Azərbaycan Diplomatik Akademiyasının ilk magistratura proqramı məzunlarının buraxılış mərasimi keçirilib
May ayının 20-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə ilk Magistratura Proqramının (MADİA) məzunlarının təntənəli buraxılış mərasimi keçirilib. İçəri Şəhərin "Kiçik Karvansaray" mərkəzində baş tutan tədbirə dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Milli.Az xəbər portalının məlumatına görə, ilk olaraq, tədbirdə Xarici İşlər Nazirinin müavini və ADA-nın Rektoru Hafiz Paşayev, Akademiyanın professor-müəllim heyəti səhnəyə dəvət olunublar. MADİA proqramında təhsil alan Azərbaycan, Çexiya, Keniya, Rusiya, Pakistan və Meksikadan olan tələbələr hərbi orkestrın müşayəti ilə öz dövlət bayraqlarını səhnəyə çıxartdılar. Daha sonra Azərbaycanın Milli Himni səsləndirilib. Xarici İşlər Nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının Rektoru Hafiz Paşayev qeyd edib ki, bu gün diplomatiya və beynalxalq münasibətlər sahəsində professional və vətənpərvər kadırların yetişdirlməsi, Azərbaycanda insan kapitalının inkişafında irəliyə daha bir uğurlu addım atıldı: " Mən ADA-nın və onun Azərbaycan üçün əhəmiyyətini anlayan hökumətinin daxilində və xaricidə olan bütün həmkarlarıma təşəkkürümü bildirmək istəyirəm. Lakin bizim işimizə əsas dəstək Prezident İlham Əliyevdən gəlir. Bu gün şahid olduğumuz təhsil konsepsiyası onun məsləhət və dəstəyi olmadan baş tuta bilməzdi. Yaxın keçmişə nəzər salsaq, demək olar ki, ADA-nın inkişafı bütün ölkənin ümumi inkişafının, Azərbaycanın regional liderə transformasiyasının simvolik göstəricisidir".
Cənab Paşayev ADA-nın uğurlu tədris modelinin xaricdə də tanındığını, 61 xarici ölkədən akademiyada təhsil almaq üçün ərizələrin daxil olduğunu qeyd edib. Mərasimdə Diplomatik Akademiyanın birinci kurs tələbələrinin məzun yoldaşlarına həsr etdikləri sənədli film nümayiş etdirilib. Daha sonra, Xarici İşlər Naziri Elmar Məmmədyarov öz çıxışında bildirib ki, ADA onunla bağlı ümidləri tam doğruldur, yeni nəsl professional diplomatların yetişdirilməsində ciddi tövhə verir. Tədbirin sonunda Azərbaycan Diplomatik Akademiyasının ilk magistr tələbələrinə Rektor Hafiz Paşayev tərəfindən diplomlar təqdim olunub.