PDF Oxu

Əsas

  • 19

Misirin "Əl-Vatan Əl-Arabi" jurnalında Azərbaycan ilə bağlı müsahibə dərc olunub

Misirin "Əl-Vatan Əl-Arabi" jurnalında Azərbaycan ilə bağlı müsahibə dərc olunub
Misirin "Əl-Vatan Əl-Arabi" jurnalının noyabr tarixli sayında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin müsahibəsi dərc olunmuşdur. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, "Azərbaycanın Qahirədəki səfiri: Ərəb dövlətləri ilə siyasi əlaqələrimiz çox yaxşıdır" başlıqlı müsahibədə müstəqil Azərbaycan dövlətinin balanslaşdırılmış xarici siyasət yürütməsindən və bütün dünya ölkələri ilə qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri qurmasından bəhs edilmişdir. Müsahibədə Türkiyə, Rusiya, İran və Gürcüstan kimi qonşu dövlətlərlə tarixi köklərə dayanan əlaqələrini hazırda strateji tərəfdaşlıq istiqamətində inkişaf etdirən Azərbaycan Respublikası üçün, eyni zamanda, qardaş ərəb və müsəlman dövlətləri ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirməyin prioritet məsələ olduğu qeyd edilmişdir. Səfir, həmçinin Azərbaycanın Qarabağ bölgəsinin hələ də Ermənistanın işğalı altında qaldığını, münaqişənin yalnız ölkəmizə deyil, bütün regionun təhlükəsizlik və stabilliyinə böyük əngəl olduğunu bildirmiş, Azərbaycanın münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduğunu vurğulamışdır. Müsahibədə 2009-cu ildə Azərbaycan və Ermənistan arasında yalnız prezidentlər səviyyəsində 6 görüş keçirildiyi, Azərbaycanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə sadiq qaldığı, sözügedən məsələdə ərəb və islam aləminin ölkəmizə böyük dəstək verdiyi, həmrəylik göstərdiyi xüsusi qeyd olunmuşdur. Müsahibədə, həmçinin Azərbaycanın ərəb və müsəlman ölkələri ilə siyasi münasibətlərinin çox yüksək səviyyədə olduğu, mədəniyyət və incəsənət sahələrində imzalanmış sazişlərə əsasən, ölkələrimiz arasında müntəzəm surətdə festival, sərgi və simpoziumların keçirildiyi bildirilmişdir. Azərbaycan ilə ərəb və müsəlman ölkələri arasında iqtisadi və ticari sahələrdə əməkdaşlığa dair çoxlu sayda saziş, memorandum və protokolların imzalandığı, hökumətlər səviyyəsində müştərək komissiyaların fəaliyyət göstərdiyi, bununla belə, iqtisadi əlaqələrin hələ də arzu olunan səviyyəyə gəlib çatmadığı bildirilmiş, ölkələrimizin mövcud iqtisadi imkanlarından dost və qardaş xalqlarımızın rifahı naminə maksimum istifadə edilməsinin zəruriliyi vurğulanmışdır.

Digər xəbərlər