Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlər davam edir
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında növbəti ənənəvi keçirilən mətbuat konfransında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov ötən dövr ərzində komitənin gördüyü işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.
"Torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq ölkənin 8 641 506 hektar vahid torpaq fondunun 2 032 744 hektarı bələdiyyə mülkiyyətinə aiddir. 1999-cu ildə hüquqi status almış 2667 bələdiyyənin və 1999-cu ildən 2009-cu ilədək yeni hüquqi status almış bələdiyyələrin torpaqları üçün zəruri yerquruluşu xəritələri tərtib edilməklə, özlərinə təhvil verilib. 2009-cu ildə yeni qanunvericiliyə müvafiq olaraq bələdiyyələrin birləşməsi nəticəsində 1718 bələdiyyənin torpaqları əvvəlki bələdiyyələrdən təhvil-təslim olunub".
Komitə sədri cari ildə həyətyanı torpaqların sənədləşdirilməsi istiqamətində görülən işlərdən də danışdı. Bildirdi ki, 2010-cu ildə Bakı şəhərində vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi məqsədilə 7700 vətəndaşa aid torpaqların əvvəlki illərdə kompleks qaydada hazırlanmış sənədlərində son tamamlama işləri aparılmış, 12631 vətəndaşa aid torpaqların sənədləri isə fərdi qaydada hazırlanmışdır.
Mətbuat konfransında torpaq-kadastr xəritələri, yerquruluşu, mərzçəkmə və mərz nişanları haqqında da geniş məlumat verildi. Q.Məmmədov qeyd etdi ki, respublika üzrə mövcud 4593 ərazi vahidinin 220-si Naxçıvan MR ərazisinə, 727-si isə işğal ərazisinə aiddir. Bununla belə respublika üzrə mövcud 1959 inzibati ərazi dairəsinin 171-i Naxçıvan MR ərazisinə, 255-i isə işğal ərazisinə aiddir. Komitə tərəfindən 2010-cu ildə respublikanın mövcud 4593 ərazi vahidlərindən 296 ərazi vahidinin və 1959 inzibati ərazi dairəsindən 154 inzibati ərazi dairəsinin ərazi sərhədləri arxiv sənədləri əsasında və naturada dəqiqləşdirilərək, yerquruluşu qaydasında xəritələşdirilmiş və kompleks qaydada sənədlər dövlət reyestrinin aparılması məqsədilə Milli Məclisə təqdim edilmişdir.
"Azərbaycan aztorpaqlı ölkədir" söyləyən komitə sədri vurğuladı ki, ötən dövr ərzində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzrə 7104 torpaq qanunvericiliyin pozulması halı müəyyən edilmişdir ki, bundan 4039 hal xəbərdarlıq edilməklə aradan qaldırılmış, 3065 inzibati xəta halı ilə bağlı protokol tərtib edilmiş, 110258 manat cərimə olunub. Cari ilin 9 ayı ərzində isə 1039 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib.
Q.Məmmədov təbii fəlakətdən zərər çəkmiş ərazilərdə əkin sahələrinin vəziyyəti barədə məlumat verərək, bildirdi ki, respublika üzrə 2010-cu ilin dekabrın birinə olan vəziyyətə görə, 1 mln 529 min 295 ha əkin sahəsindən 1 mln 115 min 088 ha əkilib. 419 min 748 ha əkin sahəsində, hələlik, kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə şumlama və diqər hazırlıq işləri aparılmayıb. Komitə sədri əkinə hazırlığın gecikməsinin əsas səbəblərini açıqlayaraq, bildirdi ki, bu cari ildə Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə ətraf əraziləri subasması nəticəsində Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayonlarının əkin sahələrinin bir hissəsinin su altında qalması ilə bağlı torpaqların təkrar şorlaşması, şorakətləşməsi, dağ və dağətəyi rayonlarda torpaqların bir hissəsinin eroziyaya uğraması nəticəsində əvvəlki illərdə məhsuldarlığın aşağı göstəricilərdə olması, özəlləşdirilmiş torpaqlarda ailələrin könüllülük prinsipi ilə özəl istiqamətli təsərrüfatçılıq formalarında birləşmələrinin azlıq təşkil etməsi, daxili bazarda kənd təsərrüfatı məhsullarının satışının təşkilinin hələ də tam şəkildə stimullaşdırılmaması və s. ilə bağlıdır.
Kür və Araz çaylarının daşması nəticəsində ətraf əraziləri subasması ilə bağlı görülmüş yerquruluşu işlərindən danışan Q.Məmmədov bildirdi ki, Sabirabad rayonu ərazisində ümumi sahəsi 128154 ha, Saatlı rayon ərazisində ümumi sahəsi 18692 ha və İmişli rayon ərazisində isə ümumi sahəsi 15689 ha olan torpaq sahələrində yerquruluşu işləri aparılmışdır. Araz çayının yeni qolunun altına düşən torpaqların ümumi sahəsi 75,9 min hektar təşkil edir. Bunun da 65,5 min hektarı dövlət mülkiyyətinə, 7,7 min hektarı bələdiyyə mülkiyyətinə və 2,7 min hektarı isə xüsusi mülkiyyətə aiddir. Komitənin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən bu məqsədlə Masallı rayonunun ərazisində 850,5 ha, Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində 1103,4 ha və Neftçala rayonu ərazisində isə 9262, 25 ha torpaq sahələrində inventarizasiya işləri aparılıb.
Məcburi köçkünlərə torpaq sahələrinin ayrılmasına gəldikdə isə komitə sədri bunları açıqladı: "2010-cu ildə Abşeron rayonu üzrə 12 ha, Ağcabədi rayonu üzrə 627,4 ha, Göygöl rayonu üzrə 20 ha, Füzuli rayonu üzrə 291 ha olmaqla cəmi 1582,8 ha torpaq sahələrinin yeri və ölçüsü yerquruluşu qaydasında müəyyən edilmiş, xəritələşdirilmiş və torpaqayırma sənədləri müvafiq orqanlarla razılaşdırılmaqla təsdiq üçün komitə tərəfindən Nazirlər Kabinetinə təqdim edilmişdir.
Komitə sədri Bakı şəhərində nəqliyyatın intellektual idarəolunması layihəsi üzrə komitənin gördüyü işləri də diqqətə çatdırdı. Q.Məmmədov bildirdi ki, Bakı şəhərinin 2200 kv.km ərazidə nəqliyyatın intellektual idarə olunması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəqəmsal xəritələr hazırlanıb: "Bu xəritələrdə 57 növdə 3d formatında məlumatlar, həm mətn, həm də qrafiki formada hazırlanmış və aidiyyatı üzrə təhvil verilmişdir. Bu işin əsas sifarişçisi Nəqliyyat Nazirliyi və Koreyanın SKCS şirkəti tərəfindən yerinə yetirilməsi tapşırılmışdır. İşin əsas hissəsi olan rəqəmsal xəritələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanıb. Bu da imkan verir ki, Bakı şəhəri ərazisində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqaməti, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. onların rəqəmsal xəritə üzərində vizual görüntüsünü və istənilən yerdən tələb olunan yerə qədər olan məsafəni və vaxtı tez bir zamanda təyin etsin."
Komitə sədri torpaq müsabiqələri və hərraclar barədə də məlumat verdi. Söylədi ki, 2009-cu ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatçılığı ilə komitənin rayon və şəhər şöbələrində yaratdığı komissiyalar vasitəsilə 903 torpaq müsabiqəsi və 111 torpaq hərracı, 2010-cu ilin ötən dövrü ərzində isə 1454 torpaq müsabiqəsi və 118 torpaq hərracı həyata keçirilmişdir. Dövlət sərhəd delimitasiyası və demarkasiyası istiqamətində komitənin gördüyü işlərdən də danışan Q.Məmmədov bildirdi ki, Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin uzunluğu 390 km təşkil edir: "1996-cı ilin noyabr ayından 2010-cu ilin aprel ayınadək davam edən dövlət sərhədinin delimitasiyası 2010-cu ilin sentyabr ayında Bakı şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyasının prezidentləri tərəfindən Sərhəd Müqaviləsinin təsdiq edilməsi ilə tamamlanıb. Hal-hazırda delimitasiya ilə bağlı sənədlər ratifikasiya məqsədilə Milli Məclisə təqdim olunub. Eyni qaydada Rusiya tərəfi də müvafiq sənədləri Rusiyanın Dövlət Dumasına təqdim edib. Hər iki tərəfdən delimitasiya sənədləri ratifikasiya olunduqdan sonra dövlət sərhədinin demarkasiyası mərhələsinə başlanacaq. Hesab edirik ki, bu işlərə 2011-ci ilin ikinci yarısında başlamaq mümkündür. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin uzunluğu 480 km təşkil edir. Delimitasiya ilə bağlı işlər 1996-cı ilin dekabr ayından bu günədək davam edir. Sərhədin təxminən 290 km-i hər iki tərəfin dövlət komissiyaları tərəfindən razılaşdırılıb. Qalan hissələrdə hər iki ölkənin ekspertləri tərəfindən faktiki istifadə sənədlərinin dəqiqləşdirilməsi, arxivlərin öyrənilməsi və digər zəruri tədbirlər həyata keçirilir".
Mətbuat konfransında Q.Məmmədov komitənin Heydər Əliyev Fondu ilə birgə Qobustan Dövlət Tarixi Bədii Qoruğu ərazisində gördüyü işlərdən də danışdı: "Qobustan Azərbaycan xalqının milli sərvətidir. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilmiş və öyrənilmişdir. Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də, Azərbaycanın qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə Prezident İlham Əliyev 11 iyun 2007-ci il tarixli Sərəncam imzalamışdır. Heydər Əliyev Fondu və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu sərəncamdan irəli gələn vəzifələrin həllində iştirak etmək, Azərbaycanın qədim irsi olan Qobustanın dünya miqyasında tanıdılması və təbliğ olunmasına kömək etmək məqsədi ilə birgə layihə həyata keçirir. Layihə çərçivəsində Qobustan dovlət tarixi-bədii qoruğunun virtual muzeyinin yaradılması və Azərbaycan portalında yerləşdirilməsi nəzərdə tutulub."