PDF Oxu

Mədəniyyət

  • 994

Vətənpərvər mahnılar müəllifi

image

Astaralı bəstəkar Elmar Mədətoğlu (Kərimov) öz parlaq yaradıcılığı ilə artıq yaxşı tanınır və sevilir. Respublikamızın musiqi aləmində onun öz yeri vardır. İstedadlı bəstəkarın yazdığı, əsasən vətənpərvərliyi özündə yaşadan mahnıları müğənnilər tərəfindən tez-tez səslənir.
2 yanvar 1984-cü ildə Astaranın Siyakü kəndində dünyaya göz açan Elmar Şağlazüzə kənd tam orta məktəbini əla qiymətlərlə başa vurur. Ali təhsilini Lənkəran Dövlət Universitetində Pedaqogika və Psixologiya ixtisası üzrə alan Elmar Astaranın Zülfüqar Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəb-liseydə praktik psixoloq vəzifəsində çalışır.
Uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Doğrudur, formal musiqi təhsili olmasa da, öz üzərində çalışmaqla bu sahəyə mükəmməl yiyələnə bilib. İlk mahnını tələbəlik illərində bəstələyib. Bu da rayon müğənnilərin ən çox oxuduğu mahnı olub.

Daha sonra könül dünyasında ilhamla yaranları tanınmış sənətkarlar- Qədir Qızılsəs, Elxan Şirinov, Gülyaz və Gülyanaq Məmmədovalar, Firuzə İbadova, Mətanət İsgəndərli, Yusif Mustafayev, Mənzurə Musayeva, Elşad Qarayev və digər müğənnilər də böyük həvəslə ifa ediblər. Elmar Mədətoğlunun 400-dən artıq bəstəsi mövcuddur, onların 100-dən çoxu vətənpərvərlik mövzusunda bəstələnib. Bəstələri təkcə Azərbaycanda deyil, Türkiyə, Dağıstan, Gürcüstan və İraqın Ərbil şəhərində müxtəlif televiziya və radio proqramlarında səslənib. Onun 20-dən çox bəstəsi Dövlət Radiosunun Qızıl Fondunda qorunur.

Vətən müharibəsi dövründə Elmar Kərimov öz yaradıcılıq ilə Vətənə olan sevgini, qəhrəmanlığı çox dəyərli təbliğ edib. Yaşı səbəbindən ön cəbhəyə çağırılmasa da, o, 44 günlük müharibənin hər gün bir bəstə yazıb . Onun vətənpərvərlik ruhunda bəstələdiyi musiqilər arasında Aprel döyüşləri şəhidi, XTQ giziri, Milli qəhrəman Pəncəli Teymurovun əziz xatirəsinə 10 mahnı və Tovuz döyüşləri şəhidlərinə, xüsusilə də Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr etdiyi 10-a yaxın əsəri mühüm yer tutur.

Bəli, Elmar Mədətoğlu bir bəstəkar kimi Vətəninə, xalqına layiqincə xidmət etməyi özünə müqəddəs borc bilir. Get-gedə yaradıcılığı daha da parlaq olur. Onun musiqilərinin dəyəri bir də ondadır ki, o, vətənpərvərlik mövzulu mahnılardan maddi qazanc güdmür , qazi və şəhidlərlə bağlı mahnılar yazmaqla onların şərəfli həyatına daha bir qürur qatır, özü də bu saf əməlindən mənəvi zövq alır.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər