"Hörmətli Şahlar müəllim!
Sizi 85 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat, məşhur “91-lər”dən olan, dünya şöhrətli fizik, professor və ictimai-siyasi xadim, əməkdar elm xadimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri kimi fəaliyyətiniz, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimai Nəzarət şurasının üzvü və digər nümunəvi şəxsi, iş və peşəkarlıq keyfiyyətləri ilə səciyyələnən şərəfli həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir.
Sizin anadan olduğunuz 15 iyun tarixi həm də Azərbaycan Xalqının Milli Qurtuluş Günüdür. Bu tarix də Sizin həyatınızda təsadüfi deyildir. 1992-ci ilin 16 oktyabrında 91 nəfər tanınmış ziyalı (“91-lər”), o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciət edərək, onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səslədilər. Həmin uzaqgörən və müdrik ziyalılardan biri də Siz idiniz. Buna görə də Ümummilli Liderimiz Heydər Əliyev həmişə deyirdi: “Mən “91-lər”in hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm”.
Siz həm də Azərbaycan elminin inkişafında mühüm xidmətləri ilə dünyada tanınan dəyərli alimlərimizdənsiniz. Uzun illər ərzində apardığınız sanballı araşdırmalar, müəllifi olduğunuz ixtiralar və rəhbərliyiniz altında görülən xüsusi əhəmiyyətə malik işlər elmi ictimaiyyət tərəfindən daim maraqla qarşılanmış, ölkəmizdə və onun hüdudlarından kənarda Sizə şöhrət qazandırmışdır.
Siz hələ 1964 – 1967-ci illərdə ADU–nun əyani aspirantı olaraq Leninqrad Sabit Cərəyan İnstitutunda prof. L.A. Senanın rəhbərliyi altında Fiziki elektronika sahəsində tədqiqatlar aparmısınız. Bu istiqamətdə aldığınız elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunduğundan dünyada olan mütəxəssislərə yaxşı məlumdur. Xüsusilə ABŞ–ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitut) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu işlərdən hazırda da geniş istifadə edirlər.
Sizin rəhbərliyiniz altında 20-dən çox elmlər namizədi (fəlsəfə doktoru) və elmlər doktoru yetişmişdir.
Nüfuzlu təhsil təşkilatçısı kimi göstərdiyiniz təqdirəlayiq fəaliyyət zəngin və səmərəli elmi yaradıcılığınızı üzvi surətdə tamamlayır.
Siz 1995-2000-ci illərdə, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2000-2005-ci illərdə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri kimi fəaliyyətiniz dövründə dövlətçiliyimizin, milli dəyərlərimizin qorunmasında müstəsna xidmətləriniz olmuş, ölkəmizin uğurlu daxili və xarici siyasətinin, sosial, elm, təhsil, mədəniyyət sahələrində həyata keçirilən islahatlarda yaxından iştirak etmisiniz. Həmçinin gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına daim öz töhfənizi vermisiniz.
Çoxsaylı elmi nailiyyətləriniz, təhsilin inkişafındakı əvəzsiz xidmətləriniz və əməyiniz həmişə Ümummilli Liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. “Şöhrət” ordeni ilə təltif edilmiş, “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilmisiniz. Siz həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüsünüz.
Uğurlarına ürəkdən sevindiyiniz, qayğılarına hər zaman şərik olduğunuz həmkarlarınızın və yetirmələrinizin, dostlarınızın və yaxınlarınızın Sizə sevgisi isə qazandığınız ən dəyərli sərvətdir.
Əziz Şahlar müəllim!
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram".
Sizə dərin hörmət və ehtiramla,
Qurban Sadıqov
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri