PDF Oxu

Əsas

  • 12

Quba soyqırımı erməni vəhşiliyinin növbəti nümunəsidir

Quba soyqırımı erməni vəhşiliyinin növbəti nümunəsidir
Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin fəalları 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı Quba soyqırımı məzarlığını ziyarət ediblər. YAP-ın Bakı və Sumqayıt şəhərlərinin təmsilçiləri olan gənclərin Quba soyqırımı məzarlığını ziyarət etmələri milli ruhun, düşmənə qarşı olan nifrətin, barışmazlıq iradəsinin daha da güclənməsində mühüm önəm kəsb edir. Gənclərin bu keyfiyyətlər üzərində formalaşması, xalqımızın başına gətirilən müsibətlərin olduğu kimi çatdırılmasını əsas prinsip kimi qəbul edən Yeni Azərbaycan Partiyası bu qəbildən olan aksiya və tədbirlərini artıq ənənəvi formada davam etdirir. Quba soyqırımı məzarlığına YAP sıralarında təmsil olunan gənc fəalların da növbəti ziyarəti məhz bu prinsipdən irəli gəlir.
Quba soyqırımı məzarlığında olan gənclərə məlumat verən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman Ağayev Qudyalçayın sağ sahilində tikinti ilə əlaqədar qazıntı işləri aparılan zaman kütləvi qətlləri təsdiq edən xeyli sayda insan sümükləri aşkar olunduğunu və ilkin araşdırmalardan sonra bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya basqını zamanı qətlə yetirilmiş yerli sakinlərə məxsusluğunun sübuta yetirildiyini bildirdi. Qeyd etdi ki, məhz bundan sonra aparılmış təhqiqat zamanı ərazidə sümüklə dolu iki quyu və iki arx müəyyən edilib. "Burada qətlə yetirilmiş insanların aşkar edilmiş kəllə sümüklərində rast gəlinən faktlar, küt alət izləri onların zorakılıqla qətlə yetirildiyini təsdiq edir. Eyni zamanda, yerli sakinlər Quba şəhərindən kənarda qətlə yetirildikdən sonra gələcəkdə daşqınlar zamanı izin itirilməsi məqsədi ilə cəsədlər məhz çay kənarına gətirilərək, yamacda qazılmış bu quyulara doldurulub" deyən Q.Ağayev təkcə bu faktın aşkara çıxmasının Azərbaycan xalqına qarşı yüzilliklər boyu vəhşiliklər törətmiş erməni qəsbkarlarının nə dərəcədə qəddarlıqlar etdiklərinin isbatı olduğunu vurğuladı.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov gənclərin xalqımızın başına gətirilən müsibətlərdən xəbərdar olmaları üçün bu cür tədbirlərin zəruri olduğunu bildirdi. Qeyd etdi ki, YAP sıralarında təmsil olunan gənclər də Quba soyqırımı məzarlığını ziyarət edir və burada bədnam qonşularımız olan erməni qaniçənlərinin Azərbaycan xalqının başına gətirdiyi soyqırımı siyasətini açıq şəkildə görmüş olurlar. S.Orucov bu gün gənclərin malik olduğu geniş auditoriyadan istifadə edərək, xalqımızın başına gətirilmiş əsil soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm mövqedən çıxış etmələrinin də vacibliyini diqqətə çatdırdı.
Daha sonra YAP fəalları olan gənclər Quba şəhərində olan Quba soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni də ziyarət edib önünə gül dəstələri düzüblər. Sonra Quba Olimpiya Kompleksində YAP Gənclər Birliyinin fəallarının iştirakı ilə 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş dəyirmi masa keçirildi.
Dəyirmi masa iştirakçılara ilk öncə soyqırımı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canını qurban vermiş oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov dəyirmi masada giriş sözü ilə çıxış edərək, 93 il bundan əvvəl - 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar və onun acı nəticələri barədə danışdı. Bildirdi ki, həmin vaxt Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər bölgələrdə törədilən bu qətliamlar zamanı on minlərlə həmvətənimizin qəddarcasına qətlə yetirilib, xalqımızın qiymətli maddi mədəniyyət abidələrinin məhv edilərək, əsil soyqırımı siyasəti həyata keçirilib. S.Orucov minilliklər boyu Azərbaycan xalqının daima yadelli hücumlara məruz qaldığını, torpaqlarımızın və ərazi bütövlüyümüzün təmin olunması üçün şəhidlər verdiyini bildirdi.
YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev də çıxışında ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasəti və bunun acı nəticələrindən bəhs etdi. Bildirdi ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı törətməsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Quba soyqırımı məzarlığında həm tarixi, həm də əyani vəhşiliyi sübut edən faktları görmək mümkündür.
YAP Yasamal rayon təşkilatı gənclər birliyinin üzvü Anar Cəfərov xalqımızın əsrlər boyu düşmənlər tərəfindən misli görünməmiş işgəncələrə məruz qalmasından bəhs etdi. Qeyd etdi ki, Azərbaycan bədnam qonşumuz olan təcavüzkar ermənilər tərəfindən tarixin ayrı-ayrı vaxtlarında soyqırımı siyasətinə, iyrənc, insan təfəkkürünə sığmayan vəhşiliklərlə üz-üzə qalıb.
YAP Səbail rayon təşkilatı gənclər birliyinin üzvü Anar Rzaquliyev də çıxışında vətənimizin minilliklər boyu xarici təcavüzlərə məruz qaldığını xalqımıza qarşı əsil soyqırımı siyasətinin həyata keçirildiyini bildirdi.
YAP Yasamal rayon təşkilatı gənclər birliyinin üzvü Sadiq Hacıyev xalqımızın başına gətirilən bəlaların beynəlxalq müstəviyə çıxarılmasının vacibliyini qeyd edərək, gənclərin bu işdə öz fəallığını daha da artırmalarının zəruri olduğunu söylədi.
YAP Yasamal rayon təşkilatı gənclər birliyini üzvü Vüsalə Niftəliyeva da Azərbaycanın gələcəyi olan gənclərin üzərinə düşən vəzifələrdən bəhs edərək, onların xalqımızın tarixi keçmişindən böyük dərs və örnək götürmələrinin əsas şərt olduğunu vurğuladı.
Region gəncləri adından çıxış edən YAP Quba rayon təşkilatı gənclər birliyinin sədri Rəşidə Əkbərova ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş vandalizm aktlarına uzun müddət obyektiv qiymət verilməməsindən yalnız Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılmış, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla erməni millətçilərinin hərəkətlərinə hüquqi-siyasi qiymət verildiyini bildirdi.
Dəyirmi masada çıxış edən digər fəal gənclər də, Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində informasiya mübarizəsində hücum taktikasının daha əzmlə davam etdirilməsinin, ermənilərin əsil simasının bütün xalqlara tanıdılmasının, xalqımızın başına gətirilən bu cür vəhşiliklərin, vandalizm aktlarının, soyqırımı siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən hüquqi-siyasi qiymət verilməsi üçün ardıcıl iş aparılmasının vacibliyini bildirdilər.
Tədbirdə, həmçinin, mövzu ilə bağlı gənclar arasında ətraflı fikir mübadiləsi aparıldı.

Digər xəbərlər