Elmar Məmmədyarov Ukraynanın baş naziri və Ali Radasının sədri ilə görüşüb
Dünən Ukraynaya səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın Ali Radasının sədri Vladimir Litvin ilə görüşüb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasındakı siyasi və iqtisadi məsələlər müzakirə edilib. Azərbaycan və Ukrayna Parlamentləri arasında əməkdaşlığın yüksək səviyyədə aparıldığı vurğulanmış və parlament diplomatiyasının əhəmiyyəti xüsusi olaraq qeyd edilib. Hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib.
Həmin gün nazir E.Məmmədyarov Ukraynanın baş naziri Nikolay Azarov ilə görüşüb. İkitərəfli münasibətlərin müzakirəsi ilə yanaşı Ukrayna Prezidentinin Azərbaycana səfərindən öncə Azərbaycan - Ukrayna Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi qərara alınıb. Buna əlavə olaraq, iki ölkə arasında kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə biznes forumun və müvafiq sərgilərin keçirilməsi ilə bağlı razılıq əldə edilib.