Almaniyada Dünya Azərbaycanlı Gənclərin I Konqresi keçiriləcək
Noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Dünya Azərbaycanlı Gənclərin I Konqresinə hazırlıqlar başa çatmaq üzrədir. Tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan gəncliyi Dövlət Proqramı"na uyğun olaraq keçiriləcək. Tədbirdə Azərbaycan dövlət və hökumət nümayəndələrindən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, Gənclər və İdman naziri Azad Rəhimovun, millət vəkillərinin, Nazirlər Kabinetinin əməkdaşının, Azərbaycan Respublikasının Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki fövqəladə və səlahiyyətli səfirlərinin, ölkəmizin Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçilərinin iştirakı gözlənilir. Konqresə dünyanın müxtəlif ölkələrindən 115 azərbaycanlı gənc, təxminən 40 diaspor təşkilatının rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən bir sıra gənclər təşkilatlarının rəhbərləri, eləcə də, xaricdə təhsil alan tələbələr, ayrıca olaraq, Almaniyada təhsil alan 40-dək azərbaycanlı tələbə və kütləvi informasiya vasitələrinin nümayəndələri qatılacaq. Bununla yanaşı konqresə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının - RAGT-nin (AMOR) böyük bir nümayəndə heyəti ilə qatılması nəzərdə tutulub.
Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir. İkigünlük tədbirin açılışı "The Westin Grand" otelində olacaq. Konqresin işi 4 paneldən ibarət nəzərdə tutulub. "Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gəncliyin rolu", "Mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu", "Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası", "İnsan hüquq və azadlıqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində" adlı panellərdə xaricdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması sahəsində gənclər təşkilatlarının rolu, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində azərbaycanlıların məruz qaldığı hüquq pozuntuları hallarının beynəlxalq məhkəmələrə çıxarılması perspektivi gənclər təşkilatının fəaliyyətinin prioritet istiqamətlərinin biri olması kimi məsələlər diqqətə çatdırılacaq. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında da ətraflı məlumat veriləcəkdir.
Tədbirdə, həmçinin, Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması ideyası müzakirə ediləcək. Konqresin sonunda yekun sənədlər qəbul olunacaq.