PDF Oxu

Əsas

  • 21

Paytaxtda möhtəşəm bayram şənliyi keçirilib

Paytaxtda möhtəşəm bayram şənliyi keçirilib
Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə "Torpaq çərşənbəsi" yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış torpağı oyadırlar.
İlaxır Çərşənbə 4 çərşənbənin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd olunur. Mərasim sübh tezdən suya tapınma ayini ilə başlayır. İnsanlar su kənarına gedir, su üstünə atlanır, dərdini, arzusunu axar suya deyir və ondan imdad diləyirlər. Bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Bu axşam üzərlik yandırılır, tonqallar alovlanır, tonqal üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.
Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Martın 15-də Azərbaycanda yurdumuza baharın gəlişini müjdələyən çərşənbələrdən sonuncusu - İlaxır çərşənbə əsl ümumxalq bayramı kimi qeyd olunur. Ölkə ərazisində kütləvi şənliklər və mərasimlər keçirilir, təbiətin oyanması ilə yurdumuza qədəm qoyan baharın elimizə xoşbəxtlik, ruzi-bərəkət və əmin-amanlıq gətirməsi arzulanır.
SİA-nın xəbərinə görə, İlaxır çərşənbə münasibətilə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtda bayram tədbirlərinə start verilib. Bayram tədbirləri Bakının Neftçilər prospektindəki "Azneft" meydanından başlanıb. Milli geyimli gənclərin, Novruz bayramının əsas simvollarından sayılan Kosa və Keçəl, eləcə də Dədə Qorqud rollarında oynayan aktyorların tamaşası paytaxt sakinlərinin böyük marağına səbəb olub.
Bundan əlavə, "Azneft" meydanındakı tədbirdə Azərbaycan xalqının qədim tarixini özündə əks etdirən tamaşalar da nümayiş etdirilib. Orta əsrlərin döyüşçülərinin geyimində olan gənclər at belində, cəngi musiqisinin sədaları altında dairə vurublar.
Milli geyimli oğlan və qızlar "Azneft" meydanından dəvələrdən ibarət karvanla Suraxanı rayonu ərazisindəki "Atəşgah" məbədindən od götürmək üçün yola düşüblər. Onları şən və oynaq musiqi sədaları altında Novruzun əsas personajları olan Dədə Qorqud, Bahar qız, Keçəl və Kosa müşayiət edib.
"Atəşgah" məbədindən od götürən karvan musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə Heydər Əliyev Sarayı qarşısından keçərək Qız qalasına yaxınlaşıb. Gətirilən odla saat 19.00-da Qız qalasının üstündəki məşəl alovlandırlıb. Qız qalasının qarşısındakı meydanda incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil olunub. Burada tanınmış musiqiçilərin ifasında baharı, yazın gəlişini vəsf edən mahnılar səsləndirilib. Mərasim möhtəşəm atəşfəşanlıqla davam edib.

Digər xəbərlər