“Dövlətçiliyimizin inkişafında gənclərin rolu"
Dünən gənclər günü ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində də görüş keçirildi. Birliyin "Konfrans zalı"nda keçirilən toplantıya videokonfrans və naqilli qoşulma ilə İB-nin bütün struktur vahidləri də qoşulmuşdu.
Tədbiri giriş sözü ilə "Aztelekom" İB-nin gənclər təşkilatının sədri Vüsalə Niftəliyeva açaraq gəncləri istehsalat birliyinin rəhbəliyi adından bayram münasibəti ilə təbrik etdi. V.Niftəliyeva dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiklərindən danışdı. O, qeyd etdi ki, Azərbaycan gənclərinin qazandıqları nailliyyətlər, onlara göstərilən dövlət qayğısı imkan verir ki, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətlərində gənclərimiz daha çox fəallıq nümayiş etdirirlər.
"Aztelekom" İB-nin gənclər təşkilatının sədri rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə qısa hesabat verdi. V.Niftəliyeva bildirdi ki, 2 fevral tarixinin Azərbaycan gəncləri üçün böyük önəmi var: "1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I Forumu keçirildi. Bu, ölkədə gənclər hərəkatının vüsət almasına təkan verdi. Bu tədbir Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçirildi. Həmin günün əhəmiyyətini nəzərə alaraq, Ümummilli Liderimiz 2 fevral tarixini gənclər günü kimi elan edərək, müasir Azərbaycan tarixinə yazdı".
V.Niftəliyeva qeyd etdi ki, informasiya və kommunikasiya texnologiyalarının əhəmiyyətinin gündən-günə artdığı qloballaşan dünyada Azərbaycan rabitəsi çətin və eyni zamanda, şərəfli yolu keçərək, müasir səviyyəyə çatmışdır: "Nailiyyətin qazanılmasında bizim təşkilatımızın bütün üzvləri də səfərbər olmuşdular və onların da gərgin əməyi yüksək qiymətləndirilib. 2004-cü ildə "Aztelekom" İstehsalat Birliyində çalışanların cəmi 12 faizini gənc təşkil edirdisə, hal-hazırda gənclər payı 44 faizə çatmışdır. Burada çalışan gənclərimizin texniki sahədə yüksək səviyyəli mütəxəssis kimi yetişmələri və ictimai işlərdə fəal iştirak etmələri məqsədilə onlara müxtəlif sahədə şərait yaradılmışdır".
Birliyin gənclər təşkilatının sədri onu da vurğuladı ki, birlikdə hər il gənclərimiz üçün gənclər təşkilatının təşəbbüsü ilə müxtəlif tədbirlər keçirilir: "Bu tədbirlərdə iştirak edən gənclərimizin 98 faizi Yeni Azərbaycan Partiyasının üzvləridir. Gənclərimiz həvəslə ölkəmizin inkişafı üçün əllərindən gələn səyi göstərirlər. Keçirilən tədbirlərdə gənclərimiz texniki və ictimai sahədə fəal iştirak etmişlər. Təşkilatımızın 1 üzvü artıq gənc yaşlarında "Rabitə Ustası" fəxri adına layiq görülüb. Yüksək səviyyəli mütəxəssislərin hazırlanması və inkişafı məqsədilə gənclərimizə xarici ölkələrdə təhsil almaq üçün şərait yaranmışdır. Hal-hazırda təşkilatımızın 18 nəfər üzvü xarici ölkələrdə təhsil alır, 10 nəfər isə məzun olub".
Tədbirdə "Aztelekom" İstehsalat Birliyinin maliyyə və iqtisadi inkişaf şöbəsinin rəisi Faiq Cəfərov, BDU-nun müəllimi Bəxtiyar Ələsgərov, Yasamal rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov, həmçinin, video-konfrans vasitəsilə Gəncə şəhər Telekommunikasiya İdarəsinin texniki İlham Əliyev və Sumqayıt Telekommunikasiya Qovşağının mühəndisi İlahə Kərimova çıxış etdilər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə də, indi də gənclər siyasətinə xüsusi diqqət yetirildiyi, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi proseslərdə həmişə fəal iştirak etdikləri vurğulandı.
Sonra "Aztelekom" İstehsalat Birliyinin gənclər təşkilatının VEB-saytının təqdimatı keçirildi, nümayiş etdirilən yeni elektron resursların əhəmiyyəti qeyd edildi.
Görüşün sonunda "Aztelekom" İstehsalat Birliyinin 2010-cu ildə əldə etdiyi nailiyyətlərdə xüsusi əməyi olan, ictimai işlərdə fərqlənən bir qrup gənclər fəxri fərmanla təltif olunaraq, qiymətli hədiyyələrlə mükafatlandırıldılar.