AES-lərin tarixi ötən əsrin ortalarından başlanır. 1954-cü ildə SSRİ-də (RSFSR-in Kaluqa vilayətinin Obninsk şəhərində) dünyanın ilk atom-elektrik stansiyası işə salınıb. Sonralar bu cür stansiyaların ABŞ və Avropada da tikilməsi ilə dünyada atom enerjisi erasına start verildi. Lakin 1986-cı ildə SSRİ-də baş verən dəhşətli atom qəzası bu prosesi bir qədər ləngitdi...
Tarixin ən böyük texnogen qəzasının nəticələri
İlk AES qəzası ABŞ-da baş vermişdi, amma onun nəticələri elə də ağır olmamışdı. 25 il öncə isə Çernobıl AES-də tarixin ən böyük texnogen qəzası baş verdi.
1986-cı ilin aprelin 26-da stansiyanın 4 nömrəli reaktorunda partlayış oldu. Qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan öldü, sonrakı illərdə isə bu rəqəm 100 mini keçdi.
Zərbə bütün canlı aləmə dəydi, nəinki insanlar, bitkilər və heyvanlar da güclü şüalanmadan və radiaktiv tozdan dəhşətli zərər çəkdi. Ölkə iqtisadiyyatına da böyük zərər dəydi.
Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 700 minədək sovet insanı gerçək qəhrəmanlıq göstərdi. Onların hamısı və yaxın bölgələrdə yaşayan 7-8 milyon nəfər şüalanmaya məruz qalaraq, ağır xəstəliklərə tutuldular.
Hadisədən sonra radioaktiv bulud bütün Avropanı bürüdü. Ukraynanın özündə, Belorusiyada, Rusiyada yaşayan 300 mindən artıq sakin radiasiya təhlükəsinə görə yaşadıqları ərazidən köçürdülər. Radiasiya Azərbaycana da gəlib çıxdı, hətta həmin il bəzi bostan bitkiləri yetişməmişdi.
Sonrakı onilliklərdə SSRİ və Avropada yaşayan on milyonlarla insan dəhşətli xəstəliklərə tutuldu və dünyasını dəyişdi. Genetik strukturun dəyişməsinin acı nəticələri özünü sonrakı nəsildə də büruzə verdi.
25 il ötür, amma onun faciəvi nəticələri hələ də böyük bir regionun üzərində müşahidə olunur. "GreenpeaceV" təşkilatının məlumatına görə, təkcə 1994-2000-ci ildə Çernobıl qəzasının təsiri nəticəsində güclü şüalanmadan 200 mindən çox insan dünyasını dəyişib.
SSRİ-yə bu qəza çox baha başa gəldi- AES-lərin verdiyi qazancdan da xeyli çox baha. Hazırda Çernobıl ətrafındakı 30 kilometr məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağan edilib. Burada insan qismən təhlükəsiz halda bir də ancaq 300 ildən sonra, tam təhlükəsiz hala isə 50 min ildən yaşaya biləcək...
Azərbaycanda Çernobıl əlillərinə qayğı hansı səviyyədədir?
Qəza zamanı, əsasən, gənclərdən ibarət 7 min nəfərdən çox azərbaycanlı böyük təhlükəyə baxmayaraq, Çernobıla yollanmışdı. Çoxları elə oradaca həlak oldu, qalanları isə ömürlük əlil kimi oldu və ya ağır xəstəliklərə tutuldular.
Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətdən SİA-ya verilən məlumata görə, hazırda Azərbaycanda 5 mindən artıq Çernobıl qəzasının iştirakçısı var. Onların 90 faizindən çoxu əlillik statusu alıb. Çernobıl iştirakçılarından 2 mini indi həyatda yoxdur.
Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilib. 1993-cü ildə qəbul edilmiş "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib.
Yeri gəlmişkən, dünən Azərbaycan Prezidenti İlham Əliyev Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə maddi yardım göstərilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə 200 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi üçün 1 milyon 100 min manat məbləğində vəsait ayrılır.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Çernobıl əlillərinin sosial müdafiəsinin artırılması məqsədilə yeni tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinə müraciət edib.
