Türk Dünyasının ortaq dəyəri
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən, artıq TÜRKSOY tərəfindən Türk Dünyasının ortaq dəyəri olan Dədə Qorqud irsinin dünyada tanıdılması məqsədilə müvafiq layihənin həyata keçirilməsinə başlanmışdır. Qeyd olunan layihə çərçivəsində "Dədə Qorqud" təqdimat filminin çəkilməsi nəzərdə tutulub. Bu filmin çəkilməsi TÜRKSOY-la yaxından əməkdaşlıq edən Qazaxıstanda fəaliyyət göstərən "TÜRKSOY-a Dəstək Fondu"nun çəkiliş qrupu həyata keçirir. Çəkiliş qrupu Türkiyədə və Azərbaycanda çəkilişlər aparacaq. Qədim Naxçıvan torpağında Dədə Qorqudla bağlı tarixi abidələrin və yer adlarının mövcud olduğunu nəzərə alaraq, çəkiliş qrupu Naxçıvana da səfər edəcək. Dədə Qorqud Layihəsi çərçivəsində çəkiləcək təqdimat filminin gələn il UNESCO-da keçiriləcək TÜRKSOY həftəsində nümayiş etdirilməsi nəzərdə tutulub.