Drezden
Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş "Xocalı həqiqətləri" sənədli filmi nümayiş olunacaq
24 fevral 2011-ci il tarixində Almaniyanın Drezden şəhərində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən "Alm.Az" cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə Almaniya ziyalıları, ictimai icmaların üzvləri, siyasi partiyaların nümayəndələri iştirak edəcəklər. Tədbirə Drezden Meriyasından xanım Dr. Oraş, Meriyanın şöbə müdiri xanım Dr. Sabina Məmmədova, şəhər dumasının deputatları Dr. Azad Məmmədov, German Levenfuss, Drezden kitabxanasının sədr müavini xanım Dr. Danuta Sprigmanın, yəhudi və rus icmalarının nümayəndələrinin qatılacağı gözlənilir.
Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş "Xocalı həqiqətləri" sənədli filmi nümayiş olunacaq, "JUSTICE FOR KHOJALY" klipi səsləndiriləcək. Tədbir zamanı Xocalı soyqırımı ilə bağlı Almaniya hökumətinə müraciət qəbul olunacaq.
Tədbirlər planına uyğun olaraq elə həmin gün İsraildə də Azərbaycan Respublikasının tarixinin ən dəhşətli səhifələrindən biri - Xocalıda baş vermiş faciənin 19-cu ildönümü münasibəti ilə Xocalı faciəsi qurbanlarının anım günü keçiriləcək.
"İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Diaspor Komitəsi tərəfindən təşkil olunan anım günündə Knessetin deputatları, siyasi və ictimai təşkilatların liderləri, bələdiyyə hakimiyyəti orqanlarının nümayəndələri, İsraildə akkreditasiya olunmuş səfirlik və diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edəcəklər.
Tədbirdə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqal, politoloq Arye Qut çıxış edəcək, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən sənədli film nümayiş etdiriləcək. Tədbirdə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açılacaq. Dünya ölkələrində yaşayan azərbaycanlılar tərəfindən 1992-ci ildə fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri tərəfindən Xocalı şəhərinə edilən hücum diqqətə çatdırılacaq.
Küveyt
"Xocalı soyqırımı" kitabı ərəb dilinə tərcümə olunacaq
Küveytdə Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə silsilə anım tədbirləri həyata keçiriləcək. Tədbirlər zamanı Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və yardımı ilə "Xocalı soyqırımı" kitabı ərəb dilinə tərcümə olunaraq nəşr ediləcək. Eyni zamanda, 1992-ci ildə Xocalıda törədilən soyqırımı əyani şəkildə özündə əks etdirən sənədli film ərəb dilində CD variantında hazırlanıb yayılacaq. "Xocalı soyqırımı" kitabı və sənədli film Küveytin dövlət, hökumət qurumlarına, parlamentə, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndəriləcək. Bundan əlavə, "Xocalı uşaqların gözü ilə" ekspozisiyasının bəzi rəsmləri Küveytin ən böyük məscidi "91 - Məscid əl-Kabir" kompleksində təşkil olunacaq sərgidə nümayiş etdiriləcək. Küveytdə yaşayan və çalışan Azərbaycan diasporu fəallarının təşəbbüsü və təşkilatçılığı ilə səfirliyin konfrans zalında Xocalı faciəsi qurbanlarının anım mərasimi keçiriləcək. Mərasimdə Küveyt ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Norveç
"Xocalı: Faciədən
öyrəndiklərimiz" adlı seminar keçiriləcək, Heydər Əliyev Fondunun faciə ilə bağlı hazırladığı fotosərgi nümayiş etdiriləcək
24 fevral 2011-ci il tarixində Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşəbbüsü ilə Xocalı soyqırımının 19-cu ildönümü münasibəti ilə Norveçin Holokost mərkəzində "Xocalı: Faciədən öyrəndiklərimiz" (Khojali: Lesson from Tragedy) adlı seminar keçiriləcək, eyni zamanda, Heydər Əliyev Fondunun sözügedən faciə ilə bağlı hazırladığı foto sərgi nümayiş etdiriləcəkdir.
Seminarda Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov fəxri qonaq kimi iştirak edərək, Xocalı soyqırımı və onun törətdiyi fəsadlar haqqında danışacaqdır. Seminar - sərgi layihəsində NAYO-nun üzvləri, Norveç hökumətin nümayəndələri, norveçli və əcnəbi siyasətçilər, tədqiqatçılar, professorlar, Norveçdə təhsil alan yerli və xarici tələbələr, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak edəcəklər.
Bu seminarla bağlı NAYO-nun idarə heyətinin növbədənkənar toplantısı keçirilib. Toplantıda çıxış edən NAYO-nun sədri Ramil Əliyev, ilk dəfə olaraq, Norveçin məşhur Holokost mərkəzində Xocalı soyqırımı ilə bağlı tədbir keçirdiklərini bildirib.
"Seminara "Xocalı: Faciədən öyrəndiklərimiz" adını verməkdə əsas məqsədimiz odur ki, həm norveçlilərə, həm burada yaşayan digər millətlərin nümayəndələrinə sözügedən faciə ilə bağlı tarixi faktları çatdırmaqdır. Azərbaycan xalqına qarşı zaman-zaman törədilmiş tarixi faciələr, əsasən də, Xocalı soyqırımı xalqımıza çox məsələləri aydınlaşdırmağa və daha ətraflı dərk etməyə imkan yaratdı. Mənfur qonşularımız olan ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım siyasətini dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı, xüsusən də, gənclərimiz dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırmaq üçün bütün imkanlarından istifadə etməlidilər", - deyə R.Əliyev vurğulayıb.
Seminarın gedişatı zamanı iştirakçılara və KİV nümayəndələrinə Xocalı soyqırımı ilə bağlı məlumatların, fotoların yer aldığı xarici dillərdə kitab və bukletlərin paylanması və videoçarxın nümayiş etdirilməsi nəzərdə tutulub.
Türkiyə
Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi xatirə və təbliğat xarakterli silsilə tədbirlərin keçirilməsini planlaşdırıb. Proqram çərçivəsində Qazi Universitetində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunan telekonfrans vasitəsilə canlı olaraq Azərbaycan Tibb Universiteti ilə birgə tədbir keçiriləcək. Həmçinin, Ankara Etimesqut Bələdiyyəsi ilə birgə soyqırım qurbanlarının xatirəsinə həsr olunan xatirə tədbiri təşkil ediləcək.
Paytaxtın Keçiörən Bələdiyyəsində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə əklil qoyulacaq və geniş tərkibli xatirə tədbiri təşkil olunacaq.
Türkiyə Strateji Araşdırmalar Mərkəzi ilə müştərək olaraq konfrans təşkil olunması, faciə ilə bağlı yüksək tirajlı mətbuatda müxtəlif məqalələrin dərc olunması da planlaşdırılır. Bütün bunlarla yanaşı, Türkiyənin Samsun, Adana və Kayseri şəhərlərində də Azərbaycan səfirliyinin dəstəyi və diaspor nümayəndələrinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 19-cu ildönümü münasibətilə tədbirlərin keçirilməsi planlaşdırılır.
Səfirlik tərəfindən, həmçinin, soyqırım ilə bağlı pres-reliz hazırlanaraq, Ankaradakı diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatların təmsilçilərinə, müvafiq dövlət qurumlarına, ictimai təşkilatlara, KİV orqanlarına və siyasi icmalçıların internet ünvanlarına göndərilməsi də planlaşdırılır.