"Ölkə rəhbərliyi söz və fikir azadlıqlarının tam təmin olunması üçün "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırdır"
Hazırda Azərbaycanda müzakirə olunan "Diffamasiya haqqında" qanunun qəbulu respublikada söz və fikir azadlıqlarının tam təmin olunmasına imkan verəcək. SİA-nınaldığı məlumata görə, bu barədə trend.az-in xüsusi müxbirinə Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, bu qanun layihəsi artıq Azərbaycanın Mətbuat Şurası tərəfindən ATƏT-lə birgə hazırlanıb. Mayın 1-də Bakıda "Qanunvericiliyə dəyişikliklər etmək yolu ilə diffamasiyanın dekriminalizasiyası" mövzusunda konfrans keçirilib. Tədbiri ATƏT-in Bakı ofisi Azərbaycan Mətbuat Şurası ilə birgə təşkil edib. "Bundan əlavə, deyim ki, dövlət səviyyəsində belə qanunun qəbul edilməsinə dair qərar mövcuddur. Bundan əlavə, respublikada üç il ərzində peşə fəaliyyətinə görə jurnalistlərin həbsinə moratorium qüvvədədir", - Ə.Həsənov bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Mətbuat Şurasının idarə heyəti ilə görüşərkən bildirib ki, ölkə rəhbərliyi respublikada söz və fikir azadlıqlarının tam təmin olunması üçün bu qanunu qəbul etməyə hazırdır. "Doğrudur, bununla yanaşı, Prezident qanunun qəbulunun jurnalistika sahəsində qarışıqlığa səbəb olmaması ilə bağlı şərt qoyub. Bunun üçün jurnalistlər respublika əhalisi qarşısında öz peşəkarlıq səviyyələrini, öz məsuliyyətlərini artırmalıdırlar. Təsadüfi deyil ki, ATƏT-in Bakı ofisinin rəhbəri Mətbuat Şurasının jurnalistlərin etik davranışının daha dəqiq çevrəsinin müəyyən edilməsi məqsədilə "Jurnalistlərin etik davranış kodeksi"nə yenidən baxılması barədə qərarını alqışlayıb", - PA rəsmisi bildirib. Ə.Həsənov onu da qeyd edib ki, hələlik söhbət "reket" jurnalistikasına qarşı sərt tədbirlərin hazırlanmasından getmir. "Fikrimcə, əvvəlcə digər dövlətlərin hüquqi aktlarının modellərini əsas götürməklə "Diffamasiyalar haqqında" qanunun qəbul edilməsi, sonra isə müdafiə tədbirlərinin işlənməsi vacibdir", - o deyib. Prezident Administrasiyasının şöbə müdiri Azərbaycanda müstəqilliyin bərpasının 20 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə də münasibət bildirib. Ə.Həsənov qeyd edib ki, əsas tədbir Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən təntənəli iclas olacaq. Onun sözlərinə görə, təntənəli iclas zamanı Azərbaycanın sosial-iqtisadi inkişafının 20 illiyi barədə məruzə oxunacaq. Eləcə də tədbirdə respublikanın ən yaxşı yaradıcı kollektivlərinin iştirakı ilə böyük konsert keçiriləcək. "Bundan əlavə respublika səviyyəsində və yerli hakimiyyət strukturlarında bu tarixə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək. Xüsusilə kitablar nəşr olunacaq, Azərbaycanın iqtisadi və mədəni inkişafına böyük töhfə vermiş, ən müxtəlif təbəqələrin nümayəndələri respublika sakinləri qarşısında çıxış edəcəklər", - PA rəsmisi qeyd edib. "Hazırda bayram proqramı hazırlanır və cəsarətlə deyə bilərəm ki, bu zəngin və maraqlı proqram Azərbaycanın unikallığı və özünəməxsusluğunun daha bir təsdiqi olacaq. Tarix baxımından 20 il elə də böyük dövr deyil, lakin bu qısa zaman kəsiyində Azərbaycan çox böyük uğurlar qazanıb, regionda ən sürətlə inkişaf edən ölkəyə çevrilib", - Ə.Həsənov deyib