Məişət zorakılığının qarşısının alınmasında polisin rolu böyükdür
Dünən "Hyatt Regency" otelinin Bakı zalında "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi prosesində hüquq-mühafizə orqanlarının rolu adlı seminar keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müxtəlif qurumlarını təmsil edən 31 əməkdaşı iştirak etmişdir.
Seminarı giriş sözü ilə açan Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbul olunmasının əhəmiyyətindən danışaraq bunun cəmiyyətimiz üçün çox mühüm bir qanun olduğunu bildirdi. Millət vəkili "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun hüquq sistemi üçün yeni olduğunu diqqətə çatdırdı. Ə.Hüseynlinin sözlərinə görə, qanunun qəbulunda məqsəd məişət zorakılığına qarşı cəmiyyətdə dözümsüzlüyün formalaşdırılmasıdır. O, gələcəkdə qanuna əlavə və dəyişikliklərin ediləcəyini, bəzi beynəlxalq terminlərin qanuna daxil ediləcəyini bildirib. Ə.Hüseynli bu qəbildən olan seminarların Daxili İşlər Nazirliyinin idarələrində təşkil olunacağını da söylədi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qanunun qəbulunu cəmiyyətin uğuru kimi dəyərləndirib və qeyd edib ki, ailədaxili zorakılığın qarşısının alınması üçün sənədin əhəmiyyəti əvəzedilməzdir. Qanunun işləmə mexanizminin hazırlandığını deyən S.Qəhrəmanova onun yaxın gələcəkdə qəbul ediləcəyini bildirib.
Tədbirdə çıxış edən DİN-in Polis Akademiyasının müəllimi Vüqar Mansurov polisin qanunun qəbulundan öncə də məişət zorakılığı ilə mübarizə apardığını, problemlə mübarizədə belə bir qanunun olmamasının onların işinə müəyyən çətinliklər yaratdığını deyib. O, məişət zorakılığının yalnız gender problemi ilə əlaqələndirilməsini düzgün hesab etməyib və bildirib ki, problemlə mübarizə yalnız polisin deyil, bütün cəmiyyətin vəzifəsidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, AHK İdarə heyətinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Ceyhun Qaracayev, məişət zorakılığına qarşı beynəlxalq standartlar və Azərbaycan Respublikasının hüquq sistemi, "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı yaranan problemlər adlı məruzələrlə çıxış etmişdir. "Məişət zorakılığına qarşı beynəlxalq standartlar və Azərbaycan hüquq sistemi" mövsuzunda çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev bu sahədə qəbul edilən beynəlxalq sənədlər, problemlə mübarizədə beynəlxalq təcrübə barədə seminar iştirakçılarını məlumatlandırdı.
Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun baş müşaviri Fərid Babayev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Taliyə xanım İbrahimova da açılış nitqləri ilə çıxış etmişlər.
Çıxışlardan sonra məişət zorakılığı, onunla mübarizənin aparılması, qanunun əhəmiyyəti və digər məsələlər ətrafında geniş müzakirələr aparıldı.