PDF Oxu

Əsas

  • 24

Məclisin növbəti iclası keçirilib

Məclisin növbəti iclası keçirilib

Dünən Milli Məclisin növbəti iclası keçirildi. Gündəliyin müzakirəsindən öncə deputatlar bəzi məsələlərə, o cümlədən, radikal müxalifətin aprelin 2-də Bakı şəhərində icazə verilməyən yerlərdə mitinq keçirmək və süni qarşıdurma yaratmaq cəhdinə münasibət bildirdilər.

Zahid Oruc: "Müxalifət üçün mitinqə nə qədər adamın gəlməsi əsas deyil, onlar üçün maraqlısı icazəsiz aksiya və süni qarşıdurma görüntülərinin xarici televiziya kanallarında göstərilməsidir"
Millət vəkili Zahid Oruc bildirdi ki, aprelin 2-də baş verənlər həm də onu göstərdi ki, dini-ekstremist təmayüllü dairələr radikal müxalifətlə birləşməkdədir. Həmin icazəsiz aksiyanın keçirilməsinə cəhd, eyni zamanda, Azərbaycanın normal dövlət quruluşuna etiraz edənlərin, sivil, açıq dövlət modelimizə fərqli mövqedə dayananların bir tədbiri idi. "Necə olur ki, bütün dünyada sərbəst toplaşmaq hökumətin mövqeyinə alternativ münasibət göstərmək vasitəsi olduğu halda, bizdə sərbəst toplaşmaq, sərbəst vuruşmaq, sərbəst toqquşmaq azadlığı kimi özünü təzahür edir" -deyən Zahid Orucun bildirdiyinə görə, müxalifət üçün mitinqə nə qədər adamın gəlməsi əsas deyildi. Müxalifət üçün əsas o idi ki, bu icazəsiz aksiya və süni qarşıdurma görüntüləri xarici televiziya kanallarında göstərilsin: "Yaxşı olar ki, radikal müxalifət bu cür biabırçı hərəkətlər etməkdənsə, süni gərginlik yaratmağa cəhd etməkdənsə, Dağlıq Qarabağla bağlı Horadiz şəhərində və yaxud Ergi düzündə mitinq keçirsin. Maraqlıdır, görəsən, bu radikal müxalifət xarici dairələrin qarşısında hansı öhdəlikləri götürüblər?

Abel Məhərrəmov: "Magistraturada oxuyan gənclərin hərbi xidmətə cəlb olunması ilə bağlı bir sıra problemlər ortaya çıxır"
Deputat Abel Məhərrəmov isə çıxışı zamanı əsas diqqəti təhsil sahəsindəki bəzi məsələlərə yönəltdi. Onun sözlərinə görə, təcrübə göstərir ki, son zamanlar magistratura pilləsində təhsilin davamı ilə bağlı problemlər çıxır. Belə ki, qızlar ailə həyatı qurduqdan sonra çox zaman elm yolunu davam etdirə bilmirlər. Oğlanlar isə hərbi xidmətə yollanır və ya dövlət qulluğunə qəbul olunduqdan sonra magistratura təhsilindən uzaqlaşırlar. "Sual olunur ki, gələcəkdə elmi kim irəliyə aparmalıdır, elmi zirvələri kim fəth etməlidir" - deyən Abel Məhərrəmov bildirdi ki, həm hərbi xidmətə çağırılmaq, həm də dövlət qulluğuna qəbul magistrlərin ali təhsil sistemindən yayınmasına səbəb olur ki, bu da təhsil sistemində böyük deformasiyalara səbab ola bilər. Çıxışının sonunda Abel Məhərrəmov bu problemə ciddi diqqət yetirilməsini vacib sayaraq, müvafiq qurumlar tərəfindən müzakirə olunmasını təklif etdi.

