PDF Oxu

Əsas

  • 23

Azərbaycan Dövlət Neft Akademiyası YAP ilk partiya təşkilatının yığıncağı keçirildi

Azərbaycan Dövlət Neft Akademiyası YAP ilk partiya təşkilatının yığıncağı keçirildi
Dünən Azərbaycan Dövlət Neft Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı akademiyanın ilk partiya təşkilatının yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə ADNA-da YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova açaraq Ulu Öndərin milli dövlət quruculuğu siyasətindən danışdı. O bildirdi ki, dahi öndər Heydər Əliyev məqsədyönlü müdrik, uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyini əbədiləşdirdi: "Müstəqilliyi əldə etmək asandır, lakin onu qorumaq, əbədiləşdirmək qat-qat çətindir. Bu çətinliyə Ulu Öndər sinə gəldi. Ona görə ki, o, Azərbaycanımızın dünənini, bu gününü və sabahını hamıdan yaxşı görürdü. Dünyanın ən mötəbər siyasi institutları və elmi qurumları, görkəmli şəxsiyyətlər və dövlət başçıları Ulu Öndər Heydər Əliyev cənablarını siyasət elminin ustadı kimi qəbul edirdi. Onun nəhəng siyasi, diplomatik fəaliyyəti sayəsində Azərbaycan Respublikası dünya dövlətləri tərəfindən tanındı, bütün dünyaya suverenliyini bəyan etdi. Yeni əsrin və minilliyin başlanğıcında Azərbaycan dünyanın sivil ölkələri cərgəsində öz yerini tapdı".
Tamilla xanım Ulu Öndərin siyasətini həm ölkənin daxilində, həm də ölkədən kənarda Prezidentimiz İlham Əliyev cənablarının uğurla davam etdirdiyini bildirdi: "Bunu radikal müxalifətin üzvləri də başa düşür, anlayır. Lakin onların başçılarının amalı qurmaq, yaratmaq yox, dağıtmaqdır. Son günlər radikal müxalifət partiyalarının 20-dən çox rayon təşkilatı fəaliyyətlərinə xitam verdi. 1000-dən çox insan müxalifət partiyalarından istefa verdi Bu tendensiya təbii ki bundan sonra da davam edəcək".
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət Həsənova ilk olaraq bu ali təhsil ocağında 2009-cu ildə baş vermiş terror aktı zamanı baş verən faciə qurbanlarını xatırladı və faciənin bir dəqiqəlik sükutla yad olunmasını təklif etdi. İştirakçılar ayağa durub faciə qurbanlarının xatirəsini yad etdilər. M.Həsənova təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin, Onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Məhz ona görə də bu gün gənclərimiz Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşir. Prezidentimiz gənclərə böyük önəm verir, onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir və YAP-a üzv olmaqları ilə fəxr edirlər.
Millət vəkili onu da qeyd etdi ki, 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı YAP Nəsimi rayon təşkilatına üzv olan gənclər fəallıq göstərdilər. Müasir Azərbaycan gəncləri qətiyyətli addımlar atır, dünyada baş verən proseslərə məntiqlə münasibət bildirirlər. "Bizim partiya sıralarımızda gənclərdən ibarət ordu var" - deyən Məlahət Həsənova gənclərin məqsədyönlü addımını təqdirəlayiq hesab etdi.
Tədbirdə YAP-ın sıralarına daxil olan 20 nəfərə partiyanın vəsiqələri təqdim edildi və yeni təqdim edilən ərizələr qəbul olundu.
Tədbirdə çıxış edən akademiyanın təlim-tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov və başqaları gənclərə uğurlar diləyib, onları təbrik etdilər. Dövlət müstəqilliyinin qorunmasında, Ümummilli Lider Heydər Əliyev ideologiyasının davamçısı kimi həyatda cəsarətli, iradəli, mətin olmalarını arzuladılar.

Digər xəbərlər