PDF Oxu

Əsas

  • 17

Həştərxanda Azərbaycan və Rusiya müəssisələrinin məhsullarından ibarət sərgi açılıb

Həştərxanda Azərbaycan və Rusiya müəssisələrinin məhsullarından ibarət sərgi açılıb
"Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" forumu çərçivəsində  Həştərxanda hər iki ölkənin özəl və dövlət şirkətlərinin  məhsullarından ibarət  sərgi açılmışdır. Sərgidə Azərbaycanın və Rusiya regionlarının sənaye, energetika,  maşınqayırma, turizm, innovasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkət və müəssisələrinin 200-dək stendi və onlarca pavilyonu təqdim olunmuşdur.
Azərbaycan sərgidə kənd təsərrüfatı və ərzaq sənayesi sahələrini əhatə edən 9 şirkətin məhsulları ilə təmsil olunmuşdur. Üstəlik,  sərgiyə tamaşa edənlər müxtəlif stend və videotəqdimatlar vasitəsilə Azərbaycan iqtisadiyyatının  nailiyyətləri, sosial, sənaye, aqrar-sənaye, turizm, kənd təsərrüfatı, habelə infrastruktur sahələrində  həyata keçirilmiş layihələrlə  tanış ola bilərlər. Sərgidə Rusiyanın regionları, o cümlədən Çeçenistan və  Dağıstan respublikaları, Həştərxan, Volqoqrad, Saratov vilayətləri və s.  inşaat, turizm, kənd təsərrüfatı sahələri ilə bağlı layihələrini və nailiyyətlərini nümayiş etdirirlər. Rusiya Prezidentinin xarici ölkələrlə mədəni və regionlararası əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov sərginin açılışında çıxış edərək  demişdir: "Bu irimiqyaslı sərgi Rusiya-Azərbaycan əməkdaşlığının müasir potensialını əks etdirir. Çoxşaxəli, hərtərəfli əməkdaşlığımız isə strateji tərəfdaşlıq xarakteri daşıyır, konkret nəticələrlə  və xalqlarımızın rifahının yaxşılaşmasına yönəldilmiş birgə fəaliyyətlə təzahür olunur".  Rusiyanın regionları ilə Azərbaycan arasında əlaqələrin son vaxtlar genişləndiyindən söz açan Vinokurov  vurğulamışdır ki, bu sərgi  Azərbaycan və Rusiya arasında səmərəli dialoqa, regionlararası əməkdaşlığa yeni təkan verəcəkdir.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov  çıxışında demişdir: "Bu səviyyədə tədbirlərin keçirilməsi Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin siyasi iradəsi sayəsində mümkün olmuşdur". O bildirmişdir ki, hər iki dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində, siyasi, eləcə də iqtisadi sahələrdə əməkdaşlığın miqyasının  genişlənməsində maraqlıdır.  Ə.Həsənov bildirmişdir: "Bu forum ikitərəfli əlaqələrin inkişafına, heç şübhəsiz, layiqli töhfə verəcəkdir".
Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayan Ə.Həsənov  demişdir ki, son vaxtlar yüksək keyfiyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin açılması həmin inkişafın nəticəsi olmuşdur. Ə.Həsənov  son 7 ildə Azərbaycan iqtisadiyyatının inkişafının yüksək səviyyədə olduğunu təsdiq edən statistika məlumatlarını sərgi iştirakçılarına açıqlamışdır.  Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri çıxışını yekunlaşdıraraq demişdir: "2004-cü ildən regionların sosial-iqtisadi inkişafına 16 milyard dollar vəsait yatırılmışdır. Respublikanın, demək olar, bütün regionlarında müxtəlif sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarını emal edən zavod və fabriklər yaradılmışdır. Ümidvarıq ki, Azərbaycanda istehsal edilən məhsullar Rusiya istehlakçılarını maraqlandıracaqdır. İkinci Rusiya-Azərbaycan forumu  regionlararası əlaqələrin yeni istiqamətlərinin inkişafı üçün yaxşı imkandır. Forum çərçivəsində işgüzar danışıqlar qarşılıqlı münasibətlərimizə şübhəsiz ki, yeni təkan verəcəkdir".  Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Rusiya-Azərbaycan forumunun əhəmiyyətini belə səciyyələndirmişdir: "Həştərxanda forumun keçirilməsi həm Rusiya və Azərbaycan dövlətlərinin əlaqələrinin,  həm də Həştərxan vilayəti və Azərbaycan münasibətlərinin inkişafı üçün əhəmiyyətlidir". Onun sözlərinə görə, Həştərxan vilayəti və Azərbaycan arasında yaranmış sıx əlaqələr  hazırda 49-dək  layihənin həyata keçirilməsində əksini tapmışdır.

Digər xəbərlər