PDF Oxu

Müsahibə

  • 29 226

YAŞAR ƏLİYEV - YÜKSƏK KEYFİYYƏTLƏRƏ MALİK OLAN GÖZƏL ŞƏXSİYYƏT

image

İnsan şəxsiyyət kimi doğulmur, şəxsiyyətə tədricən çevrilir. İradəsi, ağlı və yaradıcı, eləcə də uğurlu və sağlam ictimai təfəkkürü ilə. Bura, həmçinin, gen, tarixi şərait, müəyyən dövr ərzində yaradıcı və qurucu fəaliyyət də daxildir. Bugünkü müsahibəmizlə də hər kəsə öz həyat örnəyi ilə ibrət ola biləcək insan haqqında söhbət açacağıq. Bu şəxsiyyət, ömrünü dövlətçiliyin inkişafına və tərəqqisinə həsr edən tanınmış diplomat, Milli Məclisin keçmiş sədr müavini Yaşar Əliyevdir. Onun haqqında maraqlı və önəmli fikirlərini bizimlə bölüşən müsahibimiz isə Yaşar müəllimi yaxından tanıyan, uzun illərdir ki, onunla sirdaş, dost olan tanınmış mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Şamil Sadıqovdur.

- Şamil müəllim, yaxşı insan anlamı sizdə ilk olaraq hansı assosiasiyaları, fikirləri yaradır, ümumiyyətlə, bu gün söhbət açacağımız Yaşar müəllim barədə bizimlə hansı düşüncələrinizi bölüşə bilərdiniz?

- Bilirsiniz, yaxşı insan haqqında söz söyləmək çətindir. Çünki yaxşı insan barədə fikirləri bölüşərkən, qarşı tərəf özündə bir məsuliyyət hissi yaşamalıdır. Yaşar müəllimi mən 40 ildən artıq bir müddətdir ki, tanıyıram. Onunla tanışlığım uzaq illərə - 1970- ci ilə təsadüf edir. O vaxt Yaşar müəllim bacım Mənzər xanım Hacıyevanın ailəsinə daxil oldu. Mənzər xanımın yeganə qızı Rəna xanımla ailə qurdu. O vaxtdan etibarən Yaşar müəllimlə mənim qohumluq əlaqələrim getdikcə dostluğa çevrildi. Yaşar müəllim Rəna xanım üçün yaxşı həyat yoldaşı, Mənzər xanım üçün də yaxşı kürəkən olub. Ümumiyyətlə, o çox yaxşı insandır, xalqına, dövlətinə sadiq bir şəxsiyyətdir.

- Yaşar Əliyev öz ailəsinə, dostluğa sadiq olduğu kimi, həm də dövlətinə, xalqına sadiq bir vətəndaş kimi formalaşmış şəxsiyyətlərdəndir. Sizcə, onun ictimai-siyasi həyatdakı rolunda da bu kimi faktorlar kifayət qədər əks olunurdumu?

- Xüsusilə vurğulayım ki, Ulu Öndərimiz Heydər Əliyev onun bacarığına, qabiliyyətinə, dostluğuna, insanlığına görə Yaşarın xətrini istəyirdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Yaşarı Milli Məclisin sədr müavinliyinə məsləhət bildi. İki çağırış Yaşar müəllim Milli Məclisə deputat kimi seçildi. Bu müddət ərzində ölkənin ictimai-siyasi həyatında o, əlindən gələni etdi. Yaşar Əliyev İran-Azərbaycan münasibətlərində həm iqtisadi, həm mədəni əlaqələrin yaxşılaşdırılmasında müstəsna xidmət edib. İran-Azərbaycan iqtisadi komissiyasında sədr kimi uğurlu fəaliyyət göstərib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında da Azərbaycanı məhz nümayəndə heyətinin rəhbəri kimi Yaşar Əliyev təmsil edib. Yaşar müəllimin Çin Xalq Respublikasındakı diplomatik fəaliyyətini xüsusi olaraq qeyd etmək istərdim. O, bu ölkəyə səfir təyin edilməsi ilə bir çox mühüm, əhəmiyyətli işlərə imza atdı. Deyim ki, o, səfirlik fəaliyyəti dövründə təkcə Çinlə deyil, həm də Şərq ölkələri ilə Azərbaycanın əməkdaşlığında əlaqələndirici kimi rol oynayırdı. Çünki Çində olan zaman başqa dövlətlərlə danışıqlar aparmaq, məhz Yaşar müəllimə tapşırılırdı. Bu da ondan irəli gəlirdi ki, Yaşar müəllim öz üzərinə düşən missiyanı qabaqcadan bilirdi. Məhz bu mənada da, Yaşar müəllimin apardığı danışıqlar nəticəsində Azərbaycan diplomatiyasının uğurlarında yeni nailiyyətlər, perespektivlər öz əksini tapıb.