Nazirliyin Əlil, Tənha və Ahıllara Sosial Xidmətin Təşkili Şöbəsindən SİA-ya verilən məlumata görə, hökumətə şəhər və rayon mərkəzlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binalarındakı mənzillərin 10%-nin yaşayış yerində mənzil növbəsində dayanan Çernobıl əlillərinə ayrılması təklif edilir: "Ötən il 1000-ə yaxın Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin olunub. Bunun da 10%-i böyük rəqəmdir".
Nazirlikdən bildirilib ki, təkliflərdə ƏƏSMN tərəfindən ölkəyə Qarabağ müharibəsi əilləri və şəhid ailələri üçün gətirilən avtomobillərin də 10%-in Çernobıl əlillərinə növbədənkənar verilməsi öz əksini tapıb.
Bununla yanaşı, Bakıda yaşayış yeri üzrə mənzil növbəsində dayanan Çernobıl əlillərinin sayını çox olduğunu nəzərə alaraq, onlar üçün ayrıca yaşayış binasının tikilməsi, onlar üçün nazirlik tərəfindən ayrılmış sanatoriya-kurort putyovkalarının sayının artırılması, Mingəçevir şəhərində Çernobıl əlilləri üçün radioloji reabilitasiya mərkəzinin tikintisi təklif edilir.
Azərbaycanda AES tikiləcəkmi?
AMEA-nın Radiasiya Problemləri İnstitutu hesab edir ki, nüvə texnologiyası Azərbaycana gəlməlidir və yaxın vaxtlarda bu müzakirə olunmalıdır. İnstitutun direktoru Adil Qəribov bildirir ki, ölkəmizin enerji sistemi bütünlüklə AES-ə keçsə, bunun üçün ildə 50-60 ton uran lazım gələcək.
Onun sözlərinə görə, atom stansiyasında alınan enerjinin qiyməti adi yolla alınandan təqribən 2 dəfə ucuz- hər kilovat saatı cəmi 2-3 qəpiyə başa gəlir.
"Əlbəttə, atom stansiyaları yaratmaq böyük vəsait tələb edir. Məsələn, 1000 meqavat gücündə olan AES təxminən 5 milyard dollara başa gəlirsə, istilik stansiyası bundan 2 dəfə ucuzdur. Amma AES-dən əldə olunan enerjinin ucuzluğu sayəsində bu fərq 2 ilə aradan qalxa bilər.
Məsələn, biz 1000 meqavatlıq elektrik enerjisi stansiyası tikmək istəyirik. Neftlə işləyəndə 1 meqavatı əldə etmək üçün 1 mln ton neft yandırmalıyıq. Amma o biri variantda 10-13 ton uran yandırmalıyıq. Bu qədər neft yandırılanda, atmosferə xeyli tullantı atılacaq. 10-13 ton uran yandırıldıqda isə, atmosferə heç nə atılmır"- A.Qəribov bildirir.
Qeyd olunur ki, Azərbaycanı enerji ilə təmin etmək üçün ildə 50-60 ton uran kifayətdir. 1 milyon ton neftin qiyməti 600 mln dollardır. 60 ton uran isə cəmi 25 milyon dollara başa gəlir. Yəni, məsələnin iqtisadi tərəfi önə çəkilir.
Təcrübə göstərir ki, atomun tətbiqi üçün orta hesabla 20 il vaxt tələb olunur. Yəni Azərbaycan indidən hazırlıqlara başlasa, nüvə enerjisinə ən tezi 2030-cu ildə malik olacaq.
AES tərəfdarları onu da qeyd edirlər ki, bu stansiyalarda havaya zərərli maddələr atılmır. Bəzi plutonium kimi təsirsiz qazlar çıxa bilər ki, onlar da xüsusi qurğular vasitəsilə tutulur. Bundan başqa, AES-lərin ətrafında 1 kilometr radiusda ərazi sanitar bölgə elan olunur və orada mütəmadi baxışlar keçirilir.
Enerji ehtiyatlarımız gərəkdiyindən çoxdur
Bir vaxtlar SSRİ Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda AES tikmək barədə layihə də hazırlanmışdı. Bu layihə çərçivəsində Nəvai qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi. Çernobılda faciəsi SSRİ-nin digər respublikaları kimi Azərbaycanda da bu istiqamətdə aparılan işlərin dayandırılmasına səbəb oldu. İndi bu məsələ yenidən gündəmə gətirilib.
