PDF Oxu

Əsas

  • 21

Avropa Parlamentinin qətnaməsi Azərbaycan reallığına uyğun deyil

Avropa Parlamentinin qətnaməsi Azərbaycan reallığına uyğun deyil
Məlum olduğu kimi, may ayının 12-də Avropa Parlamentinin Strasburqda növbəti sessiyasının plenar iclası keçirilmişdir. İclas zamanı diqqətçəkən məqam isə Azərbaycanla bağlı müzakirələrin aparılması olub. Müzakirələrdə əsasən Azərbaycanda demokratiya, insan hüquqları, mətbuat azadlığı, eləcə də, Azərbaycanla Avropa Birliyi, Avropa Parlamenti, Avropa Şurası və digər Avropa institutları arasındakı münasibətlər kimi məsələlər qaldırılıb.
Müzakirələrin yekununda Azərbaycanla bağlı qəbul olunan qətnamədə yer alan məqamlar isə Azərbaycanın AB ilə qonşuluq siyasəti, "Şərq tərəfdaşlığı" proqramlarında fəal iştirak etdiyi, "Euronest" təşkilatının təsisçi ölkələrindən biri olduğu və AB-nin bu təşəbbüslərinin təməlini təşkil edən demokratiya, insan hüquqları və qanunun aliliyi kimi fundamental dəyərləri qəbul etməsi haqda öhdəliklər götürdüyü qeyd olunub. Sənəddə ötən il Azərbaycanda keçirilən seçkilərə də toxunulub. Ölkədə demokratiyanın inkişaf etdirilməsi üçün bu seçkilərin hələ də tam şəkildə ürəkaçan olmadığı bildirilsə də, seçkilərin sakit bir şəraitdə keçirilməsi və bütün siyasi partiyaların prosesdə iştirakı müsbət qiymətləndirilib. Eyni zamanda, müzakirələrdə Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması Avropa Parlamentinin deputatları tərəfindən müsbət qiymətləndirilib.
Azərbaycanda söz azadlığının mövcud durumu ilə bağlı məsələnin müzakirəsinə gəldikdə, bu məsələ ətrafında çıxış edən Avropa Parlamentinin üzvləri Azərbaycanda siyasi azadlıqlar sahəsində irəliləyişlərin olduğunu bildirsələr də, Azərbaycanda söz və mətbuat azadlığının ürəkaçan olmadığını qeyd edib və Azərbaycan hökumətini bu istiqamətdə müsbət addımlar atmağa çağırıblar.
Göründüyü kimi, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsində müəyyən qərəzli mövqe özünü göstərməkdədir. Ölkəmizdəki reallıqların düzgün şəkildə əks olunmaması bunu deməyə əsas verir. Heç təsadüfi deyil ki, Azərbaycan tərəfi də bununla bağlı öz reaksiyasını bildirib və belə bir halın yolverilməz olduğunu bəyan edib. Belə ki, Prezident Adminstrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropa Parlamentinin qətnaməsi ilə bağlı verdiyi bəyanatda bunun əsassız olduğunu demişdir. "Heç bir ciddi əsas olmadan Avropa Parlamentində Azərbaycan üzrə təcili müzakirələrin təşkili və əlaqədar qətnamənin qəbulu dərin təəssüf hissi doğurur. Demokratiya və insan haqlarına hörmət olunması sahəsində bu gün mükəmməl dövlət yoxdur və müxtəlif ölkələrdə, eləcə də, Avropa ölkələrində ayrı-ayrı konkret problemlərin vaxtaşırı meydana çıxması halları tez-tez müşahidə olunur".
Şöbə müdiri bu mənada hər hansı əsaslı araşdırma aparmadan və Azərbaycanın rəsmi qurumlarının mümkün mövqeyini öyrənmədən çox məhdud miqyaslı və məhdud sayda insanın cəlb olunduğu formatda bəzi hadisələrlə bağlı təcili müzakirələr prosedurundan Azərbaycana qarşı sui-istifadə olunmasının ölkəmizin nüfuzuna xələl yetirməyə yönəldiyini vurğulayıb: "Digər tərəfdən belə bir yanaşma hazırda Avropa Birliyi ilə qurduğumuz unikal münasibətlərlə heç bir şəkildə uzlaşmır və mövcud qarşılıqlı etimada zərbə vurur. "Şərq Tərəfdaşlığı"nın fəal iştirakçısı, Avropa Parlamenti və "Şərq Tərəfdaşlığı" ölkələri parlamentlərini bir araya gətirən "Avronest" Parlament Assambleyasının təsisçiləri sırasında olan Azərbaycana münasibətdə atılmış bu addıma müəyyən məntiqi izah tapa bilmir və bəzi siyasi qüvvələrin arxasında dayandığı bu təşəbbüsü ikili standartların bariz nümunəsi kimi qəbul edirik".