Aydın Mirzəzadə: "Bu gün radikal müxalifətin bu çirkin əməllərinə qarşı ictimaiyyətin hiddəti kəskindir"
Radikal müxalifətin icazəsiz aksiya keçirmək və süni qarşıdurma yaratmaq cəhdini deputat Aydın Mirzəzadə də tənqid etdi. Qeyd etdi ki, əslində, radikal müxalifətin son vaxtlar Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma yaratmaq cəhdlərinə əhəmiyyət verməmək də olar. Cəmi 200-300 nəfərin şəhərin mərkəzi küçələrində çığıra-çığıra hay-küy salması 9 milyonluq bir ölkə üçün böyük bir hadisə deyil. Amma diqqəti cəlb edən müxalifətin radikal qanadının şüarlarının məhz xarici ölkələrdə səslənməsi və bu qanunsuz aksiyaların qısa zaman kəsiyində dünyanın bir sıra kütləvi informasiya vasitələrində işıqlandırılmasıdır. Ən qəribəsi isə xarici ölkələrin Azərbaycandakı nümayəndəliklərinin vasitəsilə onlara dəstəyin gəlməsidir. Azərbaycan demokratik ölkədir və onun vətəndaşlarının Konstitusiya və qanunlarla müəyyən olunmuş hüquqları var. Bu baxımdan, Azərbaycanda problem yoxdur.
A.Mirzəzadə onu da əlavə etdi ki, bu gün radikal müxalifətə qarşı mübarizədə ictimai fikir də böyük rol oynayır. Bu məsələlərə ziyalıların münasibət bildirməsi olduqca təqdirəlayiq haldır. Ayrı-ayrı ictimai təşkilatların, sosial təbəqələrin münasibət bildirməsi müxalifətə qarşı çox ciddi ictimai narazılığın olduğunu göstərir. Bu baxımdan dövlətin də bu məsələlərdə prinsipial mövqeyi başadüşüləndir və qəbulediləndir: "Çox istərdim ki, bu gün siyasi fəaliyyətdə olan, Azərbaycanın adından danışmaq iddiasına düşən kəslər öz fəaliyyətlərinin nəyə gətirib çıxardığını, özünün şəxsi mənafeyi üçün cəmiyyətin, dövlətin, xalqın mənafeyini güdaza vermək istədiyinin fərqində olsun. Bir qrup insan Azərbaycanın ziyanına olan istədikləri addımı ata bilərlər. Lakin cəmiyyət bunun qarşısını qətiyyətlə alacaq və radikal müxalifətin xarici sifarişlə dövlətin və xalqı əleyhinə hər hansı bir addımı atmasına imkan verməyəcək".

Metyu Brayzaya etiraz

Fəzail Ağamalı: "O, hələ də ABŞ-ın ATƏT-in Minsk Qrupunda həmsədri olduğu zamandakı ermənipərəst mundirini əynindən çıxarmayıb"
Deputat Fəzail Ağamalı erməni separatçılarının Xankəndidə hava limanı açmaq istəmələrinə də münasibət bildirdi. Qeyd etdi ki, Azərbaycan dövlətinin ciddi fəaliyyəti nəticəsində bu məsələyə aydınlıq gətirildi və Ermənistan tərəfi bu limanın açılmasını təxirə saldı. "Azərbaycan dövlətinin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə davam etdirilməli, heç bir halda Xankəndidə Ermənistanın müxtəlif məqsədlər üçün istifadə edəcəyi hava limanının açılmasına imkan verilməli deyil"-deyən deputat bu məsələdə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın də mövqeyini ciddi tənqid etdi. ABŞ səfirinin Xankəndidəki hava limanı ilə bağlı vermiş olduğu açıqlamalarda Ermənistanın mövqeyini müdafiə etdiyini deyən Fəzail Ağamalı bunun təəssüf hissi doğurduğunu, lakin Metyu Brayzanın bundan sonrakı fəaliyyətində bu cür səhvlərə və qeyri-obyektivliklərə yol verməyəcəyinə ümidvar olduğunu dedi.

Azay Quliyev: "Qanunu pozan hər hansı bir əmələ və yaxud da cəhdə icazə verilməməlidir"
Müxalifətin icazəsiz aksiyalar keçirmək cəhdinə münasibət bildirən deputat Azay Quliyev dedi ki, hər bir hərəkət qanun çərçivəsində olmalıdır. Qanunu pozan hər hansı bir əmələ və yaxud da cəhdə icazə verilməməlidir. Təəssüflər olsun ki, bu gün beynəlxalq təşkilatlar tərəfindən bu məsələyə də fərqli münasibət ortaya qoyulur. A.Quliyevin bildirdiyinə görə, ATƏT-in hazırkı sədri qeyd edib ki, guya Azərbaycan "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əməl etmir, müəyyən məhdudiyyətlər qoyur. "Bu cür düşünmək yanlışlıqdır" -deyən A.Quliyevin sözlərinə görə, heç bir halda müxalifətin mitinqlə bağlı müraciətinə "yox" cavabı verilməyib. Sadəcə olaraq, radikal müxalifətin istədiyi yerdə deyil, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq bildiyi yerdə mitinqin keçirilməsinə icazə verilib. Ona görə beynəlxalq təşkilatlar məsələyə yanlış yanaşmalarını aradan qaldırmalıdırlar.
A.Quliyev onu da bildirdi ki, Azərbaycan ermənilərin Xankəndidə hava limanı açmaq istəmələrinə adekvat münasibət ortaya qoydu: "Bunla belə ABŞ-ın Azərbaycandakı səfirliyinin Xankəndidə hava limanının açılması ilə bağlı ortaya qoyduğu münasibət çox təəssüfləndiricidir". Onun sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisidir. İşğal altında olan bir əraziyə beynəlxalq qanunvericiliyə zidd olaraq Ermənistandan hava reyslərinin təşkil edilməsi və ABŞ-ın buna dəstək nümayiş etdirməsi çox böyük yanlışlıqdır.

Digər xəbərlər