YAP Qaradağ rayon təşkilatının şura iclası keçirilib
Dünən YAP Qaradağ rayon təşkilatının şura iclası keçirilib. İclasda çıxış edən rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov vurğulayıb ki, müasir Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu, sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin ölkədə yaratdığı siyasi sabitlik və iqtisadi potensial respublikamızı ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirib.
A.Hüseynov qarşıdan gələn mötəbər günlərlə əlaqədar olaraq, rayon təşkilatının hazırladığı tədbirlər planını iclas iştirakçılarının diqqətinə çatdırıb. İclas iştirakçıları tərəfindən qəbul edilən tədbirlər planı təsdiqlənib.
Daha sonra iclasda müxalifətin radikal qanadının ictimai-siyasi sabitliyi pozmaq cəhdləri ilə bağlı müzakirələr olub.
YAP Qaradağ rayon təşkilatının sədri bildirib ki, xarici himayədarlarının maliyyə dəstəyi ilə iğtişaşlar törətməyə hazır olan bu ifrat radikal dairələrin iç üzü artıq xalqa bəllidir.
İclasda çıxış edənlər vurğulayıblar ki, Azərbaycana qarşı düşmən mövqe tutanlar yalnız şəxsi mənfəətlərini, maraqlarını düşünürlər. Onları xalqın taleyi, qətiyyən, maraqlandırmır. Belə siyasi qruplara dəstək verən bəzi xarici qüvvələr isə ölkədə qarışıqlıq, xaos yaratmaqla Azərbaycanın inkişafına əngəllər törətmək, ölkənin ictimai-siyasi sabitliyini pozmaq niyyətini güdürlər. Onlar öz çirkin niyyətlərini biz gənclərin potensialından istifadə etməklə həyata keçirmək istəyirlər. Amma bütün bu cəhdlər əbəsdir. Azərbaycanın sağlam düşüncəli insanları bu proseslərin mahiyyətini düzgün dərk edir. Çünki xalqımızın inkişafı və rifahı naminə dövlətimizin fəaliyyəti göz önündədir. Azərbaycana qənim kəsilən Əli Kərimovlar, İsa Qəmbərovlar bilməlidirlər ki, onların xəyanətkar, dağıdıcı mövqeləri heç zaman xalq tərəfindən dəstəklənməyəcək.