20 Yanvar - xalqımızın qürur hissi
Azərbaycan xalqının tarix səhifələrini vərəqləsək, görərik ki, əsrlər boyu xalqımız daim öz müstəqilliyi uğrunda qəhrəmancasına mübarizə aparmışdır. Məhz xalqımızın öz müstəqilliyi, milli azadlığı və ərazi bütövlüyü uğrunda apardığı bu mübarizələr onun şanlı adını tarix səhifələrinə həkk etmişdir.
Düzdür, millətimiz bu mübarizələrdə həm maddi, həm də mənəvi cəhətdən çox itkilər vermişdir. Lakin heç bir zaman heç bir qüvvə Azərbaycan xalqının iradəsini, əzmini qıra bilməmişdir.
Zaman - zaman Azərbaycan bir çox dövlətlərin təcavüzünə məruz qalıb. Ölkəmiz daim yadelli işğalçıların diqqət mərkəzində olmuşdur. Buna səbəb də Azərbaycan ərazisinin əlverişli təbii - coğrafi mühiti, yeraltı və yerüstü sərvətləri olmuşdur. Azərbaycan xalqının yaşanmış maddi tarixinə nəzər salanda, əsrlər boyu ərəblərin, monqol, tatarların, rusların hücumuna məruz qaldığını görürük. Lakin 40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamağı özünə şüar etmiş Azərbaycanın igid oğul və qızları heç vaxt düşmənə baş əyməmiş, Azərbaycan adlı ulu məmləkətimizi öz canları ilə qorumuşdur. Və belə mübarizələrin birini də çox da uzaq olmayan və tarixə Qanlı Yanvar adı ilə həkk olunan 1990- cı il yanvarın 19-dan 20-nə keçən gecədə yaşadıq. Bu gün Azərbaycan xalqı tarixdə misli görünməmiş təcavüz və vandalizmlə üzləşdi.
20 yanvar 1990- cı il Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuşdur. Həmin gün qanlı sovet rejimi Azərbaycan xalqına qarşı əvvəlcədən düşünülmüş və planlaşdırılmış dəhşətli qırğın aktı həyata keçirdi. Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni, hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi, nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.
Bakıya yeridilmiş qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, - "döyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər . Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartı"ndan məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə, bu, açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Beləliklə, Rusiya imperiyasının və çarizmin milli münaqişələr və qırğınlar törətmək sahəsindəki zəngin tarixi təcrübəsi də 1990 -cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı törədilən qırğın zamanı, bütünlüklə nəzərə alınmışdı.
İşğalçı sovet ordusu Bakı qırğını zamanı bir sıra taktiki yeniliklər də tətbiq etdi. Zirehli hərbi texnikanın müşayiəti ilə həyata keçirilən bütün hücum istiqamətlərində qəflətən işıqlar söndürüldü. Öz dövlətindən güllə yağışı gözləməyən və buna görə də çaşqın vəziyyətə düşən əhali projektorların işıqları altında gülləbaran edildi, xalqa xüsusi amansızlıqla divan tutuldu. Nömrəsiz tanklar, zirehli maşınlar birbaşa kütlələrin üzərinə sürüldü. Başlarına xüsusi maskalar keçirilmiş quduzlaşmış cəza dəstələri ən adi beynəlxalq hüquq normalarına belə məhəl qoymadan qadınları, uşaqları, qocaları, özlərini yaralıların köməyinə yetirən ağ xalatlı tibb işçilərini, təcili yardım maşınlarını, eyvanlara çıxan, pəncərədən baxan dinc əhalini, xəstəxanaları, hətta uşaq xəstəxanasını da atəşə tutdular. Bir sözlə, Bakı sovet ordusunun yaratdığı məzarlığa dönmüşdü.
Belə bir çətin siyasi dönəmdə Heydər Əliyev heç nəyə baxmayaraq, Azərbaycanın Moskvadakı səfirliyinə gələrək, 20 Yanvar hadisəsinə hüquqi qiymət verilməsini tələb etdi. Faciə dövlət səviyyəsində də qiymətini məhz Ulu Öndərimizin sayəsində aldı. Ümummilli Lider Heydər Əliyev demişdir : " Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi". Məhz ilk olaraq 1990- cı ilin 21 yanvarında qanlı faciəyə əsil qiymət verən, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyən, sovet hakimiyyətinin qanlı siyasətini ifşa edən Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar faciəsinə əsil hüquqi qiymət verildi.
Yanvar faciəsi üzərindən 21 il keçməsinə baxmayaraq yaddaşlarımızdan silinmir. Bütün dünya azərbaycanlıları üçün bu gün hüzn günüdür. Azərbaycan xalqı yüz illiyin sonunda əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iftixar edə bilər ki, sınaq günlərində müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Dünyaya sübut etdi ki, haqq- ədalətin bərqərar olması və öz ləyaqətini qorumaq naminə hər cür qurbanlar verməyə qadirdir.
1990 - cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün xalqımız Demokratik dövlətdə firavan, azad və xoşbəxt həyat sürürlər. Bütün bunları biz canını torpaqlarımızın qorunması və bizim gələcək firavan həyatımız uğrunda fəda edən oğullarımıza borcluyuq. Allah onlara rəhmət etsin!