Səbail rayonunda Qarabağ müharibəsi veteranları ilə görüş keçirildi
Dünən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının toplantısı keçirilib. Yığıncada iştirak edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verdi: "Ulu Öndər Heydər Əliyev tarixin çox az yetişdirdiyi elə nadir şəxsiyyətlərdəndir ki, O, hələ sağlığında ölməzlik qazanmış, Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə yüksəlmişdir".
Ulu Öndərin ən çətin anlarda yeganə düzgün qərar qəbul etmək qabiliyyətindən söz açan A.Əsgərov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik bir siyasi və dövlət xadimi olması artıq tarixin özü tərəfindən təsdiqlənmiş bir həqiqətdir: "O, Azərbaycanın inkişaf və tərəqqisi üçün zəmin yaratmışdır. Heydər Əliyev hərbçilərə həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır, müharibə veteranları və şəhid ailələrinə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Ulu Öndər Heydər Əliyev kursunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti İlham Əliyev müharibə veteranları və şəhid ailələrinə ehtiram və qayğı ilə yanaşır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün müvafiq fərman və sərəncamlar imzalamışdır".
Ümummilli Liderimiz Heydər Əliyev irsinin öyrənilməsi, Onun ideyalarının gənclərə, xüsusilə, ordu sıralarında xidmət edən əsgərlərimizə çatdırılmasında müharibə veteranlarının da böyük rolu olduğunu vurğulayan A.Əsgərov onlara bütün işlərində uğurlar arzulamış, Ulu Öndərin anadan olmasının ildönümü ərəfəsində Səbail rayonunda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat vermişdir.
Yığıncaqda YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rasim Mirzəyev və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və möhkəmlənməsi, ölkə iqtisadiyyatının dirçəldilməsi, dövlət və ordu quruculuğu sahəsində gördüyü işlərdən söz açmışlar. AVMVB Səbail rayon şöbəsinin sədri İlham Əliyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımızın, o cümlədən, Qarabağ savaşında iştirak etmiş döyüşçülərin qəlbində xoş və unudulmaz xatirələrlə qalacağını bildirdi.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının bir qrup üzvünə Yeni Azərbaycan Partiyasının üzvlük biletləri təqdim olundu.
Sonda çıxış edən veteranlar ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızın azad olunmasına hər zaman hazır olduqlarını və ölkə başçısının siyasətini hər zaman dəstəkləyəcəklərini bildirdilər.