PDF Oxu

Əsas

  • 24

Gürcüstan Azərbaycan kimi böyük bir himayədarını itirə bilər

Gürcüstan Azərbaycan kimi böyük bir himayədarını itirə bilər
Məlum olduğu kimi, rəsmi Tbilisi Ermənistanla hərbi əməkdaşlığa dair müqavilə imzalamağa hazırlaşır. Müqavilədə Gürcüstandan işğalçı dövlətə hərbi texnikanın verilməsi məsələsi nəzərdə tutulur və qeyd edilir ki, Ermənistana silah-sursat Gürcüstan ərazisindən gəlməlidir. Maraqlı bir məqam ondan ibarətdir ki, rəsmi Tbilisinin hazırkı məlum vəziyyətində Ermənistana silah-sursat verməsi mümkün olan məsələ deyil.
Axı Gürcüstanın ərazisi olan Abxaziyanı, Osetiyanı Rusiya dövləti darma-dağın edib. Bu zaman Gürcüstanın hansı silah-sursatından, hərbi texnikasından söhbət gedə bilər? Digər məqam isə, odur ki, Gürcüstanla Ermənistan arasında müqavilə imzalanarsa, bu, Azərbaycan-Gürcüstan strateji müttəfiqliyinə ciddi problemlər yarada bilər və dövlətlər arasındakı münasibətlərinin müəyyən qədər pozulmasına gətirib çıxara bilər. Çünki bu gün Gürcüstan iqtisadiyyatının yarıdan çoxu Azərbaycanın hesabına təmin olunur. Hətta zamanında Rusiya Gürcüstanın torpaqlarını- Abxaziyanı, Osetiyanı ayrıca bir dövlət kimi tanıdığı məqamda Azərbaycan Rusiyaya kömək əlini uzatmadı, Gürcüstana isə, daha da yaxınlaşdı. Yəqin bu, Gürcüstana edilən yaxşılıqdır ki, əvəzini bu yolla qaytarır.
Bununla bağlı millət vəkili Eldar İbrahimov da qəzetimizə açıqlaması zamanı Gürcüstanın belə bir addım atmasını tənqid etdi və bunun dövlətimizin mənafeyinə zidd olmasını bildirdi. Gürcüstanın atdığı addımdan əl çəkməsi hələ də gec deyil. Əks- təqdirdə, bu, onlar üçün heç də yaxşı nəticələnməyəcək.
Millət vəkili Gürcüstan-Ermənistan münasibətlərinin Azərbaycana qarşı atılan addım kimi də dəyərləndirdi: "Rəsmi Tbilisinin Ermənistanla hərbi müqavilə bağlaması Azərbaycana qarşı addım atması deməkdir. Yəni ki, rəsmi Tbilisi Azərbaycanla düşmənçilik mövqeyi tutan dövlətlə hərbi müqavilə bağlayır. Ermənistan Azərbaycanın yarı faiz torpaqlarını işğal edib, əhalisini məcburi qaçqın və köçkün vəziyyətində yaşamağa düçar edib. Amma Rusiyanın Gürcüstana qarşı apardığı müharibə zamanı bu ölkə çıxılmaz vəziyyətdə qalan zaman ən böyük qardaşlıq və dostluq dəstəyini Azərbaycan vermişdi. İndi isə, Gürcüstanın belə bir addımı, daha doğrusu, Azərbaycan dövlətinə qarşı işğalçı Ermənistanı silahlandırmaq deməkdir".
Gürcüstanın bütün iqtisadiyyatı, nefti, qazı Azərbaycandan asılıdır. Ona görə də, onların belə bir hərəkətə yol vermələri heç də düzgün deyil və bunu normal hal kimi qarşılamıram. Bir zaman Gürcüstan sözsüz ki, tranzit rolunu oynayacaq.
Millət vəkilinin sözlərinə görə, əgər müqavilə imzalanarsa, Gürcüstan Azərbaycan kimi böyük bir müttəfiqini itirəcək.
Azərbaycanın ATƏT-də təmsil olunan nümayəndə heyətinin üzvü E. İbrahimov ATƏT-in fəaliyyətindən də narazı olduğunu bildirdi: "ATƏT-in Minsk Qrupu ona görə yaradılıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsin. Amma göründüyü kimi, problem - problem dalınca gəlir. Təəssüflər olsun ki, yaradıldığı gündən bu günə qədər Minsk Qrupu münaqişənin həlli istiqamətində heç bir addım atmır və öz fəaliyyətsizliyi ilə yadda qalıb. Fariz Bədəlovun erməni snayperi tərəfindən güllələnməsi faktını artıq Respublika Prokurorluğu ATƏT nümayəndələrinə təqdim edib. Amma inanmıram ki, 9 yaşlı azərbaycanlı uşağın güllələnməsi ilə bağlı Ermənistanı ittiham edələr, yaxud da hansısa sanksiya tətbiq edələr. Çox təəssüflər olsun ki, həmsədrlərin təmsil etdikləri dövlətlər bu məsələyə o qədər də ciddi əhəmiyyət verməyəcək və işğalçı dövləti ifşa etməyəcək. Bu, həmişə belə olub, belə də olacaq. Həmsədrlər hər dəfə Azərbaycana lazımsız, heç bir əhəmiyyət kəsb etməyən səfərlər edir və konkret mövqe nümayiş etdirmir. ATƏT-in Minsk Qrupunun fəaliyyətindən həmişə narazı olmuşam, bu gün də narazıyam. 20 illik bir münaqişəni həll edə bilmirlərsə, onda ümumiyyətlə, onların fəaliyyəti sual altındadır".
E.İbrahimov onu da əlavə etdi ki, doğrudur, ATƏT-dən fərqli olaraq, AŞPA Ermənistanı işğalçı dövlət kimi tanıdı və qərarlarında göstərdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Dağlıq Qarabağda separatçı qüvvələri yerləşdiribdir. ATƏT də bunu etməlidir və öz prinsiplərinə, yəni dünyada, dövlətlər arasında sülhün, təhlükəsizliyin qorunmasına xidmət etməlidir.

Digər xəbərlər