Seçkilərdə YAP-ın qələbəsini şərtləndirən amillər:
Builki parlament seçkiləri də Yeni Azərbaycan Partiyasının qələbəsi ilə tarixə düşdü. Milli Məclisə keçirilən dördüncü çağırış parlament seçkilərinə "Güclü dövlət, yüksək rifah" devizi altında gedən Yeni Azərbaycan Partiyasının budəfəki parlament seçkilərinin qalibi olacağı əvvəlcədən bəlli idi. Çünki YAP bu seçkilərdə qələbəsini təmin etmək üçün vacib olan işləri zamanında görmüşdü. 7 noyabr seçkilərinin nəticəsi də, seçicilərin seçiminin YAP olduğunu bir daha açıq şəkildə ortaya qoydu.
Məsələ orasındadır ki, uzun illərdən bəri Azərbaycanın siyasi meydanında adını "ana müxalifət" qoyan bir sıra partiyalar və onların "liderləri"nin yadına xalq və onun problemlərinin həlli hər beş ildən bir - prezident və ya parlament seçkilərinin vaxtı çatanda düşür. Amma heç bu da həmin partiyaların və onların "liderləri"nin guya xalqın problemləri ilə yaxından maraqlanmaq istəyindən irəli gəlmir. Sadəcə olaraq, hər seçkilər ərəfəsində ortaya çıxaraq "meydanda biz də varıq" demək müxalifət partiyalarının bir növ hobbisinə çevrilib. Təbii ki, bunun arxasında həm də seçkiləri bəhanə edərək beynəlxalq təşkilatlardan daha çox maliyyə yardımı qoparmaq maraqları dayanır. Yeni Azərbaycan Partiyası isə yarandığı gündən xalqa yaxınlığı, xalqla həmrəyliyi ilə seçilir. Bu baxımdan da YAP - ın seçkilərdə xalqın böyük əksəriyyətinin dəstəyini qazanması tamamilə gözlənilən idi. Başqa sözlə desək, artıq xalq "ağı qaradan seçməyi" yaxşı bilir. Odur ki, 7 noyabr parlament seçkiləri bəzi müxalifət partiyalarına və onların "liderləri" nə əvvəlcədən rüsvayçı məğlubiyyət vəd edirdi. Bu, elə parlament seçkilərinin birinci mərhələsində - imzatoplama kampaniyası dönəmində tam aydınlığı ilə ortaya çıxmışdı. Müxalifət düşərgəsinin təmsilçiləri arasında parlament seçkilərində iştirak etməyə və deputat mandatı qazanmağa iddialı şəxslər çox olsa da, onların əksəriyyəti namizədliklərini irəli sürmək istədikləri dairələrdə tələb olunan 450 imzanı toplaya bilməmişdilər. Bu da artıq bir reallıqdır ki, bir çox deputatlığa iddialı olan müxalifətçilərin seçkilərə qatılması məhz onların dairə seçki komissiyalarından götürdükləri imza vərəqələrini geri qaytarmamaları və ya imza toplaya bilməmələri səbəbindən mümkün olmadı.
Onu da qeyd etmək lazımdır ki, seçkilərə qatılan hər hansı siyasi partiyanın seçkilərdə öz qələbəsini təmin etməsi üçün əsas faktor xalqın dəstəyi olsa da, seçkilərdə qələbənin təmin olunması üçün digər zəruri faktorlar da var. Bunların sırasında seçkilərə qatılan və qələbə əldə etmək istəyən siyasi qüvvələrin seçkilərlə bağlı hansı siyasi texnologiyalardan istifadə etmələri də mühüm əhəmiyyət kəsb edir. Bu, təkcə Azərbaycanda deyil, dövlətçilik tarixi daha böyük olan ölkələrin praktikasında da dəfələrlə öz təsdiqini tapıb.
Yeni Azərbaycan Partiyası istisna olmaqla, demək olar ki, bu vaxta qədər heç bir siyasi partiya seçkilərlə bağlı yeni texnologiyalardan istifadə etməyib. Müxalifət düşərgəsində təmsil olunan müxalifət partiyaları, hər seçkilərdə olduğu kimi, 7 noyabr parlament seçkilərində də yenidən küçə yürüşləri "taktikasına" istinad edərək, öz opponentlərinə əsassız ittihamlar irəli sürməklə xalqa bir daha hər hansı yenilikləri təqdim etməyə qadir olmadıqlarını bir daha ortaya qoydu. Çünki istənilən seçkilər ərəfəsində yeni siyasi texnologiyaların tətbiqinin seçki prosesinin nəticələrinə hansı şəkildə təsir edəcəyini bir çox hallarda əvvəlcədən proqnozlaşdırmaq mümkün olmur. Bu baxımdan da hansısa yeniliklərin gətirilməsi bir qədər risqli məsələ sayılır. Azərbaycandakı siyasi partiyalar arasında yeganə olaraq bu vaxta qədər keçirilən seçkilərdə yeni texnologiyalardan istifadə edən Yeni Azərbaycan Partiyasıdır. 7 noyabr parlament seçkiləri ilə bağlı da YAP Azərbaycanda keçirilən seçkilərin tarixinə bir sıra yeniliklər gətirdi. Builki parlament seçkiləri ilə bağlı YAP-ın deputatlığa namizədlərinin təşviqat kampaniyaları zamanı həmin texnologiyalardan istifadə edilməsi isə son nəticədə YAP-ın seçkilərdən qalib xalqın partiyası kimi çıxmasına öz təsirini göstərdi.
Seçkilərdə YAP-ın qələbəsini şərtləndirən başlıca faktor isə, təbii ki, bu vaxta qədər bu partiyanın rəhbərliyinin xalq qarşısında verdiyi vədlərin həyata keçirilməsidir. YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, Azərbaycan iqtisadiyyatının yüksələn xətlə inkişaf etməsi, regionların sosial - iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi nəticəsində işsizliyin aradan qalxması və yoxsulluğun səviyyəsinin qısa müddətdə 49%-dən 11%-ə qədər azalması, Azərbaycan Ordusunun regionda ən böyük potensiala malik orduya çevrilməsidir. Bundan başqa Azərbaycanın beynəlxlq təşkilatlarda mövqeyinin və nüfuzunun güclənməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ortaya qəti və sərt mövqenin qoyulması və digər bu kimi işlərin görülməsi, təbii ki, Azərbaycan xalqının həlledici seçimi zamanı öz sözünü deyir. 7 noyabr parlament seçkilərinin nəticəsi də bunu bir daha təsdiqlədi. Azərbaycan xalqının böyük əksəriyyətinin Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın deputatlığa namizədlərinə səs verməklə, YAP-ın Azərbaycanda xalqın inam və etimadını qazanmış yeganə partiya olduğunu bir daha ortaya qoydu.