Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda böyük gücə və qüdrətə malikdir
Günü-gündən öz gücünü artıran Azərbaycan Ordusu artıq müəyyən qüvvələri və dairələri narahat etməkdədir. Çünki Cənubi Qafqazda böyük və qüdrətli orduya malik olan Azərbaycan öz mövqelərini daha da möhkəmləndirir. Bu isə, öz növbəsində, ölkəmizin qüdrətlənməsini istəməyən dairələrin onlara havadarlıq edən qüvvələrin ciddi narahatlığına səbəb olur. Amma bütün bunların fonunda isə Silahlı Qüvvələrimizin döyüş və peşəkarlıq qabiliyyəti, maddi-texniki təchizatı ən yüksək səviyyədə təşkil olunub. Təəccüb və təəssüf doğuran məqam isə, ondan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinə bələd olan maraqlı dairələr məhz ordumuzun gücünə sanki bir kölgə salmaq üçün müəyyən məsələləri daha çox qabarıq formada təqdim etməkdə niyyətli görünürlər. Amma bu gün ordumuzla tam həmrəy olan Azərbaycan cəmiyyəti öz Silahlı Qüvvələrinə güvənir və onun inkişafında yaxından iştirak edir. Bizimlə həmsöhbət olan millət vəkilləri, cəmiyyətin ayrı-ayrı təbəqəsindən olan nümayəndələr dünyanın ən qabaqcıl ordularında baş verən xırda insidentləri nümunə göstərərək, bu məsələləri bir qədər diqqətlə yanaşmağı tövsiyə ediblər.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Aydın Mirzəzadə Azərbaycan ictimaiyyətinin "N" saylı hərbi hissədə baş vermiş insident haqqında məlumatlı olduğunu bildirdi. Qeyd etdi ki, bununla bağlı səlahiyyətli orqanlardan ibarət istintaq qrupu yaradılıb və məsələnin dərindən araşdırıldığı barəsində də məlumatlar verilir. A.Mirzəzadə bu olayın çox xoşagəlməz bir məsələ olduğunu da vurğulayıb. "Bu gün hardasa müəyyən bir intizam üstündə baş verdikdə və kimlərsə öz vəzifəsinə səhlənkar yanaşdıqda, bu cür məsələlər baş verir. Eyni zamanda, bu hadisədən sonra müəyyən dairələr insidenti süni şəkildə şişirtməyə çalışırlar. Hətta bir sıra hallarla açıq şəkildə ittihamlarla çıxış edənlər də ortaya çıxdı. Hətta müdafiə nazirliyinin bütün ordu barəsində müfəssəl hesabat verməsini tələb edənlər də oldu. Amma burada bir şeyi unutmaq olmaz ki, ordu qapalı və xüsusi rejimli bir təşkilatdır. Onun haqqında isə hər bir məlumat kifayət qədər ölçülüb-biçildikdən sonra cəmiyyətə ötürülə bilər. Eyni zamanda, bu gün Azərbaycan Ordusunun rəhbərliyi ancaq Ali Baş Komandan qarşısında hesabat verə bilər və Onun qarşısında məsuliyyət daşıyır. Ordunun parlament qarşısında geniş hesab verməsi, əslində, dövlət sirlərinin yayılması və ordu haqqında xoşagəlməz söhbətlərin yaranmasına səbəb olan bir hal olardı" deyən A.Mirzəzadə məhz "N" saylı hərbi hissədə baş vermiş insidentlə bağlı görülən ilkin tədbirlər, atılan addımların da cəmiyyətimiz üçün məlum olduğunu diqqətə çatdırdı. A.Mirzəzadə artıq hadisə yerində təyin olunmuş komissiyanın öz işini icra etdiyini, ölkə Prezidentinin Sərəncamı ilə korpus komandirinin vəzifəsindən çıxarılaraq, general rütbəsinin əlindən alındığını bildirdi. Millət vəkili bunun baş vermiş məsələyə çox ciddi şəkildə yanaşıldığını vurğuladı. Qeyd etdi ki, Azərbaycan Ordusunun çox qısa bir müddətdə təqribən 15-16 il bundan əvvəl boş bir yerdən yarandığı və pis silahlanmış zəif texniki bazası olan bir qurumdan bu gün ən müasir silahlara malik yüksək peşəkarlığı olan bir quruma çevrildiyi göz qabağındadır. "Orduda böyük quruculuq işləri aparılır. Ona görə də, bu gün Azərbaycan Ordusu öz üzərinə düşən vəzifəni yerinə yetirmək iqtidarındadır. Bundan sonra da Azərbaycan Silahlı Qüvvələri öz güc və qüdrətini artırmaqda davam edəcək. Bu baxımdan da, ordu ilə bağlı verilən informasiyalar düşünülmüş və təmkinli olmalıdır. Orduya qarşı informasiya hücumlarına qətiyyən yol verilməməlidir. Çünki ordu vətən kimi bir anlayışdır. Ona görə də, heç bir zaman ordu tənqid edilə, qınalına bilməz. Ordu ancaq diqqətəlayiq görülə və sevilə bilər. Ali Baş Komandanın, cəmiyyətin bütün sahələrində