Rusiya Beynəlxalq İşlər Şurasının Proqram Meneceri Milan Lazoviç "Moskva-Baku" portalana verdiyi müsahibədə Ermənistan-Avropa İttifaqı əlaqələrinin yeni dalğası ilə bağlı şərh verib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Milan Svetislavoviç, Ermənistanın Baş naziri Nikol Paşinyan bir neç gün əvvəl Almaniyada rəsmi səfərdə olub. Bu yaxınlarda Ermənistan Respublikası və Avropa İttifaqı Brüsseldə Aİ ilə Ermənistan arasında Tərəfdaşlıq üzrə Strateji Gündəliyi qəbul etdilər. Kaya Kallas Aİ-nin qarşıdan gələn parlament seçkiləri qabağı mövqeyini gücləndirmək üçün Ermənistana əlavə 15 milyon avro ayırdığını açıqladı. O, həmçinin Yerevandan Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini tələb etdi. Bunların hamısı eyni zəncirdədirmi?
- Bu, çox güman ki, Nikol Paşinyanın Qərb ölkələrindən siyasətinə sabit dəstək almaq səylərinin davamıdır. Eyni zamanda, bunun qarşılıqlı maraq olduğunu demək olar. Paşinyan Qərbin dəstəyinin onun üçün vacib olduğunu nümayiş etdirir. Aİ Cənubi Qafqazdakı bütün prosesləri izləmək və onlardan xəbərdar olmaq istəyir. Brüssel Ermənistan-Azərbaycan yolu ilə bağlı bütün məsələlərin, o cümlədən dəhlizlərin, logistikanın və sair məsələlərin nəzərə alınmadığı bir vəziyyətdə olmaq istəməzdi. Buna görə də, Paşinyan hökuməti üçün Qərbin Ermənistana marağı münbit zəmindir. Birincisi, budur.
İkincisi, Qərb dünyanın istənilən yerində, o cümlədən Cənubi Qafqazda bir növ Rusiya əleyhinə ocaq yaratmaqda çox maraqlıdır. Ermənistan Respublikası Aİ-yə inteqrasiya prosesinin başladığını elan etdiyindən bəri Brüssel mütəmadi olaraq Yerevanın peyk addımları atmasını gözləyir. "Avropaya inteqrasiya etmək istəyirsinizsə, şərtlərimizi yerinə yetirmək və Rusiyaya qarşı sanksiyalar tətbiq etmək siyasətimizi izləmək üçün kifayət qədər addım atın". Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olduğundan, Brüssel respublika ilə Rusiya əleyhinə işləməyə xüsusi diqqət yetirir və Yerevana "sivil icma"ya qoşulmaq istəsə, Rusiyaya qarşı sanksiyalara qoşulmalı olduğunu xatırladır.
Bəli, Paşinyan seçkilərdən əvvəl Qərbin dəstəyini qazanır; Avropaya bütün bu səfərlər həm də seçki kampaniyasının bir hissəsidir. İnanıram ki, Almaniya da, xüsusən də kansler Merzin Rusiya ilə bağlı əsəbi açıqlamalarını nəzərə alsaq, Ermənistana əlindən gələn köməyi göstərmək üçün müdaxilə edəcək. Və xatırlatmaq istəyirəm ki, Ermənistanda fəaliyyət göstərən Aİ "monitorinq missiyası"nın əksəriyyətini Almaniya nümayəndələri təşkil edir ki, Moskva və Bakı bunu, yumşaq desək, tamamilə etibarlı hesab etmir. Və ona həmçinin Almaniyanın nümayəndəsi rəhbərlik edir.
Təbii ki, Fransa Cənubi Qafqazdakı müxtəlif siyasi manipulyasiyaların ən fəal iştirakçılarından biridir.
Avropa İttifaqı rəsmilərindən vaxtaşırı eşidirik ki, Ermənistana ayrılan maliyyə, digər şeylərlə yanaşı, Paşinyana informasiya dəstəyi və Ermənistanın informasiya məkanına Rusiyanın təsirini məhdudlaşdırmaq üçün istifadə olunur. Başqa sözlə, burada da Aİ-nin Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyə aşılamaq cəhdlərini görürük.
