Ölkəmizdə demokratik prinsiplər ən yüksək səviyyədə təmin olunub
Azərbaycanda demokratiyanın təzahürlərindən olan söz və mətbuat azadlığı ən yüksək səviyyədə təsbit olunub. Ölkəmizdə mövcud olan hüquqi-demokratik sistem, istənilən şəxsin öz iradəsinin sərbəst şəkildə ifadə etməsinə imkan yaradır. Eyni zamanda, əsası güclü və sarsılmaz prinsiplərə söykənən sivil dəyərlər ölkəmizin nüfuz və imkanlarının genişlənməsinə də əhəmiyyətli dərəcədə təsir göstərib. Bu gün Azərbaycan özünün mövcud iqtisadi-siyasi inkişaf göstəricilərinə görə dünyada aparıcı mövqeyə malikdir. Bununla yanaşı, dövlətimizin tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində əldə olunan uğurlar sırasında söz və mətbuat azadlığının, insan hüquqlarının ən yüksək səviyyədə qorunması prinsiplərini də misal göstərmək mümkündür. Bu gün bütün dünyaya tolerantlıq nümunəsi kimi böyük örnək olan Azərbaycanda inkişafın bütün sahələr üzrə təmin olunduğu şübhəsizdir. Ölkəmizin günü-gündən qüdrətlənməsi, artıq iqtisadi imkanlarımız, güclənən hərbi potensialımız müəyyən qüvvələrin narahatçılığına da səbəb olub. Ona görə dövlətimizin gücünü və qüdrətini görmək istəməyən qüvvələrin ənənəvi formada ikrahçılıq mövqeyindən çıxış etməsi də, öz növbəsində, cəmiyyətin bütün təbəqələrinin sərt reaksiyası ilə qarşılanır. Azərbaycanın inkişafını gözü götürməyən və ancaq öz maraqları naminə müəyyən vasitələrdən istifadə edərək, ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən bəzi xarici qurumlar bu dəfə də ənənələrinə sadiq qalıblar. Amma birmənalı şəkildə bu cür yanaşmaya qarşı cəmiyyətin mövqeyi konkretdir. Çünki bu ölkədə yaşayan və istədiyi işlə məşğul olan hər kəs bilir ki, Azərbaycan bütün dünyaya örnək ola biləcək sağlam mühitə, insanların təhlükəsiz yaşadığı bir məkana, söz və mətbuat azadlığının ən yüksək səviyyədə təmin olunmasına nail olub. Məhz bəzi qərəzli təşkilatların ölkəmizlə bağlı çıxarmış olduğu riyakar qərarlar və vermiş olduqları reallıqdan uzaq bəyanatlar cəmiyyətimizin haqlı narazılığına səbəb olub. Ona görə də, bu gün Azərbaycan cəmiyyətinin ayrı-ayrı üzvləri bu cür yanaşmaların kökündən yanlış olunduğunu, onların vermiş olduqları qərəzli hesabatların ikrah hissi ilə qarşılandığını birmənalı şəkildə vurğulayırlar. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da mətbuata açıqlamasında Azərbaycan kimi medianın təsis olunması, media fəaliyyətinin davam etdirilməsi üçün heç bir yasaqlayıcı mexanizmin olmadığı bir ölkədə media azadlıqlarının pozulması fikrinin, sadəcə, fiksiyadan ibarət olduğunu söyləyib. Bildirib ki, hazırda Azərbaycanda jurnalist fəaliyyətinə görə həbsdə olan jurnalist yoxdu. "Belələri keçmiş zamanlarda olub və bunların əksəriyyəti əfv edilib. Azərbaycanda bu gün azad düşüncə, azad fikir, azad yazı praktikası mövcuddur. Bu gün istənilən jurnalist istənilən məmuru tənqid edə bilər, istənilən dövlət qurumunun fəaliyyətini araşdıra bilər. Belə olan halda, Azərbaycanda jurnalistikanın və yaxud mətbuatın azad olmadığı barədə səslənən fikirlər subyektivdir və reallığı əks etdirmir" deyən Ə.Həsənov beynəlxalq təşkilatların Azərbaycanda mətbuat azadlığı ilə bağlı hesabatlarının çoxunun qərəzli olduğunu da vurğulayıb.
Ə.Həsənov onu da əlavə edib ki, bütün bunlar Azərbaycan dövlətinə və onun siyasətinə təzyiq etmək və təsir göstərmək məqsədi daşıyır. Şöbə müdiri onu da qeyd edib ki, "Freedom House" və digər təşkilatlar hansısa fonddan maliyyələşərək, fəaliyyət göstərirlər, hansısa məqsədlərə xidmət edirlər, amma onların məqsədləri heç də, sözün həqiqi mənasında, dünyada söz azadlığını təsnif etmək, yaxşı-pis xarakteristikasını aşıb, onun əsasında nümunə yaratmaq deyil. Onlar bu və ya digər məqsədləri və sifarişləri həyata keçirirlər, onları maliyyələşdirən qurumlar qarşısında məsuliyyət daşıyırlar deyən Ə.Həsənov Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı üçün hər cür şərait olduğunu birmənalı şəkildə vurğulayıb. "Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı, informasiya fəaliyyəti ilə məşğul olmaq - bunların hamısı Azərbaycanın konstitusion normalarıdır. Bu institutların fəaliyyəti üçün Azərbaycanda hər cür şərait yaradılıb və Azərbaycanın demokratik dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsidir" deyə Ə.Həsənov əlavə edib. Bildirib ki, biz bir neçə gün bundan əvvəl, ATƏT-in mətbuat üzrə komissarı ilə birlikdə Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini müzakirə etmişik və gəldiyimiz ümumi qənaət odur ki, bu sahədə vəziyyət qənaətbəxşdir və hakimiyyətin atdığı addımlar da vəziyyətin yaxşılaşmasına xidmət edir. Ə.Həsənov bir məqama da, diqqət çəkib ki, Azərbaycanda mövcud qanunvericiliyə əsasən, insan və vətəndaş hüquqlarının həyata keçirilməsi realdır və buna əməl edilir.