“Müəyyən problemlərin olmasına baxmayaraq 2010-ci il Azərbaycan üçün çox uğurlu keçdi"
"Azərbaycanda istər siyasi, istər iqtisadi islahatlar vahid bir ahəngdarlıq çərçivəsində, bir növ paralel şəkildə həyata keçirilir. Azərbaycanın 2005, 2006, 2007-ci illərdə əgər iqtisadi inkişaf templəri 30 faiz təşkil edirdisə, son iki ildə dünyada baş verən maliyyə böhranına baxmayaraq Azərbaycanın iqtisadi inkişafı 9-10 faiz çərçivəsində qalmaqdadır. Bu bir daha Azərbaycanda aparılan uğurlu və perspektivli inkişafdan xəbər verir".
Bu sözləri Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov SİA-ya açıqlamasında deyib. O, bildirib ki, bu il Azərbaycanda bir çox önəmli hadisələrlə yadda qalıb: "Bir tərəfdən Azərbaycanın demokratik inkişafını təmin edən çox şəffaf və təmiz parlament seçkiləri keçirildi. Digər tərəfdən Azərbaycanın iqtisadi inkişafı və Azərbaycanın xarici prioritetinin seçilməsi ilə yadda qaldı. 2010-ci il çərçivəsində cənab prezident 18 dəfə xarici səfər edib ki, bu da Azərbaycan xarici siyasətinin çoxşaxəli həyata keçirilməsinin bariz nümunəsidir. Eyni zamanda müstəqillik dövründə ilk dəfədir ki, Azərbaycan torpağında geniş qaz yatağı aşkarlanıb ki, bu da Azərbaycanın bir qaz istehsal edən ölkəyə çevrilməsinin bariz nümunəsidir".
PA rəsmisi deyir ki, cari il ümumilikdə götürdükdə həm Azərbaycan cəmiyyəti üçün, həm də Azərbaycan dövləti üçün çox önəmli idi. Belə ki, ölkə daxilində Prezident İlham Əliyev 90-dan artıq infrastruktur layihələrin açılışında iştirak edib. Bu isə Azərbaycan prezidentinin apardığı daxili siyasətin bariz göstəricisidir: "Cari il həqiqətən də çox uğurlu keçdi. Baxamayaraq ki, su basqınları kimi müəyyən problemlərlə üzləşdik. Eyni zamanda 120 mindən artıq insan sosial müavinət alır. Azərbaycan dövlətinin vətəndaşları daimi diqqət mərkəzində olub. Məvacib və pensiyalar artmaq üzrədir. Bütün bunlar Azərbaycanda əhalini sosial rifahının yüksəlişinin göstəricisidir. Eyni zamanda AGRI layihəsi üzrə iştirakçı ölkələrin dövlət başçıları səviyyəsində sammitinin, Xəzəryanı ölkələri dövlət başçılarının Bakıda keçirilən III zirvə görüşü, Dünya Dini Liderlərinin Ümumdünya Sammitinin ölkəmizdə keçirilməsi Azərbaycanın həm siyasi gücünü, həm də tolerant məkan olduğunun göstəricisidir".