Heydər Əliyev Fondu qloballaşan dünyada Ümummilli Liderin məfkurəsini davam etdirir
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideyalarının daşıyıcısı olan Heydər Əliyev Fondu Onun siyasi məfkurəsinin davamçısı kimi qloballaşan dünyada azərbaycançılıq fəlsəfəsini nümayiş etdirir. Ulu Öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə gördüyü işlər davamlı olaraq fond tərəfindən həyata keçirilir. Uğurla davam etdirilən və həyata keçirilən layihələr məzmun baxımından fərqli olsa da, bir məqsədə xidmət edir. Belə ki, "Diabetli uşaqlara ən yüksək qayğı", "Tolerantlığın ünvanı - Azərbaycan", "Təhsilə dəstək" və başqa layihələr Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşır və cəmiyyətdə sağlam mühitin formalaşmasına töhfələrini verir. Mədəniyyət, təhsil, səhiyyə, hüququ əhatə edən sahələrindəki layihələr Azərbaycan dövlətində sağlam mühitin formalaşmasına müstəsna təsirini göstərir.
Heydər Əliyev Fondu tərəfindən məktəblərdə, uşaq evləri və internat məktəblərində əsaslı təmir və yenidənqurma işləri görülür və bunlar onu göstərir ki, bu sahədə qısa müddətdə dönüş yaratmaq mümkündür. Fondun reallaşdırdığı mühüm layihələr yüksək qiymətləndirilir. Bu layihələrdən biri olan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində artıq bir neçə ildir ki, inşa və təmir olunan məktəblər istifadəyə verilir. Davamlı olaraq həyata keçirilən layihə çərçivəsində belə məktəblərin sayı kifayət qədərdir. Bu layihənin davamlığını əks etdirən fakt kimi ötən həftənin son günü Qaradağ rayonunda yeni məktəb binasının istifadəyə verildiyini qeyd etməliyik. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan yeni təhsil ocağı 180 şagird üçün nəzərdə tutulub. Binada keyfiyyətli təhsil üçün hər cür şərait yaradılıb. Bu məktəb 2011-ci ildə istifadəyə verilən ilk məktəb deyildi. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kəlbəcərin 126 nömrəli məktəbi üçün Abşeron rayonunun Masazır qəsəbəsində, 19 nömrəli məktəb üçün Xəzər rayonunun Qala qəsəbəsində yeni binalar inşa olunub. Qeyd edək ki, 126 nömrəli orta məktəb 1999-cu ildən Masazır qəsəbəsində 9 otaqdan ibarət darısqal binada fəaliyyət göstərirdi. Sinif otaqlarının 4-ü Kəlbəcər rayonunun daxili imkanları hesabına, 5-i isə Norveç Qaçqınlar Şurası tərəfindən inşa edilmişdi. Sinif otaqlarının çatışmazlığı, darısqallıq tədris işlərinin səmərəliliyinə mənfi təsir göstərdiyi halda, yeni bina 240 yerlikdir və 16 otaqdan ibarətdir. Yeni istifadəyə verilən hər bir məktəb istilik, su, kanalizasiya sistemləri, zəruri tədris avadanlıqları ilə təmin olunur, yeməkxana və kitabxana üçün otaqlar ayrılır. Xatırladaq ki, rayonun 19 nömrəli tam orta təhsil məktəbi 2007-ci ildən Qala qəsəbəsində yerləşərək, 6 ədəd vaqon tipli otaqda fəaliyyət göstərirdi. Yeni bina 220 yerlikdir və 15 otağı vardır. Bu məktəbdə də şagirdlərin təlim-tərbiyəsinin təşkili üçün bütün zəruri şərait yaradılıb. Bina istilik sistemi və lazımi avadanlıqla təchiz olunaraq, burada kompyuter şəbəkəsi, idman meydançası yaradılıb. Həyətdə yaşıllıq salınıb, bulaq kompleksi inşa edilib.
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunan müasir tipli yeni məktəblərin sayı durmadan artmaqdadır. Təkcə ötən il bir il ərzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə müasir tələblərə cavab verən uşaq bağçaları tikilmiş, 7 məktəbəqədər təhsil müəssisəsində əsaslı, 31 müəssisədə isə cari təmir aparılmışdır. Bu statistik rəqəmlər Azərbaycan təhsilin inkişafına töhfələr verən fondun fəaliyyətini açıq-aydın nümayiş etdirir. Bununla yanaşı, ayrı-ayrı təlim-tərbiyə müəssisəsi lazımi avadanlıqla təchiz olunmuşdur.
Göründüyü kimi, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının adı onun mahiyyətini əks etdirir. Ölkəmizdə günbəgün gedən yeniləşmə prosesində fondun nə qədər rola malik olduğu əyani dəlillərdə görünür. Son zamanlar həm paytaxtımızda, həm bölgələrdə istifadəyə verilən təhsil müəssisələri, görülən işlər buna əyani sübutdur. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnməli, dünya təhsil sisteminə inteqrasiya olunmağı bacarmalıdır. Fondun həyata keçirdiyi proqramda da əsas məqsəd ölkəmizin hər bir gəncini daha bilikli, bacarıqlı, geniş dünyagörüşlü görməkdir. Odur ki, böyüyən nəslin inkişafına, dünyaya yol açmasına münasib şərait yaradılır.