Əksər mütəxəssislər hesab edir ki, enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları olan Azərbaycanda atom enerjisindən istifadə məsələsini gündəmə gətirməyə belə ehtiyac yoxdur.
Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda 100 ilə kiyafət edəcək. Ölkə Prezidenti də bunu dəfələrlə bəyan edib. Bizim perspektiv neft-qaz yataqlarımız da var ki, gələcəkdə onlardan böyük həcmdə yanacaq çıxarmaq mümkündür.
Ekspertlərin fikrincə isə, Azərbaycanda AES-in inşasına ehtiyac yoxdur və ölkəmiz enerji tələbatını neft-qaz və alternativ enerji mənbələrinin hesabına ödəyə bilər, hətta böyük həcmdə enerji də ixrac edə bilər.
Nüvə tullantılarının məhv edilməsi də olduqca bahalı bir əməliyyatdır. Azərbaycan, hələlik, özünün hidroresurslarından, alternativ enerji mənbələrindən tam istifadə etmir. Külək və günəş stansiyalarının sayını çoxaltmaqla, üstəlik, kiçik SES-lər tikməklə enerji istehsalını xeyli artıra bilərik.
"Metsamor" AES böyük bir bölgə üçün təhlükə yaradır
"Fukusima-1"də baş verən qəzadan sonra, AES-in xidmətindən istifadə edən ölkələrin hamısında ciddi təşviş yaranıb. Artıq bəzi Avropa ölkələri AES-lərin ləğvi haqda düşünürlər.
Məsələn, Almaniya kansleri Angela Merkel martın 14-də bəyan edib ki, ölkədəki AES-lərin bir çoxunun, o cümlədən, 7 AES-in fəaliyyətini dayandıracaq. Bunun əvəzinə mümkün qədər külək və ya günəş enerjisindən istifadəyə imkan verəcək daha çox stansiyaların tikiləcəyini söyləyib.
Lakin təəssüf ki, Ermənistandakı hər an partlamağa hazır olan "atom bombası" Avropanı narahat etmir. Metsamor AES-də köhnə texnologiyadan istifadə edilməsi, maliyyə qaynağı olmadığından modernləşdirilməməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir.
Dünyada dördüncü nəsil atom-elektrik stansiyaları inşa olunduğu bir vaxtda Metsamor AES kimilər çoxdan fəaliyyətini dayandırıb. MAQATE və Avropa Birliyinin ekspertləri də bu stansiyanı ən təhlükəli obyekt kimi qiymətləndiriblər.
Qeyd edək ki, 2001-ci ildə Ermənistan Avropa Şurasına üzv qəbul edilərkən, Metsamor AES-in fəaliyyətini dayandıracağına dair öhdəlik götürüb. Amma bu öhdəlik hələ də yerinə yetirilməyib.
Bu stansiyada indiyədək 150-dən çox qəza baş verib. AES 1988-ci ildə baş vermiş güclü zəlzələdən də zərər görüb. Stansiyanın radiasiya sızıntısı ilə çirklənmiş suları yeraltı sulara qarışıb və Türkiyənin İğdır vilayətində ciddi fəsadlara səbəb olub.
Türkiyənin Çekmece Nüvə Araşdırma və Təlim Mərkəzi ilə Ərzurum Atatürk Universitetinin fizika fakültəsinin alimləri Metsamor AES-ə yaxın ərazilərdə artan ağciyər xərçənginin səbəbinin də radiasiya olduğunu güman edirlər.
Ermənistana qonşu ölkələr Metsamor AES-in bağlanması üçün təzyiq göstərməlidirlər. Təəssüf ki, İran və Gürcüstanda bu təhlükənin nə qədər ciddi olduğunu yaxşı anlamırlar.
Azərbaycan isə bu məsələni daha çox gündəmə gətirməlidir. Əgər bu stansiya bağlansa, Ermənistan iqtisadi cəhətdən daha pis duruma düşər, enerji asılılığı maksimuma çatar.