elçi düşsə bir qız mənə,

İffəti gözəl olsun hə..

Həyası başında tacı,

İsməti gözəl olsun hə..

Əməli şərdən qorxuram,

Bəd olar birdən, qorxuram!

Dili zəhərdən qorxuram,

Söhbəti gözəl olsun hə..

Xoşdur ürəyimi oysa,

Doymaram,o məndən doysa.

Azca intizarda qoysa,

Həsrəti gözəl olsun hə..

Eşqilə daşlasin məni,

Əhdinə tuşlasın məni,

Küssə bağışlasın məni,

Nifrəti gözəl olsun,hə..

Çəkim hər türlü işvəsin,

Qulağımdan asım səsin,

Yaşamım olsun nəfəsi,

Fitrəti gözəl olsun,hə..

Mənə səninəm de ki,yaşamağa başlayım

Gəlişi,gedişi var qəmlə dolu cahanın,

Əhdə dönük çıxana kim deyər ki,min əhsən.

Adam kimi sevməyi bacarmasan sanma ki,

Sən əvəzsiz biri tək daim seviləcəksən.

Mən ayrılıq adında caniyə pay olmuşam,

Günahkarı tapmıram yuvasını daşlayım.

Gülüm ayrı düşəli taqətsiz ruh kimiyəm,

Mənə səninəm de ki,yaşamağa başlayım

Dinləyirəm dilindən süzülən inciləri,

Dodaqından düşdükcə sözlərindən öpürəm.

Toxunmağa qorxuram,xəyal olar varlığın,

Eləcə gözlərimlə gözlərindən öpürəm

Bəxtin qarası var, ağı var gülüm.

Zamanı günahkar sandıq eləcə,

Sevgi-məhəbbətin çağı var gülüm.

Bizim püskümüzə düşənə şükür,

Bəxtin qarası var,ağı var gülüm.

Hər üzü güləni, sanma bəxtəvər,

Naümid olana təsəlli hədər.

Göyün zirvəsinə ucalan qədər,

Kəs var sinəsində dağı var gülüm.

Qərib torpaqların səhrasındayıq,

Fani yaşantının xülyasındayıq.

Yaşayan ölülər dünyasındayıq,

Adamın ölüsü,sağı var gülüm.

Digər xəbərlər