Bu başlıqlı sərgi və tədbir Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Astara rayon Heydər Əliyev Mərkəzində keçirilib.
Astara rayon Pedaqoji Kollecinin müəllim və tələbələrin qatıldığı tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək deyib: - 2026-cı ildə XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simasi, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun anadan olmasının 120 ili tamam olur. Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni, parlaq mərhələ başladan görkəmli sənətkardır. Ən əsası onun çox şaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanır. Şair öz parlaq yaradıcılığı ilə ürəkdən bağlandığı Odlar yurdunu, igidlər diyarını alovlu məhəbbətlə tərənnüm edə bilmişdir. Onun dillər əzbərinə çevrilmiş "Azərbaycan" şeri buna gözəl nümunədir. Şer hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir.
Daha sonra kollecin müəllim və tələbələrin də mövzu ətrafında maraqlı çıxışları olub, ardınca video-çarx nümayiş edilib.
Yekunda tədbir iştirakçıları Mərkəzin “Elektron kitabxanası”nın kitablarından və “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü