PDF Oxu

Əsas

  • 27

Sosial islahatlar davam edəcək

Sosial islahatlar davam edəcək

Azərbaycan artıq inkişaf etmiş, keçid iqtisadiyyatını arxada qoyaraq dünya iqtisadiyyatına sıx inteqrasiya etmiş və müasir bazar iqtisadiyyatına keçmiş bir dövlətdir. Azərbaycanda uğurlu, davamlı islahatların həyata keçirilməsi son illər daha da sürətlənib. Hazırda ölkəmizin bütün sahələrində önəmli dərəcədə inkişaf meyilləri hiss olunur. Ən böyük uğurlardan biri də sosial sahədədir.

Azərbaycan regionda iqtisadi cəhətdən aparıcı dövlətdir. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanda formalaşır. Azərbaycanın inkişafı, ilk növbədə, vətəndaşların sosial rifahının yüksəlməsi ilə müşayiət olunur. İqtisadi siyasətin inamla həyata keçirilməsi sayəsində Azərbaycanda davamlı olaraq əməkhaqqı və pensiyalar artırılır.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilib və bu, öz mühüm nəticələrini göstərib.
Ümumiyyətlə, sosial tərəqqi Prezident İlham Əliyevin fəaliyyətində başlıca prioritetlərdən birini təşkil edir və ötən bir il ərzində dövlətin kapital resurslarının böyük bir hissəsinin bu sahəyə yönəldilməsi bu strategiyanın uğurlarını şərtləndirmiş olur. Ötən müddətdə dövlətin gəlirləri, ilk növbədə, sosial kateqoriyaların maddi rifahının yüksəlməsinə və sosial infrastrukturların yaxşılaşdırılmasına yönəlib.
Respublikamızda yüz minlərlə insanı əhatə edən sosial tərəqqi və əməkhaqlarının artırılması ilə bağlı dövlət siyasəti hökumətin vətəndaşlara olan yüksək diqqət və qayğısının nəticəsidir.
Artıq ölkəmizdə orta pensiya məbləği 106 dollara çatıb. Bu artımdan sonra pensiyaların ölkə üzrə orta məbləği 150 dollara qədər yüksəlib. Son 7 il ərzində Azərbaycanda əməkhaqqı və pensiyalar orta hesabla 5 dəfə artıb.
Hazırda ölkəmizdə orta pensiya məbləği 150 dollar təşkil edir ki, bu da respublikamızın həmin göstərici üzrə MBD ölkələrinin əksəriyyətini üstələdiyini təsdiqləyir.
Bu günlərdə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Prezidentin tapşırığı əsasında əvvəllər pensiyaya çıxmış şəxslərin müavinətlərinin yeni qaydalarla yenidən hesablanması prosesinə start verib.
DSMF sədri Səlim Müslümovun sözlərinə görə, fond artıq müvafiq qanunvericilik aktına, yəni "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb və hökumətlə razılaşdıraraq dövlət başçısına təqdim edib. Bu günlərdə həmin sənədin parlamentə göndərilməsi gözlənilir.
Fond sədri deyib ki, təkrar hesablama zamanı pensiyalar yalnız artım istiqamətində dəyişiləcək. Yəni pensiyası azalmalı olan şəxslərin müavinətləri azaldılmayacaq, olduğu kimi saxlanılacaq: "Azərbaycanda minimum pensiya da artırıla bilər, amma artımın nə qədər olacağı bilinmir. Çünki müxtəlif variantlar nəzərdən keçirilir və qərar verilərkən bütün parametrlər, o cümlədən, dövriyyədə olan pul kütləsinin həcmi və inflyasiya göstəriciləri nəzərə alınacaq".
Qeyd edək ki, 2010-cu ildə dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlara əsasən, bütün güc strukturlarında, dövlət idarəetmə sistemində və digər dövlət təşkilatlarında çalışan insanların maaşlarında artım baş verib. Bütün büdcə təşkilatlarında çalışan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülüb, onların aylıq vəzifə maaşları artırılıb.
2010-cu ildə aztəminatlı əhali qruplarına göstərilən qayğı daha da gücləndirilib, məcburi köçkünlərə və ünvanlı yardım alan ailələrə verilən aylıq müavinətin məbləği artırılıb.
Dövlət başçısının müəyyənləşdirdiyi iqtisadi siyasətin başlıca hədəfləri makroiqtisadi sabitliyin möhkəmlənməsi, davamlı inkişafın intensiv xarakter alması, iqtisadi bölmələrdə fəallığın təmin edilməsi, maliyyə bazarının canlandırılması, investisiya qoyuluşlarının davam etdirilməsi, əhalinin sosial şəraitinin yaxşılaşması və digər iqtisadi ssenariləri əhatə edir.
Sosial ədalət prinsiplərinin bərqərar olması, dövlət orqanlarında şəffaflığın təmin edilməsi, ictimai nəzarət, demokratiya- inkişaf etmiş ölkələrin ölçü meyarlarıdır. Prezident İlham Əliyev iqtisadiyyatın davamlı inkişafını təmin etmək məqsədilə qiymətlərin süni şəkildə qaldırılmasının qarşısının alınması, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyillərinin, əsassız yoxlamaların, vergidən yayınma hallarının aradan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması üçün hökumətin qarşısına vəzifələr qoyub.
Bürokratik əngəllərin aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində tədbirlərin gücləndirilməsi barədə ciddi tapşırıqlar verib. Bu istiqamətdə son dövrlər kompleks və sistemli şəkildə aparılan tədbirlər artıq öz mühüm bəhrələrini verməkdədir.
Ölkəmizdə genişmiqyaslı proqramların həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti daha çox nəzərə çarpır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, incəsənət, ekologiya və digər sahələrdə mühüm layihələr həyata keçirilməkdədir.
Fondun dəstəyi ilə paytaxt və regionlarda yeni məktəb binaları tikilib, əsaslı təmir olunub, təhsil ocaqları ən müasir avadanlıqlarla təchiz edilib. Bundan başqa, onlarla səhiyyə müəssisəsi əsaslı şəkildə təmir olunub. Azərbaycanda səhiyyənin inkişafı və onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Azərbaycanda səhiyyə müəssisələrinin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanması Heydər Əliyev Fondunun fəaliyyətinin mühüm istiqamətlərindəndir.
Fondun təşəbbüsü ilə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı mühüm tədbirlər görülür, mədəniyyət və incəsənət xadimlərinə dövlət səviyyəsində yüksək qayğı göstərilir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr mədəniyyətimizin inkişafı, onun dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqisinin qorunmasında mühüm rol oynayır. Muğamın, aşıq sənətinin təbliği, bu sahələrə böyük dəstəyin göstərilməsi ölkəmizin milli-mənəvi dəyərlərinə verilən ən böyük qiymət sayıla bilər.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən regional layihələrin miqyası da artmaqdadır. Fond dünya xalqları arasında dialoqun təşviqi və inkişafında mühüm rol oynamaqdadır.
Ümumiyyətlə, son illərdə ölkədə həyata keçirilən sosial siyasət, humanitar layihələr əhalinin rifah halının yaxşılaşmasına və yoxsulluğun maksimum dərəcədə azalmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın iqtisadi inkişafı əhalinin sosial durumunun yaxşılaşmasına gətirib çıxarır.

Digər xəbərlər