"Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir"- Prezident İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyevin ən böyük uğurlarından biri ölkəmizin iqtisadi müstəqilliyini təmin etməsi və güclü iqtisadi-maliyyə imkanlarına malik bir dövlət formalaşdırmasıdır. Məhz bu iqtisadi və maliyyə gücü ölkəmizin dünyada mövqelərini möhkəmləndirmiş, ölkə iqtisadiyyatının inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına imkan vermişdir.
Dayanıqlı sosial-iqtisadi inkişaf necə təmin olundu?
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələr davamlı inkişaf edib.
İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial-iqtisadi layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Beş fundamental nəticə- qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir.
Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir.
Ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmışdır.
Ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur. İqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxmış, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olmuşdur.
Həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişmiş, qeyri-neft sektorunun payı xeyli yüksəlmişdir. Aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl sektorun payı əhəmiyyətli böyümüşdür. İqtisadiyyatda kiçik və orta biznesin dominantlığı xeyli yüksəlmişdir.
Ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı və infrastruktur təminatı inkişaf etdirilmişdir.
Qeyri-neft/qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mühüm rol oynamışdır.
Dövlət büdcəsi həm sosial rifahın dəstəklənməsində, həm də iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv olmuşdur.
İqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırmışdır.
Ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir. Ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilmiş, aztəminatlı ailələrin təminatı daha da gücləndirilmişdir.
Keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yaxşılaşmışdır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılmışdır. Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılmışdır.
Elmi tədqiqat potensialı müasirləşdirilmiş, tətbiqyönlü tədqiqatların aparılması genişləndirilmiş, müasir texnologiyaların tətbiqi imkanları yaranmış və bu prosesdə əqli mülkiyyətin rolu artırılmışdır.
Keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq davamlı yaxşılaşmışdır. Ölkədə təmiz ekoloji mühit dəstəklənmiş, mövcud təbii resurslardan dayanıqlı və səmərəli istifadə ilə yanaşı, bərpa olunan enerji mənbələrinin dövriyyəyə cəlbi imkanları genişlənmişdir.
Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər fonunda koronavirus pandemiyasının təhdidləri uğurla aradan qaldırılmışdır.
Göründüyü kimi, vaxtında aparılmış uğurlu iqtisadi islahatlar ölkəmizin davamlı inkişafını və sosial-iqtisadi təhlükəsizliyini təmin etmişdir.

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər
Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Məhz bu məqsədlə “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” (bu haqda yazımızla buradan tanış ola bilərsiniz - https://sesqazeti.az/news/main/1304403.html) təsdiq edilmişdir.
Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı 5 Milli Prioritet reallaşdırılmalıdır:
-dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
-dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
-rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
-işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
-təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Növbəti strateji dövrdə “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə çevrilmək üçün mövcud sosial-iqtisadi modelin məzmunu və strukturu əhəmiyyətli dərəcədə yenilənəcəkdir.
Bu əsasda qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcəkdir. Bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcəkdir.
Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə (2022‒2026-cı illər) sosial-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlər işə salınacaqdır. 2027‒2030-cu illəri əhatə edəcək ikinci mərhələdə isə bu təməl şərtlərin komplementarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaqdır.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”
Prezident İlham Əliyev tərəfindən 22 iyul 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” (bu haqda bu yazımızda oxuya bilərsiniz- https://sia.az/az/news/media/971375.html) uğurla icra olunur və bu, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaratmışdır. Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş 5 Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənmiş, şaxələnməsi dərinləşmiş, iqtisadi artım davamlı və inklüziv xarakter almış, əhalinin rifah səviyyəsi yüksəlmiş və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşmışdır. Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasını tapşırmışdır.
Ümumiyyətlə, Milli Prioritetlərin əhatə etdiyi 8 ilin keçən 4 ilində əldə olunmuş nəticələrin qarşıdakı 4 ildə isə nəzərdə tutulan hədəflərin reallaşağına zəmin yaratması haqda heç bir şübhə yoxdur. Bundan sonrakı dövr yeni texnologiyaların tətbiqi, elmtutumlu sahələrin inkişafı, yaşıl iqtisadiyyatın formalaşdırılması və davamlı iqtisadi inkişaf modelinin tam formalaşdırılması dövrü kimi xarakterizə olunur.
İndiyəqədərki sosial-iqtisadi islahatların ölkəmizə nələr qazandırdığı və qarşıya qoyulan hədəflərin yaxın gələcəkdə nələr qazandıracağı haqda faktları yazımızın sonrakı hissəsində oxuyacaqsınız.
ardı var
Elçin Bayramlı