olduğu kimi, ordu quruculuğuna da ciddi diqqət yetirməsi bu istiqamətdə işlərin yüksək səviyyədə aparılması Azərbaycan Ordusunun ən müasir orduya çevrilməsinə gətirib çıxarmışdır. Hesab edirəm ki, "N" saylı hərbi hissədə də məsələ araşdırıldıqdan sonra, cəmiyyətə müfəssəl məlumat veriləcək və bu cür halların qarşısının alınması üçün müvafiq işlər görüləcək. Eyni zamanda, vurğulayım ki, bugünkü Azərbaycan Ordusu Mübariz İbrahimov kimi qəhrəmanların ordusudur. Yüzlərlə milli qəhrəmanlarımız vəzifə borcunu yerinə yetirərək, şəhid olmuş hərbçilərimiz var. Ona görə də, bu gün orduya qarşı informasiya hücumunu təşkil etmək özümüzə, milli qəhrəmanlırımızın ruhuna hücum etmək deməkdir. Amma çox təəssüflər olsun ki, bəzi maraqlı qüvvələr bu cür insidentlərdən siyasi dividendlər əldə etməyə çalışırlar. Amma maraqlı bir cəhət ondan ibarətdir ki, cəmiyyətimiz bu məsələlərə çox təmkinlə yanaşır və bəzilərinin yanaşmalarına qətiyyən cavab vermir" deyə A.Mirzəzadə əlavə edib.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc da birmənalı şəkildə ordunun bütövlükdə millətə, xalqa məxsus olduğunu vurğuladı. Qeyd etdi ki, bunun üçün də həmin sferaya münasibət də, bütövlükdə, ümumi bir xarakter daşımalıdır. Digər tərəfdən isə, Z.Oruc ordudakı hər hansı bir xırda problemin, qərəzin subyektin meyillərin və yaxud da ki, düşmən niyyətlərin kontekstində də şərh olunamasının qəti əleyhinə olduğunu bildirdi. O, eyni zamanda, heç bir halda problemlərin söylənməsinin də, düzgün hal hesab edilmədiyini qeyd etdi. "Çünki elə məsələlər var ki, onların ictimailəşdirilməsi ümumi təhlükəsizlik maraqlarımıza zərbə vura bilər. Məsələ müəyyən dərəcdə ictimailəşdiyi halda isə, onların üzərindən çox fəal reaksiyaları, mövqeləri gündəmə gətirmək lazımdır. Belə olan halda, xəbərlə işləyənlərin birinci vəziyyətində əsas aparıcı tendensiyaları bizlər müəyyənləşdirə bilərik. Orduda baş verən müəyyən insidentlə bağlı isə ilk andan etibarən hadisəni qarşılamaq, onunla bağlı ilkin mövqeləri cəmiyyətə təqdim etmək lazımdır. Çünki istənilən halda qapalılıq ümumi siyasət və maraqlar, təhlükəsizlik və müdafiə üçün də əlverişli olmur. Başqa bir tərəfdən isə Azərbaycanın Ordu quruculuğu böyük bir yol keçib. Bu inkarolunmazdır ki, Azərbaycan Ordusu tamamilə xaotik bir vəziyyətdə hansısa qruplar halında idarə olunmaqdan nizami bir mərkəzdən idarə olunan və Ali Baş Komandanın iradəsini yerinə yetirən mühüm bir struktura çevrilib. Heç şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələri ötən illər müəyyən beynəlxalq əlaqələr qurub, təkmilləşmək üçün mühüm yollar keçib. Məhz bunların nəticəsində çox qabaqcıl modellər ölkəmizə gətirilib. Qardaş Türkiyənin timsalında bunu açıq şəkildə görmək mümkündür. Çox qabaqcıl ənənələri və hərbi gücü daşıyan ölkə ilə müştərək qaydada Azərbaycan Silahlı Qüvvələrinin formalaşması, yeniləşməsi, modernləşməsi yolunda mühüm addımlar atılıb. Bunun ən başlıca fundamental bazası Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılıb. Paralel şəkildə isə Azərbaycanda bunun təsir bazasının gücləndirilməsi işində müəyyən prinsiplər reallaşdırılıb. Bu zəmində Azərbaycan Ordusunun, xüsusilə də, hərbi texnika cəhətdən təminatı naminə Müdafiə Sənayesi Nazirliyi strukturu da yaraldılıb. Demək istəyirəm ki, Azərbaycan Ordusunun sənaye əsaslarının formalaşması da, xarici silah asılılığından qurtarmağa xidmət edən tam ciddi aparıcı modellər sırasındadır. Bundan əlavə, orduda çalışanların sosial şəraitinin yaxşılaşdırılması, kadrların düzgün təyin edilməsi, eləcə də, stimullaşdırma və cəzalandırmaların həyata keçirilməsi üçün də konkret addımlar atılır" deyən Z.Oruc bütün bunların Azərbaycan Ordusunun öz güc və qüdrətini daha da artırmağa, işğal altında qalan torpaqlarımızın düşəməndən hər an azad edilməsi üçün əlindən gələni etməyə hazır olduğunu bir da isbatlamağa xidmət etdiyini vurğuladı.