ATƏT Azərbaycanın haqq işini müdafiə edir
Azərbaycanın dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə çox geniş əlaqələri və əməkdaşlıq münasibətləri mövcuddur. Demək olar ki, BMT, ATƏT, AŞPA, NATO, İKT və bu kimi digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqlı, ədalətli mövqeyini tanıyır və hər zaman dəstəkləyir. Xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli ilə bağlı beynəlxalq qurumların tutduğu prinsipial, ədalətli mövqe Azərbaycanın dünya xəritəsində yeri və rolunun möhkəm olduğunu göstərir. ATƏT də həmin nüfuzlu beynəlxalq təşkilatlardandır ki, hər zaman Azərbaycanın haqq işinin müdafiə edib və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirib. ATƏT-in Vyanada keçirilən qış sessiyasında da dövlətimizin milli maraqlarına uyğun müzakirələr aparılıb və parlamentarilərə Azərbaycan nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağ həqiqətləri ilə bağlı çox geniş və əhatəli məlumatlar çatdırıblar. Elə Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovla da söhbətimiz bu və digər məsələlərlə bağlı oldu.
"ATƏT-in qış sessiyasında Azərbaycanda keçirilən 7 noyabr parlament seçkiləri çox geniş və əhatəli şəkildə müzakirə olundu. ATƏT Parlament Assambleyasının rəhbəri Volfranq Qrossfurq sessiyada çıxış etdi və Azərbaycanda keçirilən parlament seçkilərini çox yüksək qiymətləndirdi. Hətta seçicilərin kütləvi və azad şəkildə seçkilərə qatılması, istədiyi namizədə səs verməsi də bildirildi. Daha sonra Rusiya, İtaliya, Qazaxıstan və bir çox dövlətlərin nümayəndələri çıxış etdilər. Belarus tam fərqli olaraq, Azərbaycanda keçirilən seçkilərin çox ədalətli, haqlı şəkildə keçdiyini bildirdilər" deyə millət vəkili bildirdi. Millət vəkilinin sözlərinə görə, ATƏT Azərbaycanda keçirilən parlament seçkilərindən çox məmnundur. ATƏT məkanında 7 noyabr parlament seçkiləri öz demokratikliyi, şəffaflığı, azad şəraitdə keçirilməsi ilə yadda qaldı. Millət vəkili vurğuladı ki, ATƏT-in budəfəki qış sessiyasında inteqrasiya, immiqrasiya və çoxtərəfli dialoq barədə məsələlər də müzakirə olundu. Bundan əlavə, iqtisadiyyat komissiyasında insan alverinə qarşı mübarizə məsələsi də müzakirə olundu və mən də bununla əlaqədar çıxış etdim: "Azərbaycanda görülən tədbirləri, cənab Prezident İlham Əliyevin tapşırığı ilə 2005-ci ildə qəbul olunan Milli Proqramla bağlı danışdım və bildirdim ki, bütün keçirilən bu tədbirlərin hamısı Azərbaycanda bütün sahələrə xüsusi diqqət və qayğının olduğuna bariz nümunədir".
Millət vəkili onu da əlavə etdi ki, amerikalı senator Kristofor Smitin Azərbaycan dövlətinə qarşı münasibəti o qədər də müsbət deyil. Amma K. Smit Azərbaycanla bağlı bütün çıxışları diqqətlə dinləyirdi və sonda öz fikirlərini bildirdi: " Azərbaycan dövlətinin nümayəndə heyətlərinin çıxışından çox razı qaldım. Bəli, bu gün həqiqətən də, Azərbaycanda çox yüksək səviyyədə iş gedir, seçkilər tam ədalətli, şəffaf, müstəqil formada keçirilib və mən bunun üçün çox şadam. Xahişim də budur ki, yüksək səviyyədə keçirilən bu tədbirlər davam etdirilsin". "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Avropa dövlətinin prinsipial mövqe nümayiş etdirməmələrini nə ilə əlaqələndirmək olar" sualını cavab olaraq, millət vəkili bildirdi ki, bir çox Avropa dövlətləri Azərbaycanla bağlı çox vaxt prinsipial mövqe nümayiş etdirməyib. Həmişə ikili standartdan çıxış edib. Təbii ki, bu da Azərbaycan dövləti üçün xoşagəlməz bir haldır. ATƏT-in Minsk Qrupunun üç həmsədr dövləti bunun bariz nümunəsidir. Prinsipiallığı əslində onlar göstərməlidir.
Avropa dövlətlərinin Ermənistanı işğalçı dövlət kimi tanıması məsələsinə toxunan E. İbrahimov bildirdi ki, Rusiya dövlətinin də bu tendensiyanı davam etdirməsi o qədər də qənaətbəxş deyil. Çünki Rusiya dövlətinin Ermənistanda olan hərbi bazalarının sayı-hesabı yoxdur. Ola bilsin ki, bundan sonra da hansısa dövlət Ermənistanı işğalçı dövlət kimi tanısın. Amma Rusiya dövlətinin yaxın vaxtlarda bunu etməsinə inanmıram.