“Azərbaycan mənim gözlərimlə" beynəlxalq müsabiqəsinə yekun vurulub
Vilnüsün M.K.Çürlyönis adına Milli İncəsənət Məktəbinin konsert zalında Litva məktəbliləri arasında keçirilmiş "Azərbaycan mənim gözlərimlə" beynəlxalq müsabiqəsinin yekun mərasimi olub. Diasporla iş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, yekun mərasimində Azərbaycan Respublikasının Litvadakı Fövqəladə və Səlahiyyətli səfiri Nairə Şahtaxtinskaya, Türkiyənin Litvadakı Səfirliyinin 1-ci katibi Şayda Hanbay, Litva Respublikasının təhsil və elm naziri Gintaras Stəponaviçyus, Litva Seyminin İqtisadiyyat Komitəsinin sədri, millət vəkili Daynyus Budris, Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov, Litva Seyminin sədri İrena Degutinenin müşaviri və xüsusi nümayəndəsi Laurinas Kasçyunas, Litva azərbaycanlılarının "Ocaq" cəmiyyətinin sədri Roman Əliyev, eləcə də, digər rəsmilər, ölkənin tanınmış elm, mədəniyyət, incəsənət və siyasət xadimləri, bir sıra nüfuzlu ictimai təşkilatların rəhbərləri, milli azlıq qurumlarının nümayəndələri və başqaları iştirak ediblər. Qeyd edək ki, müsabiqəni Litva azərbaycanlıları cəmiyyəti bu ölkənin Təhsil və Elm Nazirliyi, Litva Milli İcmalar Evi və Litva Gənclərinin Turizm Mərkəzi ilə birgə təşkil edib. Layihəyə maliyyə dəstəyini isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi göstərib. Müsabiqə Litva-Azərbaycan mədəniyyətlərarası bilgilərinin genişləndirilməsinə həsr edilir və onu keçirməkdə məqsəd şagirdlərdə Azərbaycanın qədim keçmişinə və dövlətçilik tarixinə, mədəni irsinə, coğrafiyasına, təbiətinə və s. maraq oyatmaq, informasiya texnologiyalarından istifadə etməklə onlara Azərbaycanla bağlı fikir və düşüncələrini yaradıcı surətdə təqdim etmək üçün imkan yaratmaqdır.
Müsabiqə Litva-Azərbaycan mədəniyyətlərarası dialoqu layihəsi çərçivəsində bu ölkənin ümumtəhsil məktəblərinin 7-12-ci siniflərində oxuyan şagirdləri arasında keçirilib. 2010-cu ilin sentyabr-oktyabr aylarında keçirilmiş müsabiqədə Litvanın müxtəlif şəhər və rayonlarında yerləşən 119 təhsil müəssisəsində oxuyan 526 şagird iştirak ediblər. Layihəyə, həmçinin, müsabiqə işlərinin rəhbərləri olaraq 121 müəllim qatılıb. Bu layihədə Litvanın bir sıra milli azlıqlarının 16 ümumtəhsil məktəbinin şagirdləri də iştirak ediblər. Azərbaycanın qədim keçmişi və dövlətçilik tarixi, dövlət rəmzləri, siyasi sistemi və rəhbərliyi, coğrafiyası və təbiəti, respublika əhəmiyyətli şəhərləri və milli parkları, dünya sivilizasiyası xəzinəsinə töhfələr vermiş görkəmli xadimləri, Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi və Xocalı soyqırımı, milli Azərbaycan Ordusu, Azərbaycanın müasir dünya ölkələri sırasında yeri və mövqeyi, Azərbaycan mövzusunda şagirdlərin yaratdıqları orijinal ədəbi-publisistik yazılar və etüdlər, Litva-Azərbaycan ictimai-tarixi və mədəni əlaqələri, dövlətlərarası münasibətləri, etnokulturoloji və digər tipoloji paralellər. Müsabiqə işləri arasında Litva azərbaycanlıları haqqında bilgiləri əhatə edən işlər də var.
Münsiflər heyəti müsabiqə işlərini dəyərləndirərkən, həmin işlərdə Azərbaycan Respublikasına məxsus və bənzəri olmayan xüsusiyyətlərin geniş açılmasına daha çox diqqət yetirib. Komissiya 10 nominasiya üzrə müsabiqənin laureatlarını təyin edib. Nəticələrə görə, 30 şagird birinci, ikinci və üçüncü yerlərə layiq görülüb. Mərasimdə iştirak etmiş bütün şagird və müəllimlərə xatirə hədiyyələri və Litva Respublikası Təhsil və Elm Nazirliyinin fəxri fərmanları, sponsorların hədiyyələri, Litva Gəncləri Turizm Mərkəzinin təşəkkür məktubları təqdim edilib. 30 qalib şagird isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi hədiyyələrilə mükafatlandırılıb. Kaunasın Vayjgantas adına orta məktəbinin şagirdləri Yurgita Milyauskayte və Ayste Makarovaya Xocalı faciəsi mövzusunda yaratdıqları ən uğurlu iş üçün Azərbaycan Respublikasının Litvadakı Səfirliyinin xüsusi hədiyyələri təqdim olunub.
Litva azərbaycanlıları cəmiyyətin sədri Mahir Həmzəyev çıxışında bildirib ki, cəmiyyət Azərbaycan barədə geniş bilgilərin təbliğinə xidmət edən bu müsabiqəni keçirməkdə, tarixi Vətənimiz barədə məlumatların litvalı şagirdlərə əyani şəkildə çatdırmaqdır. Müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdən sonra Azərbaycan musiqisi və rəqslərindən ibarət geniş konsert proqramı təqdim olunub. Tallindən gəlmiş milli rəqs qrupunu ifası böyük maraqla qarşılanıb.