Azərbaycan və Türkiyə xüsusi xidmət orqanları əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan fevralın 6-7-də ölkəmizdə rəsmi səfərdə olub. MTN-in ictimai əlaqələr mərkəzindən bildiriblər ki, Eldar Mahmudovla Hakan Fidanın görüşü olub. Milli təhlükəsizlik naziri Hakan Fidanın Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri kimi Azərbaycana ilk səfərinin ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da yüksəlməsində önəmli rol oynayacağını bildirib. Nazir regionda gedən proseslər, reallıqlar və meydana çıxan müxtəlif növ təhdidlər, əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin doğurduğu fəsadlar barədə ətraflı məlumat verib.
Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq, hazırda terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlər, miqrasiya prosesləri, bundan irəli gələn problemlərlə bağlı tərəflər arasında geniş fikir mübadiləsi aparılıb, Türkiyənin və Azərbaycanın xüsusi xidmət orqanlarının işgüzar və səmərəli əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə təşəkkürünü bildirən Hakan Fidan, dost dövlətlər olan Türkiyə ilə Azərbaycan, eləcə də müvafiq strukturlar arasındakı münasibətlərin daim inkişaf etdiyini, keçirdiyi görüşlərin ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün səmərəli olacağına əminliyini vurğulayıb.