PDF Oxu

Əsas

  • 15

Daşkəsəndə Gənclər Günü qeyd edilib

Daşkəsəndə Gənclər Günü qeyd edilib
Dünən 2 Fevral Gənclər Günü münasibətilə Daşkəsən rayon icra hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin ümumrayon tədbiri keçirilib. İlk olaraq, tədbir iştirakçıları rayonun mərkəzi meydanında ucaldılan əbədiyaşar Ulu Öndər Heydər Əliyevin abidə kompleksini ziyarət edib, abidə önünə tər çiçək dəstələri düzüblər. Daha sonra gənclər günü ilə bağlı tədbir Heydər Əliyev Muzeyində davam etdirilib. Rayonun bütün yaşayış məntəqələrindən olan gənclərin qatıldığı tədbirdə Daşkəsən icra hakimiyyətinin başçısı Tahir Kərimov çıxış edərək, ölkədə gənclərə göstərilən diqqət və qayğıdan və bunun nəticəsində əldə olunan yüksək nailiyyətlərdən bəhs edib. Bildirib ki, Azərbaycanın bütün dərdlərinə loğman olan Ulu Öndərimiz Heydər Əliyev talenin göndərdiyi xilaskar kimi gəncləri də bir təşkilat halında birləşdirərək, müstəqil dövlətimiz üçün vətənpərvər bir nəsil yetişdirmək missiyasını uğurla başa çatdırıb. Qeyd edib ki, bu gün Azərbaycan gəncliyi illərdən bəri beynəlxalq aləmdə özünün riyakarlığı, ikiüzlülüyü ilə tanınan erməni lobbisi ilə üz-üzə dayanıb. Məhz bu baxımdan da, yetkin Azərbaycan gəncliyi bir çox məqamlarda, ideoloji mübarizələrdə erməni lobbisinin saxtakarlıqlarını, riyakarlığını ifşa edir, onlara tutarlı cavablar verir deyən T.Kərimov gəncliyimizin bugünkü şən həyata və xoş gələcəyə görə Ulu Öndərimiz Heydər Əliyevə daim borclu və minnətdar olduğunu vurğuladı. "Elə bu baxımdan da, bugünkü gənclər gününün də yaradıcısı və təşəbbüsçüsü də məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun özünün bilavastə iştirakı ilə bir neçə dəfə Azərbaycan gənclərinin forumu keçirilib. Ona görə də, biz fəxr edirik ki, müstəqil Azərbaycanın yetirmələri istər idman sahəsində, istər tibb, elm, mədəniyyət, istər sosial iqtisadi həyatda xalqımızı layiqincə təmsil edən, aktiv fəaliyyət göstərən savadlı, böyük intellektual dünyagörüşünə malik olan gənclərimiz var. Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev də Azərbaycan gəncliyinin ehtiyac və qayğılarının, problemlərinin həlli üçün mühüm addımlar atır, onlara daim kömək göstərirdi. Məhz bu məqsədlə 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramı qəbul edilib. Həmin proqramın tələblərindən irəli gələn vəzifələr ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da uğurla icra olunub. Rayon gənclərinə diqqət və qayğını indi də hər birimiz prioritet vəzifə kimi qəbul edirik. Bu gün özünü gənc kimi hiss edən, gənclərlə birgə olan, onların arzuları ilə, qayğıları ilə yaşayan hər birimizin bayramıdır"-deyən T.Kərimov gənclərə qarşılarında duran mühüm vəzifələrin uğurla icra edilməsində uğurlar arzuladı. Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev də çıxışında gəncləri təbrik edərək, onlara qarşılarına qoyduqları məqsədlərə çatmaqda uğarlar dilədi. Bildirdi ki, gənclik ömrün ən gözəl çağlarından biridir. Ona görə də, hər bir gənc bu məqamdan layiqincə yararlanmalıdır deyən M.Yolçuyev Azərbaycan gəncliyinin xoşbəxt gələcəyinə əminliyini də ifadə etdi. Məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşmiş uğurlu yolun Onun ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən böyük əzmlə davam etdirildiyini bildirən YAP Daşkəsən rayon təşkilatının sədri işıqlı sabahımızın təminatı olan Azərbaycan gəncliyinin intellekt səviyyəsinə, bilik və bacarığına inandığını da dilə gətirdi.

Digər xəbərlər