PDF Oxu

Əsas

  • 14

İsveçrə Konfederasiyasının Prezidenti Naxçıvandadır

İsveçrə Konfederasiyasının Prezidenti Naxçıvandadır
Dünən Azərbaycana rəsmi səfəri çərçivəsində Naxçıvana gələn İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşüb.
İsveçrə Prezidentini Azərbaycanın qədim Naxçıvan diyarında salamlamaqdan məmnun olduğunu bildirən Ali Məclisin sədri bildirib ki, İsveçrə Azərbaycanın müstəqilliyini tanıyan və onunla diplomatik əlaqələr quran ilk ölkələrdən biridir. Azərbaycanın İsveçrədə səfirliyi 2004-cü ildən, İsveçrənin ölkəmizdə diplomatik missiyası isə 2007-ci ildən fəaliyyət göstərir. Qeyd etmək xoşdur ki, Azərbaycanın bu qədim torpağında İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə reallaşdırılan kəhriz sistemlərinin bərpası layihəsi muxtar respublikanın inkişafına öz töhfəsini verməkdədir. Ali Məclisin sədri bu köməyə görə Prezident xanım Mişelin Kalmi-Reyə, İsveçrə Konfederasiyasının hökumətinə Naxçıvan Muxtar Respublikasının hökuməti və əhalisi adından minnətdarlığını bildirib, onun ölkəmizə bu səfərindən sonra əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Ali Məclisin sədri kəhriz sistemlərinin bərpası layihəsinin icrası barədə məlumat verib. Qeyd olunub ki, bu layihənin həyata keçirilməsinə 2007-ci ilin noyabr ayından başlanılıb. Dəyəri 3 milyon 314 min İsveçrə frankı olan layihə 35 yaşayış məntəqəsini əhatə edir. Layihəyə əsasən 97 kəhriz bərpa ediləcək. İndiyədək 69 kəhrizin bərpası başa çatdırılmış, 28 kəhrizdə isə iş davam etdirilir. Bərpa nəticəsində kəhrizlərdə su sərfiyyatı saniyədə 141 litrdən 367 litrə çatdırılmışdır. Bütün bunlar 20 ildir Ermənistan tərəfindən blokadada saxlanılan muxtar respublika əhalisinə çox böyük dəstəkdir.
İsveçrənin dünyada ədalətli bir dövlət kimi tanındığını bildirən Ali Məclisin sədri deyiblş, isveçrəli jurnalist Andre Vidmer ölkənizdə nəşr olunan həftəlik qəzetdə Ermənistanın işğal etdiyi Ağdam haqqında məlumatlar dərc etdirib, bundan başqa qəzetdə dərc olunan və İsveçrənin bir sıra internet saytlarında yerləşdirilən həmin məlumatlarda işğalçı Ermənistanın Azərbaycanın Ağdam rayonunda törətdiyi vəhşiliklər barədə ətraflı bəhs edilib. Andre Vidmer Ermənistana növbəti səfəri zamanı oradan deportasiya olunub. Ali Məclisin sədri İsveçrə hökumətinə və jurnalistə ədalətli mövqeyinə görə təşəkkürünü bildirib, eyni zamanda Andre Vidmeri Naxçıvan Muxtar Respublikasına səfərə dəvət edib.
İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey Naxçıvana səfər etməkdən məmnun olduğunu bildirərək deyib ki, o çoxdan Naxçıvana gəlmək istəyib: "Mən çoxdan istəyirdim ki, Naxçıvana gəlim və burada həyata keçirdiyiniz layihələrlə tanış olum. Hesab edirəm ki, bu layihələr muxtar respublika üçün çox vacibdir. Onların reallaşdırılması əhalinin təmiz içməli su ilə təmin edilməsi, kənd təsərrüfatının inkişafı və yeni iş yerlərinin açılması baxımından olduqca əhəmiyyətlidir."

Digər xəbərlər