Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatlar cari məsələlərlə bağlı fikirlərini bölüşdülər.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı ermənilər tərəfindən azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş 31 mart soyqırımı və 1992-ci ildə fevralın 26-da törədilmiş Xocalı soyqırımı ilə bağlı soyqırım mərkəzinin yaradılmasını təklif etdi. Onun sözlərinə görə, 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımla bağlı Fərman, 1999-cu ildə isə həmin məsələ ilə əlaqədar Sərəncam imzalanıb.
Millət vəkili Elmira Axundova isə çıxışında ötən iclas zamanı kinoteatrların vəziyyəti ilə bağlı səsləndirdiyi fikirlərin bəzi mətbuat orqanları tərəfindən təhrif olunduğunu söylədi. O, eyni zamanda, parlamentin fəaliyyətinin daha geniş işıqlandırılması üçün yeni açılmış "Mədəniyyət" kanalında bir neçə saat yer ayrılmasını təklif etdi.
İclasda çıxış edən millət vəkili Zahid Oruc qeyd etdi ki, martın 5-də keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündə hansısa nəticənin əldə olunacağına dair ölkəmizin ictimaiyyətində ümidlər var: "Baxmayaraq ki, əvvəlki görüşlərdə heç nəyə nail olunmayıb. Amma Azərbaycan bu görüşə güclü mövqe ilə gedir. Çünki bu məsələdə güclü dövlət-xalq həmrəyliyi var. Prezidentin ötən gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin açılışına qatılması da bir rəmzi məna daşıyır".
Siyavuş Novruzov: "Ermənistanın təcavüzkarlığını dünyaya daha böyük şəkildə çatdırmaq baxımından ümumiləşdirilməlidir"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə çıxışında ümumi bir soyqırımı abidəsinin yaradılmasını təklif edib: "3 ay ərzində üç matəm mərasimi keçirilir. 20 Yanvar, Xocalı soyqırımı və 31 mart soyqırımı. Bu məsələyə qlobal şəkildə yanaşmaq lazımdır". O bildirdi ki, belə bir vahid abidə-muzey xarici qonaqları başımıza gəlmiş ayrı-ayrı faciələr və təcavüz barədə məlumatlandırmağa imkan verəcək. "Ayrı-ayrı hadisələr haqqında müxtəlif abidələrin qoyulması ilə hədəflərimizə çata bilməyəcəyik" deyə o, vurğulayıb. Onun sözlərinə görə, bu, ümumiləşdirilməli, beynəlxalq aləm üçün Ermənistanın tarixən Azərbaycana etdiyi təcavüz konkret göstərilməlidir. "Bu, həm də müxtəlif vaxtlarda azərbaycanlıların öz vətənləri uğrunda canlarından keçməsi ilə bağlı ümumiləşmiş abidə ola bilər. Yəni, dünyaya daha böyük şəkildə çatdırmaq baxımından ümumiləşdirilməlidir" deyə YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov bəzi millət vəkillərinin Qəbələ RLS ilə bağlı fikirlərinə də münasibət bildirib. Qəbələ RLS-in icarə müddətinin bitməsinə hələ bir il qaldığını deyən millət vəkili bu müddətdə bağlanacaq hər hansı müqavilənin parlamentdə təsdiq olunacağını vurğulayıb. S.Novruzov bir sıra KİV-ləri ölkədə çaşqınlıq yaratmaqda ittiham edib. "Bu nəşrlər Bakıya qoşun yığılması və ya filan məmurun fəaliyyəti barədə ağlasığımaz yazılar yazırlar. Bütün bunlar cəmiyyəti çaşdırmaq məqsədi güdür"-deyə o, qeyd edib. Millət vəkili deyib ki, ölkədə hər kəs qanuna tabe olmalıdır, əks halda onlar qanun qarşısında cavab verəcəklər.
