Qax
Respublikamızın bütün bölgələrində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı geniş tədbirlər davam etməkdədir. Dünən YAP Qax rayon təşkilatı və Qax rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə geniş tədbir keçirilib. Tədbirdə partiya üzvləri, rayonun idarə və müəssisə işçiləri, məktəblilər, rayon ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzdülər. Rayon mədəniyyət evində davam edən tədbirdə YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov "Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusudur" mövzusunda çıxış edərək bildirdi ki, Azərbaycan xalqı Ulu Öndərimiz Heydər Əliyev ideyalarına sadiqdir: "Əziz və tarixi günü qeyd etmək üçün respublikamızın bütün regionlarında keçirilən tədbirdə qoca, cavan, uşaq - hamı Ulu Öndərin 88-ci ildönümünü qeyd edir. Bu xalqın öz liderinə sonsuz hörmət və dərin məhəbbətindən irəli gəlir. Bu gün respublikamızın hər yerində Ulu Öndərimizin heykəlləri qoyulub. Amma o abidələrin ən əzəmətlisi hər bir azərbaycanlının qəlbində ucaldılıb. Azərbaycanlı olması ilə fəxr edən, bu fəxarət duyğusunun ən böyük nemət olduğunu hər birimizə öyrədən də Ümummilli Lider Heydər Əliyev oldu: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam".
N.Əhmədov Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində Azərbaycanın gələcəyi üçün çalışdığını bildirdi: "Xalqının xilaskarı olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi olması üçün tarixi missiyanı ləyaqətlə yerinə yetirdi".
Tədbirdə Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev toplantıda çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 88-ci ildönümünün rayonda qeyd olunması ilə bağlı indiyədək həyata keçirilən tədbirlər haqda məlumat verdi. Bildirdi ki, bu tədbirlər, nəinki rayonda fəaliyyət göstərən bütün idarə, təşkilat və müəssisələrdə, həmçinin, hər bir ailədə qeyd olunur: "Çünki Ulu Öndər Heydər Əliyev bizlərə güclü, demokratik və beynəlxalq aləmdə tanınan müstəqil Azərbaycan bəxş edib. Qax rayon ictimaiyyəti Ulu Öndərin xatirəsini daim uca tutur, Onun yaratdığı partiyaya inanır və göstərdiyi yolla gedirlər. Təsadüfi deyil ki, YAP-ın rayon təşkilatına qəbul olunmaq üçün ərizə verən vətəndaşların sayı getdikcə artır".
Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən qısametrajlı film nümayiş olundu. Sonra gənc "Heydərçilər" Ulu Öndərə həsr olunmuş şeirləri ilə tədbir iştirakçılarını salamladılar. Sonda Ulu Öndərin xatirəsinə həsr olunan müxtəlif müsabiqə və yarışların qaliblərinə rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu. Həmçinin, partiyaya yeni qəbul olunan üzvlərə partiya üzvlük vəsiqələri təqdim olundu
Biləsuvar
Dünən YAP Biləsuvar rayon təşkilatı və Biləsuvar rayon icra hakimiyyəti Ulu Öndər Heydər Əliyevin 88-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbir iştirakçıları, ilk öncə, rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüblər. Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev Muzeyini ziyarət edərək, Ümummilli Liderimizə aid qiymətli eksponatlarla tanış olublar.
Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyev öz mənalı ömürünü Azərbaycan xalqının və Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasına və inkişaf etməsinə həsr edib. M.Quliyev hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə də Ulu Öndərimizin Azərbaycanın bu günü üçün əhəmiyyətli işlər gördüyünü bildirdi: "Bu gün dövlətçiliyimizin qarantı olan Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev Azərbaycanın ən yüksək səviyyədə inkişaf istiqamətlərini təmin etməkdədir".
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev Ulu Öndər Heydər Əliyevin həyatı və Onun zəngin irsi barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir: "Tarixin ən böyük vətənpərvəri olan Ulu Öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də, müstəqillikdən sonra ölkəyə rəhbərlik etdiyi müddətdə daima milli-mənəvi dəyərlərimizi yüksək tutub, onların tərənnümünü həyata keçirib. Bu gün hər bir Azərbaycan vətəndaşı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsini mənimsəyir. Çünki Onun bizlərə miras olan zəngin irsi xalqımızın yüzilliklər boyu faydalanacağı bir mənbədir".
Quba
Dünən Ümummilli Liderimiz Heydər Əliyevin 88-ci ildönümü münasibətilə Quba Diaqnostika-Müalicə Mərkəzində tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev Dahi Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışıb. Yeni Azərbaycan Partiyasının memarı olan Ulu Öndər Heydər Əliyevin yaratdığı partiyanın ətrafında yüz minlərlə insanın birləşdiyini qeyd edən rayon təşkilatının sədri, onu da bildirib ki, bu gün xalq fəxr edir ki, Azərbaycana İlham Əliyev kimi böyük siyasətçi lider rəhbərlik edir: "Ölkəmiz ağır şəraitdə olarkən, Azərbaycanın böyük şəxsiyyəti, Ümummilli Liderimiz Heydər Əliyevə üz tutdu. Çünki Azərbaycanı düşdüyü bu çətin vəziyyətdən ancaq və ancaq Heydər Əliyev siyasəti qurtara bilərdi. Xalqımızın taleyində həlledici rol oynayan Ulu Öndər Heydər Əliyev, bütün ömrünü doğma vətənin xoşbəxtliyinə həsr etməklə, Azərbaycana sonsuz məhəbbət bəsləyirdi. İllər, qərinələr keçsə də, Ümummilli Liderimiz Heydər Əliyevə xalqımızın sevgisi sonsuz olacaq. Nə qədər müstəqil Azərbaycan var, qədirbilən xalqımız var, Heydər Əliyevin də adı, ideyaları, siyasəti yaşayacaqdır. Çünki Heydər Əliyev şəxsiyyəti hələ zaman-zaman öyrənilməmiş bir dünyadır. Bu dahi insanın həyatının, siyasi fəaliyyətinin, vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərinin daha dərindən öyrənilməsinə ciddi ehtiyac vardır və zaman keçdikcə, bu barədə cild-cild kitablar yazılacaqdır."
Quba-Diaqnostika Müalicə Mərkəzi ilk partiya təşkilatının sədri S.Məmmədov çıxış edərək qeyd etdi ki, Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı, respublikamızda müstəqilliyin təməlinin qoyulması və möhkəmləndirilməsinə səbəb oldu: "Xüsusi olaraq, "Əhalinin Sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının qanunu biz səhiyyə işçilərinin hədsiz sevincinə səbəb oldu və iş fəaliyyətimizdə daha fəal, məsuliyyətli olmağa sövq etdi. Bu gün bu siyasətin layiqli davamçısı dövlət başçısı İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarıbdır. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, regionlarımızda yüksək abadlıq-quruculuq işləri aparılır, iri obyektlər açılır. Bu baxımdan, Quba Diaqnostika-Müalicə Mərkəzinin açılması ölkə Prezidenti İlham Əliyevin qubalılara göstərdiyi qayğının bariz nümunəsidir". Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunan 25 nəfərə partiya vəsiqələri təqdim edildi.