PDF Oxu

Mədəniyyət

  • 14

“Qız qalası” baletini gənc solistlər ifa edəcəklər

“Qız qalası” baletini gənc solistlər ifa edəcəklər
Azərbaycan Dövlet Akademik Opera və Balet Teatrının rəhbərliyi teatrın səhnəsində gənclərə geniş meydan verilməsi istiqamətində faydalı missiyasını uğurla davam etdirir. İstedadlı gənc muğam ustaları Vüsalə Musayeva və İlkin Əhmədovun "Leyli və Məcnun" operasının tamaşasında parlaq debütündən sonra növbə gənc balet ustalarına gəlib çatmışdır.
Opera və Balet Teatrından aldığımız məlumata istinadən, mayın 23-də teatrda baş tutacaq Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin tamaşasında baş rolları - Gülyanaq və Polad rolunu teatrın balet truppasının gənc solistləri Tamilla Məmmədzadə və Timur Əsgərov ifa edəcəklər.
Qeyd edim ki, truppanın daha təcrübəli solistlərindən olan Tamilla 2001-ci ildən teatrda çalışır. O, bu vaxta kimi F.Əmirovun "Min bir gecə" baletində Mərcanə və Nuridə, Q.Qarayevin "Don Kixot" baletində Dulsineya, "Yeddi gözəl"də Çin gözəli və bir sıra digər aparıcı partiyaları müvəffəqiyyətlə ifa etmişdir. Balet truppasının ötən il Türkiyə Respublikasına baş tutan qastrol səfəri zamanı Tamilla Məmmədzadənin "Min bir gecə" baletinin tamaşasındakı ifası türkiyəli sənətsevərlər və KİV - lər tərəfindən yüksək qiymətləndirilmişdi. Milli balet sənətimizin ilk nümunəsi olan "Qız qalasında" vaxtilə ölməz sənətkarımız Qəmər Almaszadə və onlarla tanınmış balet ustalarının ifa etdiyi Gülyanaq rolunda çıxış etmək həm məsuliyyətli, həm də şərəfli bir işdir. İnanırıq ki, istedadlı balet ustası etimadı doğruldacaq və Gülyanaq rolundakı çıxışı ilə növbəti uğura imza atacaq.
Tərəf-müqabilinə nisbətən Timur Əsgərov daha gəncdir. 19 yaşlı Timur üçüncü mövsümdür ki, teatrda çıxış edir. Bakı xoreoqrafiya məktəbini 2008-ci ildə bitirən T.Əsgərov balet artisti üçün lazım olan kifayət qədər yüksək göstəricilərə malikdir. Polad onun səhnədə ilk böyük rolu olacaqdır. Teatr və truppa rəhbərliyinin istedadına böyük ümidlər bəslədiyi Timurun rolun öhdəsindən müvəffəqiyyətlə gələcəyinə və uğur qazanacağına inanırıq.

Digər xəbərlər