Bahar Muradova: "Daimi Komitənin iclasında müşahidə missiyasının rəhbəri Volfqanq Qrossruk çox obyektiv olaraq seçkinin normal, Azərbaycan qanunvericiliyi çərçivəsində keçirildiyini bildirdi"
Sonra Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın ötən həftə keçirilmiş qış sessiyasında aparılmış müzakirələr barədə məlumat verdi. Bildirdi ki, sessiyada müzakirə olunan əsasən ATƏT regionunda təhlükəsizlik, inteqrasiya və miqrasiya məsələləri müzakirə olunurdu. Gündəlikdə əsasən Belarusda və Qırğızıstanda vəziyyət, insan alverinə qarşı mübarizə məsələləri yer alırdı. Azərbaycan nümayəndə heyətinin üzvləri bu müzakirələrdə fəal iştirak etdilər. Bu kontekstdə ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər bildirildi.
ATƏT PA-nın qış sessiyası zamanı qurumun Daimi Komitəsində ölkəmizdə ötən il keçirilən parlament seçkiləri ilə də bağlı müzakirələr aparılmışdır. Bahar Muradova qeyd etdi ki, seçkidən sonra ATƏT PA-nın müşahidə missiyası ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası arasında seçkilərin yekunları ilə bağlı ziddiyyət yaranıb. ATƏT DTİHB rəyi ATƏT PA-nın missiyasının rəyindən fərqlənib. Bu məsələ ilə bağlı ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik Volfqanq Qrossruk seçkilərdən dərhal sonra ATƏT-in o vaxtkı sədri Kanat Saudabayevə şikayət məktubu yazıb. Məktubda açıq şəkildə göstərilib ki, ATƏT DTİHB Azərbaycanda keçirilən seçkilərin nəticələrinə birtərəfli və qərəzli yanaşmış, eləcə də, ölkəmizdəki real vəziyyəti əks etdirməkdən daha çox hansısa dairələrin maraqlarını həyata keçirməyə cəhd göstərmişdir, dövlət orqanları və seçki orqanları ilə əməkdaşlıq nümayiş etdirməmişdir.
Bahar Muradovanın sözlərinə görə, Daimi Komitənin iclasında da müşahidə missiyasının rəhbəri Volfqanq Qrossruk çox obyektiv olaraq seçkinin normal, Azərbaycan qanunvericiliyi çərçivəsində keçirildiyini bildirib. O, parlament seçkilərini ölkəmizdə demokratiyanın inkişafında irəliyə doğru addım kimi qiymətləndirib, seçki prosesinin yaxşı təşkil edildiyini, hökumət qurumlarının beynəlxalq təşkilatlarla, o cümlədən, ATƏT-lə sıx əməkdaşlıq etdiyini, bütün müşahidəçilərə seçkini sərbəst izləmək üçün hər bir şərait yaradıldığını qeyd edib və bütövlükdə, seçki mühitini müsbət dəyərləndirib.
Məsələ ilə bağlı çıxış edən Rusiya və Qazaxıstanın nümayəndələri ölkəmizdə keçirilən parlament seçkilərinin demokratik keçirildiyini bildiriblər.
Oqtay Əsədov: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu Azərbaycana həmişə hazır reseptlə gəlir"
Milli Məclisin Sədri Oqtay Əsədov da ATƏT DTİHB-in fəaliyyətinə tənqidi münasibət bildirdi. O.Əsədov dedi: "Mən seçkilər ərəfəsində Azərbaycana gələn institut rəhbərliyi ilə görüşdə sual etdim ki, siz hazır reseptlə gəlmisiniz, yoxsa normal müşahidə aparacaqsınız? Bildirdilər ki, bizim hazır reseptimiz olmur. Ancaq illərdir görürük ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu Azərbaycana həmişə hazır reseptlə gəlir. AŞPA və ATƏT PA-nın qərarı qalır bir tərəfdə, 10-12 saat danışıq keçirir, sonra öz fikirlərini deyib gedirlər. Ona görə qurumun rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək".
