PDF Oxu

Əsas

  • 18

"Hazırkı vəziyyət əbədi davam edə bilməz"

"Hazırkı vəziyyət əbədi davam edə bilməz"
"Azərbaycan Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına çalışır və bu, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aiddir".
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Russia Today" kanalının ərəb redaksiyasına verdiyi müsahibəsində deyib. "XXI əsrdə Azərbaycan torpaqlarının 20 faizinin işğalı və bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləməyə göz yumaraq qonşuluq münasibətləri qurmaq və saxlamaq qeyri-mümkündür", - deyə Elmar Məmmədyarov bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan tərəfi hesab edir ki, münaqişənin hər iki tərəfin maraqlarının müdafiə olunacağı sülh yolu ilə həllini axtarmaq lazımdır: "Moskvaya Rusiyanın vasitəçiliyi ilə bu münaqişənin həlli yollarını axtarmağı davam etdirmək üçün gəlmişəm".
Elmar Məmmədyarov deyib ki, iki ölkə arasında atəşkəs haqqında sazişin imzalanmasına baxmayaraq, qoşunların təmas xəttində hələ də insanlar həlak olurlar: "Bu problemi həll etmək üçün bütün lazımi işləri görməliyik". Onun sözlərinə görə, ilk növbədə Madrid prinsipləri - danışıqlar sənədi bazasında nəzərdə tutulduğu kimi, işğal olunmuş ərazilərdən qoşunlar çıxarılmalıdır. Qaçqınlar öz yurdlarına qayıtmalı, həmçinin həmin sənəddə qeyd olunduğu kimi, işğal olunmuş ərazilərdə infrastruktur bərpa olunmalıdır: "Hazırkı vəziyyət əbədi davam edə bilməz. Dağlıq Qarabağ ətrafında vəziyyətdə irəliləyişə nail olmaq üçün bütün vasitələrdən istifadə etməliyik".

Digər xəbərlər