Söhbətimin əvvəlində qeyd etdiyim kimi, mən onu bir şəxsiyyət kimi qiymətləndirirəm. İnsanda insana qarşı olan məhəbbət onun fərdi keyfiyyətlərindən asılıdır. Belə fərdi keyfiyyətləri əldə etmək üçün isə geniş zəkaya, düşüncəyə malik olmaq lazımdır ki, bütün bunlar Yaşar müəllimin həyatında öz əksini tapıb. Həmçinin, daha bir maraqlı məqamı da nəzərinizə çatdırmaq istərdim. Bildiyiniz kimi, Yaşar müəllimin ömür-gün yoldaşı Rəna xanım tibb elmləri doktoru, tibb universitetinin kafedra müdiridir. Onlar bu gözəl ailədə iki gözəl övlad böyüdüb boya-başa çatdırmışlar və onların da hər birində valideyinlərinə oxşar bir çox əhəmiyyətli xüsusiyyətlər cəmləşib. Onun ailə səadətinin davamlılığında bacım Mənzər xanımın böyük rolu olub. Elə o vaxtdan da Yaşar ailəyə kürəkən kimi daxil olsa da, həm də bu ailədə özünü övlad kimi təsdiq etdi. Eyni zamanda, Mənzər xanım da ona ana münasibəti göstərdi. Yaşar müəllimin bütün varı-dövləti onun səmimiyyətidir və iki gözəl övladıdır. Bu gün Yaşar müəllim həm də babadır. Ümumiyyətlə isə, bu kimi özəlliklər bütövlükdə ailənin və təbii ki, ailə başçısının xoşbəxtliyidir. Övladlarına verdiyi tərbiyə, qayğı və məhəbbət hazırda da özünü göstərməkdədir. Təbii ki, onun övladları da gördükləri qayğıya qayğı ilə cavab verirlər. Siz baxın, mən Yaşar müəllimin qızı Səbinənin atasına olan məhəbbətinə heyranam. Səbinənin atasına olan məhəbbəti dilnən deyiləsi deyil. Bütün bunlara baxmayaraq, Yaşar müəllim ailədə övladlarına qarşı çox tələbkar olub. Baş verən bir məqamı xatırlamaq kifayətdir. Belə ki, Yaşar müəllimin oğlu Rüfət tibb universitetində oxuya-oxuya sanitar işləyirdi. Baxmayaraq ki, atası və nənəsi vəzifəli insanlar idi. Nənəsi Mənzər xanım respublika yüngül sənaye nazirinin müavini işləyirdi. Ancaq Yaşar müəllim övladı Rüfətə deyirdi ki, yaxşı həkim olmaq üçün sanitarlıqdan başlamaq lazımdır. O, hər işə zəhmətlə nail olmağa daha çox üstünlük verir. Çünki Yaşar müəllim gənc yaşlarında özünə qarşı tələbkar olub. Belə ki, Yaşar Əliyev Əzizbəyov rayon komsomol komitəsinə rəhbərlik edib, respublikanın ən böyük səhiyyə ocağı olan Semaşko (indiki Musa Nağıyev - red.) adına xəstəxanada uzun müddət baş həkim işləyib. O, xəstəxananın baş həkimi işləyərkən, insanlara eyni səviyyədə qayğı ilə yanaşırdı. Bu da Yaşar müəllimin böyüklüyündən, sadəliyindən, insanı keyfiyyətlərindən irəli gəlir. Hansı vəzifələrdə işləməsindən asılı olmayaraq, o, hər zaman böyüklə böyük kimi, kiçiklə kiçik kimi davranıb. Dostluqda çox səmimi və sədaqətlidir. Onu da deyim ki, bu kimi müstəsna keyfiyyətlər hər insana nəsib olmur. Gərək dostluğu, dostunu dəyərləndirəsən, pis günü, yaxşı günü bir-birindən ayırmağı bacarasan. Bunların hamısı Yaşarın şəxsi keyfiyyətlərində cəmləşib. Ona görə də, biz hamımız onun xətrini çox istəyirik. Vaxtı ilə yorulmadan, usanmadan insanların sağlamlığı dayağında dayanan əzizim Yaşara ancaq can sağlığı arzu edirəm.

- Şamil müəllim, Yaşar Əliyevlə bağlı hər hansı bir maraqlı hadisə haqqında nə danışa bilərsiniz? Yəqin ki, onun diplomatik fəaliyyəti dövründə göstərdiyi prinsipiallıq məqamları da olub...