Elmira Süleymanova: "Ötən il ombudsmana 11600 müraciət daxil olub"
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombdusmanın) 2010-cu il üzrə illik məruzəsi dinlənildi.
Məruzənin giriş hissəsində bildirilir ki, ötən il əhalinin rifah halının yüksəlməsinə istiqamətlənmiş əlverişli sosial-iqtisadi və hüquqi siyasətin həyata keçirilməsi nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əhəmiyyətli irəliləyişlər əldə edilmişdir. Məhz bunun nəticəsidir ki, yoxsulluğun səviyyəsi 9,1 faizə qədər azalmışdır. BMT-nin insan inkişafına dair son hesabatında 2005-ci illə müqayisədə 34 pillə irəliləyən respublikamız 101-ci yerdən 67-ci yerə qədər yüksəlmişdir. İnsan inkişafı indeksinin orta illik tempinə görə ölkəmiz keçmiş sovet məkanında son on il ərzində aparıcı dövlət olmuşdur. Respublikamız "orta insan inkişafı" qrupu ölkələrini tərk etmiş və "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur.
Məruzədə, həmçinin, bildirilirdi ki, müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 62720 müraciət daxil olmuşdur. 2010-cu il ərzində daxil olan şikayətlərin sayı 2009-cu illə müqayisədə 32,5 faiz artmışdır. Belə ki, 2009-cu ildə müvəkkilin ünvanına 8800 müraciət daxil olduğu halda 2010-cu ildə bu rəqəm 11660 təşkil etmişdir. Bunun əsas səbəbi pozulmuş insan hüquqlarının bərpa edilməsi istiqamətində həyata keçirilən fəaliyyətin ilbəil təkmilləşməsi, nəticədə vətəndaşlar tərəfindən Ombudsman İnstitutuna etimadın artmasıdır.
Ombudsman Elmira Süleymanova vətəndaş və siyasi, iqtisadi və sosial hüquqların müdafiəsi, insan hüquqları sahəsində maarifləndirmə və digər görülən işlər barədə ətraflı məlumat verdi.
Mübariz Qurbanlı: "Azərbaycanda insan hüquqları və azadlıqları yüksək səviyyədə qorunur"
YAP İcra kitibinin müavini, millət vəkili Mübariz Qurbanlı ombudsmanın ötənilki fəaliyyətinin kifayət qədər səmərəli olduğunu dedi. Azərbaycanda insan hüquqlarının və azadlıqlarının yüksək səviyyədə qorunduğunu qeyd edən Mübariz Qurbanlının sözlərinə görə, ombudsmanın məruzəsi də bu sahədə görülən işlərin təqdirəlayiq olduğunu göstərir.
Deputat Elmira Axundova da ölkəmizdə insan hüquqlarının qorunması sahəsində xeyli iş görüldüyünü qeyd etdi.
Aydın Mirzəzadə: "Məruzədən görünür ki, artıq Ombudsman İnstitutu ölkəmizdə kifayət qədər nüfuzlu təşkilata çevrilib"
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, ombudsmanın məruzəsi kifayət qədər əhatəli və informativdir. Məruzədən görünür ki, artıq Ombudsman İnstitutu ölkəmizdə kifayət qədər nüfuzlu təşkilata çevrilib. Sənəddə bütün sahələr üzrə insan hüquqlarının qorunması ilə bağlı görülən işlər öz əksini tapıb. Bu, ondan xəbər verir ki, heç bir məsələ diqqətdən kənarda qalmayıb. Aydın Mirzəzadə ombudsmanın məruzəsinə Ombudsman Aparatının regional mərkəzlərinin fəaliyyəti barədə məlumatların salınmasını da təklif etdi.
Milli Məclisin dünənki iclasında, həmçinin, "Gömrük tarifi haqqında", "Yeyinti məhsulları haqqında", "Notariat haqqında" və "Dərman vasitələri haqqında" qanunlara əlavə və dəyişikliklər də edib.