N.Məmmədovun fikrincə, dünyanın müxtəlif bölgələrində gündəlik insan tələfatı ilə nəticələnən insan haqlarının kütləvi pozulması hallarına, eyni zamanda, Azərbaycan ərazilərinin işğal olunmasına və bir çox hüquqlarından məhrum edilmiş yüz minlərlə məcburi köçkünlərin taleyinə laqeydlik göstərən həmin siyasi qüvvələrin əsil məqsədi Azərbaycanın Avropaya inteqrasiya yolunda həyata keçirdiyi davamlı fəaliyyətlərə kölgə salmaq, arada olan qarşılıqlı etimad və inamı azaltmaqdır: "Avropa Parlamenti prezidentinin ölkəmizə ilk səfəri ərəfəsində sözügedən qətnamənin qəbulu mövcud əməkdaşlıq mühitini mürəkkəbləşdirmək və diqqəti yanlış istiqamətdə yayındırmaq məqsədi güdür. Ümid edirik ki, Avropa Parlamentindəki mütərəqqi qüvvələr Azərbaycanla tərəfdaşlığa sadiqlik nümayiş etdirəcək və gələcəkdə belə xoşagəlməz halların təkrarlanmasına imkan verməyəcək. Lakin bu cür addımlar xarici siyasətimizlə bağlı bəzi məsələlərə toxunmağı vacib edir. Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən, çiçəklənən, həm də xarici siyasətdə böyük nailiyyətlər qazanan dövlətlərindən biridir. Bu inkişaf təkcə paytaxtda yox, həmçinin, Azərbaycanın rayonlarında da gedir, çox vaxtlar isə kəndləri də əhatə edir. Bu uğurlar, nailiyyətlər prezidentlə xalqın birliyi fonunda baş verir. Beləliklə, Azərbaycan müstəqillik dövründə Qərblə ən uğurlu əməkdaşlıq edən, möhtəşəm layihələr həyata keçirən yeganə dövlət olduğunu təsdiq edib. Biz bu formada əməkdaşlıq edərək - həm dövlətçiliyimizi qorumaq, həm də demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu həyata keçirmək istəyirik. Lap bu yaxınlarda diplomatik korpusun Avropa nümayəndələri ilə söhbət zamanı, Avropanın Azərbaycana nə üçün bir neçə çox mühüm tale yüklü məsələlərlə bağlı açıq-aşkar, qərəzli, ədalətsiz mövqe tutmasına dair suallarıma - "907-ci düzəliş", Dağlıq Qarabağ, Bakı-Tbilisi-Qars, sərhədlərin açılması və s. - ağlabatan cavab tapa bilmədilər. O zaman elan etdim - əgər mənə haqlı olduğunuzu sübut edə bilsəniz, inandıra bilsəniz, onda yüzlərlə kiçik məsələləri bir tərəfə qoyacağam, onlar haqqında heç nə deməyəcəyəm. Təəssüf ki, cavab əvəzinə, qəribə baxışlardan və sükutdan başqa bir şey görmədim. Bu gün dünyada belə bir mövqe formalaşıb ki, Qərb siyasi və iqtisadi cəhətdən beynəlxalq aləmdə yeganə və rəqibsiz qüvvə olduğunu gördüyü üçün hesab edir ki, beynəlxalq hüququ necə istəsə, elə də tətbiq edə bilər. Diplomatik korpusun nümayəndələri təəssüflər olsun ki, bizimlə danışıqlarda bir cür mövqe bildirir, amma bizdə olan məlumatlara görə öz ölkələrinə fərqli informasiyalar göndərirlər. Əgər Qərb və Avropa doğrudan da ədalətli, xoşməramlı olduğunu sübut etmək istəyirsə, onda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret, özlərinin yaratdıqları beynəlxalq hüquqa uyğun mövqe nümayiş etdirməlidir".
N. Məmmədov bildirib ki, insan hüquqları və demokratiya Azərbaycan dövlətçiliyinin təməl prinsipləridir və belə də olacaq: "Lakin bu gün bunları siyasiləşdirərək başqa maraqlara bağlamaq faydasızdır və dünyada əks-təsirə səbəb olacaq. Azərbaycanda siyasi partiyaların, medianın, QHT-lərin, internetin və s. fəaliyyətinə heç bir məhdudiyyət olmayıb və yoxdur. Lakin həmin dairələr insan hüquqları və demokratiya məsələlərində bu qədər ədalətlidirlərsə, qoy onda 1 milyon qaçqın və köçkünün taleyi ilə bağlı heç olmasa bir dəfə bir qətnamə qəbul etsinlər. 20 ildən artıq davam edən prosesə müşahidəçi qalmaq nə deməkdir? Düşünürəm, ikitərəfli əməkdaşlığın prinsipləri aydın olmalı, müəyyənləşməlidir. Bu zaman əməkdaşlıq qarşılıqlı faydalı və uğurlu olar".

Digər xəbərlər