Turqut Əri kim danışdırır?
Ötən əsrin 90-ci illərində Türkiyənin Azərbaycandakı səfirliyində işləmiş və sonradan uğursuz kadr kimi diplomatik xidmətdən uzaqlaşdırılmış Turqut Ərin müəllifi olduğu "Azadlıqdan Tiranlığa" adlı kitab Türkiyədə nəşr olunandan bəri bəzi qüvvələr bu kitab ətrafında ajiotaj yaratmağa çalışırlar. Turqut Ərin yazdığı kitabda əks olunan fikirlər tamamilə Azərbaycan dövlətinin və xüsusilə də, Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin əleyhinə yönəlib. Yalnız müəllifin uydurmalarından ibarət olan bu kitabda heç bir tarixi fakta istinad edilməməsi isə yazarın əsil məqsədini aydın göstərir və kitabın hansı qüvvələrin dəyirmanına su tökdüyünü ortaya çıxarır.
Düşmən dairələrin tapşırıq və tövsiyələri ilə müstəqil Azərbaycan Respublikası ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində müstəsna xidmətləri olmuş şəxsiyyətlər hədəfə götürülür, onların haqqında həqiqətə uyğun olmayan, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayılır, tarixi həqiqətlər təhrif edilir, bu mövzularda KİV-lərdə materiallar verilir, kitablar nəşr olunur.
Vaxtilə Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış və çoxsaylı səhvlərinə görə diplomatik fəaliyyətdən uzaqlaşdırılmış Turqut Ərin ötən əsrin 90-cı illərində Türkiyə-Azərbaycan əlaqələrini təftiş etmək məqsədlə kitab yazması, başabəla "diplomat"ın öz şəxsi və təmsil etdiyi məhdud siyasi qrupların arzularına çatmamasından doğan incikliyin təzahürüdür.
Türkiyəli yazarın nəşr etdirdiyi bu kitab, nəinki Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə kölgə salmaq, eyni zamanda, iki dost və qardaş ölkə-Azərbaycanla Türkiyə arasında müəyyən nifaq salmaq məqsədi də güdür. Bunu kitabda yer alan fikirlər açıq şəkildə sübut edir. Yalnız böhtanlar və yalanlarla dolu olan bu kitabda Ulu Öndərin şəxsiyyətinə xələl gətirməyin müəllifin xüsusi "missiyası" olduğu aşkara çıxır.
T.Ərin kitabda təsvir etdiyi hadisələr, verdiyi şərhlər və arayışlar müəllifin siyasi mövqeyini açıq nümayiş etdirir, onun bəsit dünyagörüşlü, əyalət düşüncəsinə sahib, həm diplomat, həm də yazıçı kimi qeyri-peşəkar şəxs olduğunu göstərir.
Kitabdan da göründüyü kimi, T.Ər Azərbaycanda diplomatik fəaliyyətdən başqa hər bir işlə məşğul olub. O da F.Dəmirqol kimi AXC-Müsavat hakimiyyətinin aparıcı üzvləri ilə sıx əlaqədə olub, həmin vaxtlar Azərbaycanın siyasi və iqtisadi həyatında aparıcı rola malik olmaq istəyən, qaranlıq və qeyri-real geosiyasi layihələr quran Türkiyənin avantürist dairələrinin sifarişlərini yerinə yetirib.
T.Ər və onun təmsil etdiyi dairələr Azərbaycanın və digər türk dövlətlərinin rəhbərliyinə naşı, iradəsiz adamları gətirərək, bu ölkələri öz oyuncağı kimi idarə etmək arzusunda idilər. Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini qurmaq, onu inkişaf etdirmək və dünya dövlətləri arasında tanıtmaq istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər bu dairələrin istək və arzularını puça çıxarmış, onların bütün cəhdlərini iflasa uğratmışdı.
Kitabın nəşri və orada yer alan fikirlərlə bağlı hər iki ölkə ictimaiyyətinin narazılıqları özünü göstərməkdədir. Belə ki, istər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri, xüsusilə də, ziyalılar bu barədə öz fikirlərini açıqlayaraq, bunun yalnız Azərbaycan və Türkiyə arasındakı sıx qarşılıqlı münasibətləri qısqanan müəyyən qüvvələr tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin davamı olduğunu bildiriblər.
Bu qüvvələrin oxşar iddialarla tez-tez Türkiyə mətbuatında çıxış etməsi də müşahidə olunur. Onlar bundan öncə də iki ölkə arasında münasibətləri pozmaq istəyilə müxtəlif yönümlü məqalələrlə çıxış ediblər. Lakin bu cəhdlər heç vaxt öz gözlənilən nəticəsini tapmayıb və bu "qara qüvvə"lər tərəfindən həyata keçirilən anti-Azərbaycan siyasəti fiaskoya uğrayıb. Növbəti həmlənin də məhz bu sonluqla başa çatacağı məlumdur. Çünki son nəşr olunan və adını çəkdiyimiz kitab heç bir reallığı özündə əks etdirmir.