- Bəli, olub. Belə ki, Ulu Öndərin hakimiyyəti dövründə Yaşar İranda olarkən bu ölkənin rəhbərliyi onu qəbul etməli idi. Lakin məlum olmayan səbəblərdən bu qəbul uzanır. Ancaq Yaşar müəllimin prinsipiallığı, qətiyyətliyi nəticəsində İranın rəhbərliyi ilə görüşə nail olur və Azərbaycan-İran əlaqələrinin genişləndirilməsinə dair məsələləri müzakirə ediblər. Ümumiyyətlə, Yaşar müəllim hər zaman öz işinə məsuliyyətlə yanaşıb, ona tapşırılmış məsələləri layiqincə, yüksək səviyyədə həll edirdi.

- Bildiyimiz qədər Yaşar müəllimin Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində də müstəsna xidmətləri olub...

- Tamamilə razıyam. Yaşarın YAP-ın yaradılmasında böyük xidməti olub. O dövrdə hələ Ulu Öndər Heydər Əliyev Naxçıvanda olarkən, partiyanın yaradılması məsələləri müzakirə edilərkən Yaşar dəfələrlə Naxçıvana gedib, Ulu Öndərdən göstərişlər alıb və Onun verdiyi təlimatlarını Bakıda icra edib. Yaşarın Yeni Azərbaycan Partiyasına məhəbbəti onun xalqına, dövlətinə sevgisindən irəli gəlirdi.

- Dediklərinizdən belə qənaətə gəlmək olar ki, Yaşar müəllimdə bütün müsbət keyfiyyətlərlə yanaşı, həm də bir liderlik funksiyası olduqca mükəmməl formalaşıb. Bunu necə izah edə bilərdiniz?

- Təbii ki, Yaşar müəllimdə liderlik funksiyasının formalaşması ona dövlət səviyyəsində etimadlardan da görünür. Məsələn, bir faktı da qeyd edim ki, o, tibb universitetinin stomatologiya fakultəsini bitirdikdən sonra Zaqulbada böyük bir stomatoloji komissiyaya rəhbərlik etdi. Lakin onun liderlik keyfiyyətləri sonrakı diplomatik fəaliyyətində də özünü təsdiqlədi. Çox cavan yaşlarından siyasətə qoşulan Yaşar Əliyevi ciddi siyasətçi, təcrübəli parlamentari hesab edirəm. O, hələ gənc yaşlarından həkim kimi səhiyyə sistemimizin inkişaf etdirilməsi üçün çalışıb. Həyatının müəyyən mərhələsindən sonra o, yeni bir fəaliyyət istiqamətinə keçib. Uzun illər Azərbaycanı bir çox beynəlxalq tədbirlərdə təmsil edib. Uzun illər Azərbaycanın Çin Xalq Respublikasındakı səlahiyyətli və fövqəladə səfiri kimi fəaliyyət göstərib. Həmçinin, özünün təcrübəsi, dünyagörüşü, işə ciddi münasibəti ilə həmin ölkədəki digər diplomatlardan seçilməyi, fərqlənməyi bacarıb. Səfir işlədiyi müddətdə Çində dəfələrlə Azərbaycan günləri keçirildi. Xüsusi olaraq Çində Olimpiya Oyunları keçirilən il böyük bir mədəniyyət tədbiri - Çində Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Yaşar müəllim Şərq ölkələri ilə, o cümlədən Koreya, Monqolustan, İndoneziya, Malayziya, Hindistan, Yaponiya və digər ölkələrlə əlaqələrin qurulmasında da müstəsna rol oynayıb. Bütün əlaqələrin qurulmasında böyük savad, qabiliyyət, intellekt, keyfiyyət faktoru dururdu. O, Azərbaycana gələndə görüşlərimiz olurdu və görüş zamanı Azərbaycana Şərq ölkələrin münasibətini soruşarkən çox yüksək əhval-ruhiyyə ilə gördüyü işlərdən danışardı. Hətta bir dəfə söylədi ki, Şamil, artıq yüz ölkəni gəzmişəm. Bütün bunlar Yaşar müəllimin dünyagörüşündə, yüksək etikasında, kübarlığında, alicənablığında və ən nəhayət dövlətçiliyə məhəbbətində, eləcə də, ailəsinə münasibətində əhəmiyyətli izlər buraxıb. Yaşar müəllim, nəinki öz ətrafının, deyərdim ki, Azərbaycanın fəxridir. Mən ona can sağlığı və uzun ömür arzulayıram. Arzu edirəm ki, Yaşar müəllim bundan sonra da öz ölkəsinin inkişafında, tərəqqisində uğurlu fəaliyyətini davam etdirsin.

RƏFİQƏ KAMALQIZI

P.S.Qeyd edək ki, müsahibəni hazırlayarkən, Yaşar Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verildi. Biz də bu münasibətlə, "Səs" qəzetinin rəhbərliyi və kollektivi adından Yaşar müəllimi təbrik edir, ona gələcək həyatında yeni-yeni uğurlar və can sağlığı arzulayırıq.

Digər xəbərlər