"Azərbaycan İKT-nin yüksək inkişaf dövrünü yaşayır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan İKT-nin yüksək inkişaf dövrünü yaşayır. Dövlət başçısının bu sahəyə xüsusi diqqəti telekommunikasiya sahəsində daha böyük uğurlara imza atmağımıza gətirib çıxarıb". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, telekommunikasiyanın səviyyəsi inkişafın göstəricisidir: "2008-ci ildən ölkənin elektronlaşması istiqamətində başlanmış işlər artıq Azərbaycanı kosmik fəzaya malik ölkələr sırasına daxil edib. Ölkəmizdə 10 il əvvəl sabit telefon şəbəkəsi heç də ürək açan deyildisə və geniş zolaqlı internet insanlar üçün xəyal kimi görünürdüsə, indi artıq bütün ölkədə rabitə xidmətləri elektronlaşdırılıb və ölkə əhalisinin 80%-i internet, 75,5%-i isə geniş zolaqlı internet istifadəçisidirlər. Paytaxtımız Bakıda "Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiya Bakutel-2019" sərgisi keçirilir və bu ənənə halı alıb. Sərgidə İKT üzrə dünyada və ölkəmizdə əldə olunan uğurlar nümayiş olunur. Hər il Bakutelin açılışına cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın qatılması ölkəmizin müasir texnologiyaların inkişafına və tətbiqinə göstərtiyi yüksək diqqətin göstəricisidir.Qısa bir dövrdə Azərbaycan inkişaf etmiş telekommunikasiya xidmətlərindən istifadə edən ölkəsindən dünyaya telekommunikasiya xidmətləri göstərən ölkəyə çevrilib. Bakutel-2019 bütün dünyanın diqqəti mərkəzindədir. Çünki, dünya ölkələri yeni texnologiyalara yiyələnməsinə can atır və elmin son nailiyyətləri məhz Bakıda nümayiş olunur. Bu həm də qürurvericidir. Ona görə ki, ölkəmiz qısa bir zamanda telekommunikasiya, innovasiya və yüksək texnologiyaları sahəsində böyük yolu qət edib. Dünya iqtisadiyyatında 4-cü və 5-ci sənaye inqilabları baş verdiyi zamanda ölkəmizdə yüksək texnologiyalara yiyələnməsi və tətbiqi Azərbaycanın dünyanın inkişafının önündə olduğunu göstərir. Dünyanın gələcəyi yüksək texnologiyaların üzərində qurulacaqdır. Bizim ölkəmiz buna hazırdır".

sia.az