Kitaba nəzərə salarkən orada çoxlu sayda ziddiyyət təşkil edən və yanlış fikirlərə rast gəlmək mümkündür. Bu isə, birbaşa olaraq, kitabın yanlış fikirlər üzərində qurulduğunu sübut edir. Belə olan təqdirdə, görəsən, Turqut Əri belə bir kitabla çıxış etməyə vadar edən nə olub? Onun Türkiyə-Azərbaycan dostluğuna xələl gətirmək istəyi, yoxsa anti-Azərbaycan mövqeyi? Bu gün Türkiyə ictimaiyyəti tərəfindən Türkiyə-Azərbaycan dostluğuna yüksək önəm verilir və bu sahədə ən yüksək səviyyədə əməkdaşlıq qurulur. İki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrindən hər iki tərəfdə razılıq nümayiş etdirilməkdədir.
Təsadüfi deyil ki, T.Ər Heydər Əliyevlə yanaşı, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəli də hədəfə götürür, onun fəaliyyətinə kölgə salan qərəzli iddialar irəli sürür. Turqut Ərin kitabını Azərbaycanda parlament seçkiləri ərəfəsində ortaya çıxması da təsadüfi xarakter daşımır. Dəfələrlə sübut olunub ki, Azərbaycanda keçirilən seçkilər zamanı bəzi xarici dairələr fəallaşır və ölkəmizin müstəqil, demokratik imicinə kölgə salmağa yönəlmiş ssenarilər həyata keçirməyə başlayırlar.
Belə olan təqdirdə, bu insanların ortaya çıxaraq, belə absurd fikirlərlə çıxış etməsi hansı məqsədi güdür. Axı bədənində türk qanı olan insan bu cür hərəkətlərə necə yol verə bilər? Bəlkə də heç onların qanı türk qanı deyil. Tarix boyu türk dünyasına, xüsusilə, Türkiyə-Azərbaycan dostluğuna xələl gətirmək istəyən qüvvələr olmuşdur və onlar bu gün də mövcuddurlar. Lakin onlar bir şeyi başa düşməlidirlər ki, bu dostluq möhkəm tarixi əlaqələrin üstündə qurulub.
T.Ərin öz mənşəyi ilə bağlı suala cavabdan yayınması olduqca maraqlı mətləblərdən xəbər verir. Onun babası və əmilərinin ermənilərlə döyüşlərdə həlak olduğunu deməklə vəziyyətdən çıxmaq cəhdi qeyri-səmimiliyin təzahürüdür. Təsadüfi deyil ki, T.Ər öz kitabında erməni mənbələrə istinad edir, onların Azərbaycana qarşı irəli sürdüyü mülahizələri əsas götürür, isbat olunmuş həqiqət kimi qələmə verir.
Turqut Ərin kitabından hissələrin məhz "Azadlıq" qəzetində dərc edilməsi də məqsədli niyyətlərdən xəbər verir. Xatırladaq ki, "Azadlıq" qəzetinin əsil rəhbəri Əli Kərimov parlament seçkiləri ərəfəsində ermənipərəst Qərb dairələri qarşısında müəyyən öhdəliklər götürmüşdü və həm seçkilər zamanı, həm də indi verilən tapşırıqları icra edir.
Eyni kökdən olan millətlərin arasına nifaq salmaq, onları bir-birindən ayırmağa nə turqut ərlərin, nə məhmət ali birantların nə də digər qüvvələrin gücü çatmaz. Heydər Əliyev şəxsiyyətinin fəaliyyətinə isə gölgə salmaq onu müxtəlif böhtanlarla ləkələmək isə heç mümkün deyil. Çünki O xalq tərəfindən seçilmiş və xalqın qarşısında gördüyü işlərlə öz təsdiqini tapmış unikal bir şəxsiyyətdir.
Türkiyə və Azərbaycan siyasətçiləri, ziyalıları, tanınmış ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələri həmişə türk dövlətlərinin inkişafında, onların arasında birliyin möhkəmlənməsində müstəsna xidmətləri olmuş tarixi şəxsiyyətlərə qarşı aparılan çirkin kampaniyaya qarşı çıxmış, iki qardaş xalq arasında nifaq toxumu səpmək cəhdlərinin qarşısını qətiyyətlə almışlar.
Ümumiyyətlə, Azərbaycanın və Türkiyənin xarici düşmənləri çoxdur. Bu səbəbdən də, mütamadi olaraq, ortalığa belə cəfəngiyyatların çıxması təəccüblə qarşılanmalı deyil. Hər iki ölkənin xalqı minillərin sınağından çıxmış qardaşlıq, birlik əlaqələrinə malikdir və bu qardaşlığı poza biləcək qüvvə yoxdur.