Bu gün Ermənistan Cənubi Qafqazda Avropa bürokratiyasının maraq mərkəzidir. Müqayisə üçün, Gürcüstan Aİ-nin maraqları üçün bir vasitə olmaqdan çıxıb və daha praqmatik mövqe tutub ki, bu da ağlabatandır. Lakin Ermənistanda bir qədər əks prosesə şahid oluruq. O, yavaş-yavaş Qərbə doğru sürüşür. Bu, xüsusilə hazırkı hökumətə və onun siyasətinə aiddir, çünki Ermənistan bütövlükdə hazırda olduqca bölünmüş və birliksizdir, burada hökumətin siyasətinə tamamilə zidd mövqedə olan müxalifət qüvvələri fəaliyyət göstərir.
Mənim fikrimcə, Ermənistanın bir dövlət kimi maraqları baxımından hazırkı hökumətin Qərbə münasibətdə mövqeyini düzgün və ya effektiv adlandırmaq olmaz, nə də ölkənin çiçəklənən gələcəyinə yönəlmiş deyil. Axı Rusiya regionda ayrılmaz oyunçudur. Ermənistan iqtisadi cəhətdən onunla sıx bağlıdır. Üstəlik, xatırlatmaq istəyirəm ki, məhz Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar Bakı ilə Yerevan arasında sonrakı sülh müqaviləsinin proloqu, təməli rolunu oynayıb.
- Seçkilərin nəticələri müəyyən olunana qədər Paşinyanın Qərbin tələbi ilə Rusiya əleyhinə kəskin addımlar atmayacağı nəzərdə tutulurmu? Məsələn, Aİ-nin tələbi ilə sanksiyalar tətbiq etməyəcəyi...
- Qətiyyən yox. Sanksiyalar tətbiq olunmayacaq. Həmçinin qəti bəyanatlar da minimuma endiriləcək, çünki hazırda bu, Ermənistan üçün fundamental olaraq əlverişsizdir. Paşinyan hazırda seçkilərdən sonra hakimiyyətinin davam etdirilməsi ilə bağlı qeyri-müəyyən vəziyyətdədir. Buna görə də o, ehtiyatla hərəkət edəcək. Üstəlik, yenə də Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü kimi mühüm iqtisadi amil var. Paşinyanın Rusiya ilə körpüləri yandırmaq və Qərb həmkarlarının qucağına girmək üçün heç bir səbəbi yoxdur.
Əgər Paşinyanın yeganə arzuları hazırda qarşıdan gələn parlament seçkilərində qalib gəlməyə yönəlibsə, sizcə, onun şansları nə qədərdir?
Düşünürəm ki, bu, təxminən 50-50-dir. Əlbəttə ki, bütün bunlar çox şərti xarakter daşıyır. Seçkilərə hələ xeyli vaxt var. Hazırkı baş nazirin çoxlu rəqibləri var və kilsə qalmaqalının necə bitəcəyi bəlli deyil. Əslində, Paşinyan indi hər şeyə əl atır.
Aİ də Zəngəzur dəhlizi boyunca daha aktivləşib və artıq onlar da iştirak etmək istədiklərini iddia edirlər...
Bəli, onlar regiondakı prosesləri idarə etmək üçün Cənubi Qafqazda mövqe qazanmaq istəyirlər. Digər məsələ isə Donald Trampın rəhbərliyi altında ABŞ-ın avropalıların orada olmasını nə dərəcədə istəməsidir. Vaşinqtonun avropalıların bu məsələdə hər hansı əsas rol oynamasını istəməsi ehtimalı azdır. Əminəm ki, amerikalılar bunu yaxından izləyəcəklər.
Təbii ki, Rusiya da Avropanın iştirakında o qədər də maraqlı deyil. Ehtimal ki, İran və Azərbaycan da müəyyən dərəcədə maraqlı deyil. Bunu bu gün Brüsseldə qəbul edilmiş Avropa İttifaqı ilə Ermənistan arasında Tərəfdaşlıq üzrə Strateji Gündəliyə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin olduqca sərt şərhi sübut edir. Azərbaycan XİN-in şərhində qeyd olunur ki, sənəddə Qarabağla bağlı tamamilə qəbuledilməz istinadlar, Ermənistanın Azərbaycana qarşı hüquqi iddialarını əks etdirən bəndlər və Aİ missiyasının Ermənistan ərazisində davam edən fəaliyyəti var. Başqa sözlə, bir sıra bəndlər 8 avqustda Vaşinqtonda paraflanmış Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni ilə ziddiyyət təşkil edir. Buna görə də rəsmi Bakı Yerevanın sülh niyyətlərinin səmimiliyini şübhə altına alır. Həqiqətən də, bu bəndlər Bakı üçün narahatlıq yaratmaya bilməz və Yerevanın Aİ-yə yanaşmasında şəffaflığın olmamasını göstərir.
Tərcümə - Elçin Bayramlı