PDF Oxu

Əsas

  • 16

Sona Vəliyeva: “"Səs" çağdaş mətbuatın düzgün, qərəzsiz və obyektiv, klassik qəzetidir”

Sona Vəliyeva: “"Səs" çağdaş mətbuatın düzgün, qərəzsiz və obyektiv, klassik qəzetidir”
Azərbaycan demokratik mətbuatında "Səs" qəzetinin özünəməxsus yeri var. "Səs" qəzetinin fəaliyəti haqqında danışarkən, birinci növbədə, onun yarandığı tarixi şəraitə nəzər salmaq lazımdır. Elə bir şərait idi ki, "Səs" qəzetinin yaranması üçün zərurət ordan başlayırdı ki, demokratik mətbu orqanı çox deyildi. Birinci növbədə, mən "Səs" qəzetini çağdaş mətbuatın klassik qəzeti kimi səciyyələndirərdim. Özündə demokratik ənənələri yaradan və yaşadan mətbuat orqanı kimi "Səs" qəzeti döyüşən qəzet titulunu almışdı.
1991-ci ilin yanvar ayına qədər Azərbaycan cəmiyyəti, xalqı tarixin müəyyən keşməkeşli hadisələrindən keçib gəlmişdi. 1990-cı ilin yanvarın 20-də xalqımız yüzlərlə şəhid vermişdi. Bundan başqa xalqımız milli azadlıq hərəkatını yaratmışdı və minlərlə vətənpərvər vətəndaşlarımız bu mübarizəyə qoşulmuşdular. Millət ya da geri çəkilməli idi, ya da qürurunu uca tutaraq yeni bir mərhələnin başlaması üçün özündə əzm tapmalı idi. Qanlı Yanvar hadisəsinin sabahı günü mərdliyin, cəsarətin və lidlerliyin simvolu olan Ulu Öndərimiz Heydər Əliyev Moskvada yerləşən Azərbaycan nümayəndəliyinə gəlməli oldu. Ümummilli Liderimizin cəsarətli çıxışı ilə təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə ünvanlanmış müraciət oldu. Bu çıxışda insanları qətlə yetirən, günahsız insanları öldürən ideya müəllifləri adları ilə ifşa olundu. Azərbaycan xalqı belə bir şəraitdə əzm topladı. Mən yaradıcı insan olduğu üçün belə, deyərdim ki, sanki sınmış bir çinar öz yarasını öz içindən bağlayırdı. Azərbaycan ulu bir çinar, ulu bir xalq öz yarasını bağladı. Xalq öz ümid yerini, liderini tapdı. İstər Ayaz Mütəllibovun, istərsə də hakimiyyətə qeyri-qanuni gəlmiş Xalq Cəbhəsinin dövründə heç bir demokratik qəzet yox idi, cəmiyyətdə özbaşınalıq hökm sürürdü, cəmiyyətdə baş verən hadisələrə güzgü çıxacaq bir orqan yox idi. Yeni bir mətbuatın yaranmasına ehtiyac var idi. "Səs" bütün bunları görə-görə, cəmiyyətdə baş verən hadisələrə öz münasibətini süzgəcdən keçirə-keçirə gəlmişdi. "Səs" qəzetini yaradan şəxslər cəmiyyətin inkişafında fəal olan şəxslər idi. Nəhayət, 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyası yaradıldı. 1990-cı il hadisələrindən sonra Ulu Öndər Heydər Əliyev Naxçıvana gəlmişdi. Təkcə Naxçıvan deyil, bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevi özünə rəhbər görmək istəyirdi. Beləliklə, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranması ilə "Səs"in yaranması istiqamətində zəruri olan addımlardan biri də atıldı. O vaxt xalqın böyük ziyalıları, qeyrətli oğulları bir araya yığışaraq, "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətini yaratmışdılar. "Əlincə" xeyriyyə qurumu olsa da, onun atdığı ən böyük addımlardan biri "Səs" qəzetinin yaradılması oldu. 1991-ci il yanvar ayının 11-də "Səs" qəzetinin ilk nömrəsi işıq üzü gördü. İlk səhifəsindən başlayaraq cəmiyyətdə baş verən hadisələrə düzgün mövqedən yanaşaraq, bu hadisələrə işıqlı güzgü tutdu. Bunu görmək istəməyənlər "Səs" qəzetinə hücumlar etdilər. Bunların hamısı mənim yadımdadır. O vaxt "Səs"in üstünə Xalq Cəbhəsinin göndərdiyi "qoçu"lar da mənim yadımdadır.
"Səs" qəzeti cəmiyyətdə baş verən hadisələri düzgün işıqlandırmaqla bərabər, həm də özünün gələcək istiqamətini də müəyyənləşdirmişdi. "Səs" qəzeti həmişə Yeni Azərbaycan Partiyasının və Ulu Öndərimizin təbliğatçısı olmuşdur. "Səs" bu missiyanı şərəflə yerinə yetirmişdir. 1993-cü ilə qədər "Səs" qəzeti şəhərlərdə, rayonlarda baş verən hadisələri düzgün qiymətləndirib cəmiyyətə çatdırırdı. Yaş senzi ilə bağlı o vaxt Yeni Azərbaycan Partiyasının funksionerləri tutarlı dəlillərlə məqalələrdə "Səs" qəzetində yazırdılar ki, siz Ulu Öndər Heydər Əliyevdən qorxduğunuz üçün, onun qarşısında durmağa cəsarətiniz çatmadığı üçün yaş senzi məsələsini ortaya atmısınız.
"Səs" çağdaş mətbuatın düzgün, qərəzsiz və obyektiv klassik qəzetidir. Cəmiyyətdəki proseslərə düzgün münasibət, aydın şərh, hərtərəfli mövqe sərgiləmək "Səs" qəzetinin əsas vəzifəsi olubdur və bu gün də belədir. Dövlətə, dövlətçiliyə sadiqlik, qorxmadan cəsarətli fikirlər yürütmək "Səs"in xarakterik xüsusiyyətlərindəndir.

Digər xəbərlər