PDF Oxu

Əsas

  • 27

Dahi Öndərin siyasi dühası hər zaman hiss olunur

Dahi Öndərin siyasi dühası hər zaman hiss olunur
Müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının dahi oğlu Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyyətə qovuşmasından 7 il ötür. Bu yeddi il ərzində xalqımız öz liderini bir an belə unutmayıb. Hər zaman müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim, ümumtürk dünyasının böyük oğlu Heydər Əliyev bütün tarix boyu fəxr hissi ilə yad edilib.
12 dekabr Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar xalqımızın bütün təbəqələrindən olan insanlar yenə də axın-axın Fəxri Xiyabana gedərək, Ümummilli Liderə olan sonsuz məhəbbətlərini və sevgilərini ifadə edirlər. Çünki bugünkü YENİ AZƏRBAYCANIN QURUCUSU olan və Azərbaycanın son qırx ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz bu böyük şəxsiyyətin adı ilə əlaqədardır.
Ümummilli Lider Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Ulu Öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoydu. Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı. Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Ulu Öndər Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirib, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutub.
Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını vətənini düşünürdü. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınırdı. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.
Hələ Naxçıvan Ali Məclisinin Sədri işləyərkən Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, Ona ümidləri artırırdı. İqtidar isə Onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Bu, elə bir dövr idi ki, daşnakların "böyük Ermənistan" yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.
Xalq xilas yolunu Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda iqtidarda olan və olmayan Xalq Cəbhəsi üzvləri, habelə, hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə, hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi. Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir qrup zabit "hərbi birlik" yaratmışdır. Onlara Surət Hüseynov rəhbərlik edirdi. "709 saylı" hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi.
Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Bununla yanaşı, xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Ziyalı insanlar dəfələrlə Naxçıvana gedib yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər "Səs" qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi yaradıcısı və Sədri olduğu Yeni Azərbaycan Partiyası ilə sıx şəkildə bağlıdır. Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində keçirilib. Konfransda Azərbaycanın müxtəlif regionlarından təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsi iştirak edib. Konfrans Yeni Azərbaycan Partiyasının təsis edilməsi haqqında qərar qəbul edib. Heydər Əlirza oğlu Əliyev konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının Sədri seçilib.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə gəlməsi ilə YAP-ın inkişafında yeni mərhələ başladı. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə, müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə saxlayırdı. O, YAP-ın Sədri kimi partiyanın ildönümlərinə həsr edilmiş tədbirlərdə daim iştirak edər, proqram xarakterli nitqlər söyləyər, partiya həyatı və fəaliyyətilə əlaqədar zəruri tapşırıqlar verərdi.
Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın "ölüm, ya olum" məsələsidir. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilib, Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olub, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanıb. Ümummilli Liderimiz Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Ulu Öndər Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsil dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Ulu Öndər Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamı ilə sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir". Bu gün görülən işlər indi də davam edir. Onun qurduğu məktəb Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bugünkü nailiyyətlər, nəticələr böyük bir ümidlə danışmağa əsas verir ki, Azərbaycan doğru yoldadır. Bu istiqaməti göstərən Ümummilli Liderimiz Heydər Əliyevdir. Qoy Onun ruhu həmişə şad olsun.

Digər xəbərlər