Rusiyanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü planın arxasında nə dayanır?
Qazaxıstanın paytaxtı Astanada keçirilən ATƏT-in növbəti zirvə toplantısı, ümumilikdə, bütün Avropa üçün uğursuz nəticələndi. Sammit ATƏT-in Minsk Qrupunun zəif, əhəmiyyəti olmayan bəyanatlarından başqa heç nəyə yaramadı. Əslində, bütün günahları, danışıqların uzanma prosesini həmsədrlərdə axtarmaq o qədər də düzgün olmazdı.
Sərsəm Sarkisyan bu dəfə də Sarkisyansayağı bəyanatlarından əl çəkmədi. Astana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial razılaşmanın əldə olunmasına nail ola bilmədi. Əməlləri günahlarla, qəddarlıqlarla dolu, ləyaqətsizliyin, şərəfsizliyin əsil siması olan- Serj Sarkisyan, görəsən, nə vaxt "əsil cənab" adını qazanacaq? Axı güclə özgə torpaqlarını mənimsəyən terrorçu, faşist, işğalçı Sarkisyana hansı mötəbər adı vermək olar? Əgər Azərbaycan Astanadan sonra danışıqların sülh yolu ilə həllinə çalışmasaydı, yəqin ki, regionda atəşkəs rejimi pozula və təhlükə arta bilərdi. Bu isə, Azərbaycanın torpaqlarının qaytarılmasına, Sarkisyan hakimiyyətinin isə devrilməsinə səbəb olardı. Ermənistanı özünün forpostuna çevirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə, deyəsən, Dağlıq Qarabağ münaqişəsinin daha bir il uzanmasını istəyir. Çünki yenidən "təməl prinsipləri" planına qayıtmaq istəyir. Məlum məsələdir ki, bu plan da ən azı bir il sürəcək. Yəni ki, daha bir il Dağlıq Qarabağsız qalacağıq. Bu məsələ ilə bağlı YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə "Səs" qəzetinə açıqlamasında bildirdi ki, ATƏT-in Astana Sammiti Dağlıq Qarabağ məsələsinin həllində bir dönüş nöqtəsi ola bilərdi, amma çox təəssüf ki, olmadı. Sammitdə Dağlıq Qarabağ probleminin həllinə yanaşma həm beynəlxalq təşkilatların, həm ayrı-ayrı dövlətlərin siyasətində özünü göstərdi. Bu gün çox təəssüflər olsun ki, nə BMT, ATƏT, nə də digər Avropa dövlətləri "Ermənistanı işğalçı dövlət" deyə çağırmır və ondan işğal olunmuş Azərbaycan ərazilərinin boşaltmasını tələb etmir. Sanki qarşılarında duran beynəlxalq hüquq normalarına meydan oxuyan terrorçu Ermənistan deyil.
Millət vəkilinin sözlərinə görə, Ermənistan, ümumiyyətlə, bütün məsələlərdə dünyanın idarə edən qanunları nəzərə almır. Bu, bir reallıq və ikili standartın təzahürüdür. Bundan əlavə, NATO-nun Lissabonda keçirilən sammitində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsinə toxunulmuşdu. Astanada Azərbaycan Prezidenti cənab İlham Əliyev prinsipial tərzdə çıxış edərək, Azərbaycanın mövqeyini ortaya qoyması da beynəlxalq ictimaiyyətdə problemin həlli ilə bağlı dərin bir fikir formalaşmasına kömək etdi.
A. Mirzəzadə qeyd etdi ki, Azərbaycanın ATƏT-in Astana Sammitindən gözləntiləri Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından özünü doğrultmadı. Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycan və Ermənistanla yanaşı, beynəlxalq qurumlar, ictimayyət də çox böyük səylə çalışmalıdırlar.
Millət vəkili onu da bildirdi ki, nə qədər Dağlıq Qarabağ münaqişəsi tez həll olunarsa, regionda stabillik bir o qədər tez meydana gələr və bütün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu daha da artar. Bu baxımdan Azərbaycan dövləti regionda sülhün qorunması üçün öz siyasətini bundan sonra da davam etdirəcək. Terrorçu Ermənistanın necə siyasət yeritməsindən asılı olmayaraq, Azərbaycan işğal edilmiş torpaqlarını geri qaytaracaq və Azərbaycan regionda sülhün təminatçısı rolunu bundan sonra da davam etdirəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun hazırlayacağı "təməl prinsipi" planına toxunan A. Mirzəzadə vurğuladı ki, əvvəllərə nisbətən Rusiyanın mövqeyində haradasa müəyyən müsbət dəyişikliklərin olduğunu hiss etdirmək istəyir: "Rusiya nədənsə problemin həllində sülhpərvər rolunu oynamaq istəyir, yaxud da özünü sülhün təminatçısı kimi göstərmək istəyir. Dmitri Medvedevin Azərbaycanla bağlı mövqeyi haradasa müsbət görünür. Bütün bunlarla yanaşı, Rusiyayla Ermənistanın müttəfiqlik münasibətləri problemin tezliklə həllinə müəyyən maneçiliklər törədir. Rusiyanın müəyyən ermənipərəst qüvvələri regionda beynəlxalq hüquq normalarını nəzərə almadan problemin həlinə, həqiqətən də, maneçilik törədir".
Millət vəkili onu da qeyd etdi ki, həmsədr dövlətlərə daxil olan - ABŞ, Rusiya, Fransa haqq və ədalətdən danışa-danışa işğalçılıq siyasəti yürüdən qonşu dövlətin torpaqlarını mənimsəyən terrorçu Ermənistana maliyyə dəstəyi ayırır. Özlərinin ordusunu Ermənistanda yerləşdirir, maddi və mənəvi cəhətdən təmin edir. Əgər Rusiya istəsə, münaqişə tezliklə həll oluna bilər. Sarkisyan ortada yalnız bir fiqurdur və ondan yetərincə istifadə olunur. Faktiki olaraq, Rusiya özü münaqişənin həllini gecikdirir. Çünki düşünür ki, bu gedişlə nə isə əldə olunacaq və Rusiya regionda öz yerini möhkəmləndirəcək. Rusiyanı münaqişənin həllinə yardımçı və sülhün təminatçısı kimi göstərmək reallıqdan bir az uzaq olar. İstər sülh yolu, istərsə də müharibə yolu ilə son nəticədə Ümummilli Lider Heydər Əliyevin qurucusu və memarı olduğu qüdrətli Azərbaycan dövləti qələbə çalacaq və öz haqq səsini bütün dünyaya çatdıracaqdır.